Neyləyirsiniz kitabları – yandırın!

Cəmiyyət

31.08.2021 - 23:25

Və ya evsiz kitablılarla evli kitabsızların fərqi

 

Ara-sıra insan həyatları ilə bağlı videomateriallar adamın marağına səbəb olur. Amma söhbət əlbəttə ki, bizim telekanallardakı kimi məişət problemlərindən, yalan-doğru mövzu qəhrəmanlarından getmir. Kişilər evdən qaçan həyat yoldaşı axtarışındadır, qadınlar uşaqlarını atıb, indi ana olduğunun fərqindədirlər və başqa bunabənzər ailə dəyərlərinin acınacaqlı vəziyyətini göstərən mənzərələr.

 

Dəfələrlə əcnəbi TV-lərdə ABŞ-da, Avropa ölkələrdə küçə həyatı ilə bağlı verilişlərə baxmışam. Bu yaxında Nyu-York küçə adamlarının həyat hekayələri çox marağıma səbəb oldu. “Küçə adamı” ifadəsi bizdə təhqiramiz söz birləşməsi kimi işlənir, bunu deyənin dərisini boğazından çıxarılan anlar da ola bilir. Maraqlısı ondadır ki, xaricdəki küçə adamlarının bizim “bomj” dediklərimizdən də fərqləri ortaya çıxır - kitaba sarılma fərqi.

 

Əcnəbinin “küçə adamı” dediyi insanların çoxu evsiz (homeless) insanlardır. Vaxtilə ev-eşik sahibi olub sonra itirən, başqa sözlə, “kef”indən küçə həyatını seçməyənləri daha çoxdur. İndi deyəcəklər ki, əcnəbi “bomj”un da vəkilliyini edirəm. Xeyr! Dediyim kimi, baxdığım verilişlərdən bu qənaətə gəlmişəm. Nyu-Yorkda yaşayan küçə insanlarının həyatlarını araşdıran Ceyms adlı aparıcı reallığı görmək və bu “həyat”ın içinə daxil olmaq üçün bir sutka ərzində onlardan biri olmaq qərarına gəlir. Nəticə onun özü kimi, tamaşaçını da məəttəl qoyur.

 

Ceymsin oturub-durduğu, yoldaşlıq etdiyi küçə adamlarının çoxu yüksək intellektual səviyyəyə (bizdə belələri nadirən olur) malik insanlardır. Sadəcə həyatın hansısa mərhələsində yanlışı və səhvi ucbatından bu vəziyyətə düşüb. Ən maraqlısı - bu insanlar qazandıqları qəpik-quruşun bir hissəsini kitaba xərcləyirlər. Aparıcı bir neçəsinə bu sualı ünvanlayır: “Kitab oxumaq bu qədər vacibdir?”. Maraqlı cavablar gəlir: “Kitabda öz obrazımın axtarışındayam”; “Kitab siqaret kimi bir vərdişdir, amma xeyirli vərdiş”; “Kitab oxumaq həyatda vaz keçmədiyim yeganə doğru məşğuliyyətimdir”... Oxuduğu kitablarını dəyər-dəyməzə satanlar da az deyil.

 

İndi bu kitab məsələsini vurğulamağımın məğzi var. Kitabla yatıb-qalxan insan heç vaxt kasıb, evsiz, dövlətsiz ola bilməz. Təəssüf ki, indi ölkədə pullu insanlar elə kitabsız insanlardır. Kitab üzü açmayanlar,  ölkəsinin xəritədə hansı bölgəyə aid olduğunu da bilməyənlər, hər fürsətdə savadsızlıqları ilə özlərini rüsvay edənlərdir.

 

“Diplomu” ilə fəxr edib, səviyyə ilə savadın, biliklə dünya görüşünün yerini dəyişik salan kütlə ilə üz-üzə qalmışıq. O kütlə ki, kələk-küləklə, kiminsə haqqını yeyib, kitabsızca yığdığı 10 min manat pulunu bir dəfə kitab üzünü açmayan “müğənni”yə verib toyuna çağırır.

