Nazirlik oduncağa əlavə ehtiyacı olan vətəndaşlara müraciət edib

Xəbərlər

24.12.2020 - 19:57

Nazir müavini: “Özbaşına meşələrə üz tutmasınlar, ağacları zədələməsinlər”

 

Əhalinin yanacaq odununa olan tələbatını təmin etmək məqsədilə regional meşə təsərrüfatı mərkəzlərinin xidməti ərazilərində aparılan oduncaq tədarükü başa çatıb.  Rayon icra hakimiyyətlərinin bölgüsü və müvafiq qurumların sifarişi əsasında Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının hərbi hissələri, Təhsil, Səhiyyə nazirliklərinin müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin oduna olan tələbatı tam təmin olunub.

 

AYNA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, regional meşə təsərrüfatı mərkəzlərində bugünədək ölkə üzrə ümumilikdə 67295 m3 həcmində oduncaq tədarük edilərək dəyəri ödənilməklə ehtiyacı olan əhaliyə və təşkilatlara verilib.

 

Nazir müavini oduncağa əlavə ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün özbaşına meşələrə üz tutmamağı, qaydalar çərçivəsində regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi  tövsiyə  edib: “Əhalidən xahişimiz odur ki, özbaşına meşələrə üz tutmasınlar, ağacları zədələməsinlər, ağac kəsərək meşələri məhv etməsinlər. Əlavə oduncağa ehtiyacınız yaranarsa, mütləq qaydada regional meşə təsərrüfatı mərkəzlərinə müraciət edin. Mərkəzlərdə oduncaq ehtiyatı var”.

Müəllif: Ayna.az