 

Sevmədiyim bir “kəlam” var: “İndi belələrinin dövranıdır”. Həmin “belələri” həyatımızı çətinləşdirən, bizi çıxa bilmədiyimiz labirintə soxanlardır.

 

Problem o zamandan başladı ki, kitab oxumamaq, savadlı olmamaq üçün rüşvət toxumu əkildi. İndi bu ucsuz-bucaqsız rüşvət, “şirinlik” “plantasıyası”nın içində qalmışıq. Bilmirik, kitabsızlarla necə mübarizə aparaq, mübarizəni haradan başlayaq və “plantasiya”nı hansı tərəfdən qurudaq.

 

Kitaba verilən pulu əlli dəfə ölçüb-biçənlər, dırnaq qaynağına xərclədiyi pulu önə atan analar, övladına kitab almamaq üçün saysız bəhanələr gətirən atalar... O qədər çoxdurlar ki... İllərdir onların “uğurlu” fəaliyyətinin nəticəsidir ki, hələ də yaxşı həkim, yaxşı usta, yaxşı dülgər axtarışdayıq. Təəssüf ki, həmin o yaxşıların çoxu bu gün öz işi ilə yox, ticarətlə məşğul olur, mağazada belə, kitab oxumağı tərgidə bilmir.

 

Və məmləkətdə bütün işlərin baş-ayaq olma səbəbləri yenə də kitab oxumağa dirənir. Vakansiyaya sənəd verənin CV vərəqəsində “hobbi” yerində “kitab oxuyuram” sözlərinin də kökü kəsilib. Nəsli kəsilməkdə olan “hobbi”yə çevrilib. Nəsli kəsilməkdə olan kitabxanalar kimi.

 

Mən ictimai nəqliyyatda birinin kitab oxuduğunu (təəssüf ki, qəzət deyə bilməyəcəyəm, çap mediasının canını elə alıblar ki, dirilə bilmir) görəndə bundan xoşbəxt olan adamam. Belə bir deyim var: heyvan sevən və kitab oxuyan insandan kimsəyə zərər gəlməz. Ona görə yox ki, onun ağlından pislik etmək keçmir, ona görə ki, o, etdiyinin nəticəsini yaxşı bilir. Və yaxud qəlbində Allah xofu ilə yanaşı, kitab sevgisi var.

 

Kitab oxumağın göz (görmək), qulaq (oxuyarkən dinləmək), beyin yaddaşı kimi bir xüsusiyyəti var. İnsanların çoxu niyə çox şeyi indi eşitməzlikdən, görməzlikdən gəlir? Ünsiyyət mədəniyyəti 0-a enib. Baxın, səbəb dediyimdir. Həyatını baxdığı serial və lazımsız şou verilişlərə həsr edənlərin də çirkin “tiktok” videoları ortaya çıxır.

 

Və nəhayət. Bu gün hələ də fırıldaqçı çadu-piti edənlərın, yalançı imamların yanına gedənlərin nəzərinə. Çox yazıqsınız və zavallısınız!!!

 

Sonuncu həbs edilən “imam”ın qurbanlarının söhbətləri onu göstərir ki, ölkədə hökm sürən cəhalətin tək səbəbkarları təhsili və kitabxanaları viran qoyanlardır. Baxın, 420 min manat pulunu axirəti gözəl olsun deyə fırıldaqçı “imam”a yedirdən biznesmenin kitab oxuduğuna heç inanarsınızmı? Dönə-dönə xəbərə baxıb, oxuyub deyirsən ki, İlahi, bu 21-ci əsrin Azərbaycanındamı baş verir? Sabirin, Axundovun göru çatlamasın, neyləsin? Bu kişilərin günahı nədir ki, bir əsrdən çoxdur, ruhlarına fatihə oxuya-oxuya onları dəng etmişik? Bəlkə də bu cəhalətin davamı olmasaydı, onaları heç xatırlamazdıq da... Bəlkə yandıraq bütün kitabları? Axı nəyə gərəkdir?!

Müəllif: Raminə Eyvazqızı

Ramanada faciə

Dünən, 17:26 Hadisə