"Şagirdlərin teledərslərə baxması onlara mövzuları müstəqil mənimsəməyə çox böyük imkanlar yaradıb"
Təhsil sahəsində həyata keçirilən standartlar bütün siniflərdə şagirdlərin bacarıqlarının formalaşdırlmasına yönləndirilib. AYNA xəbər verir ki, bunu Operativ Qəragahın brifinqində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.
“Onlayn tədris imkanları olmayanların nəzərinə çatdırmaq istəyirəm ki, mart ayının 11-dən etibarən teledərslərə start verilib və teledərslər orta məktəb proqramının hər bir mövzusunu tədris etməyə yönəlib. Bundan başqa, aprel ayından etibarən istifadəyə verilən virtual məktəb platformasında dərslər yalnız teledərslərdə keçirilən dərslərin yönləndirilməsinə köklənib”.
M.Vəliyeva teledərslərlə onlayn dərslər arasında sinxronlaşdırılma aparıldığını da bildirib: “Bunu bilmək çox vacibdir ki, şagirdlərin teledərslərə baxması onlara mövzuları müstəqil mənimsəməyə çox böyük imkanlar yaradıb. Çünki teledərslərdə müəllimlər dərsləri proqram üzrə ayrı-ayrılıqda izah edirlər. Bundan başqa, 9 və 11-ci ci sinif şagirdlərinin müstəqil işləmə vərdişlərinin kifayət qədər formalaşdığını nəzərə alaraq, düşünürəm ki, buraxılış imtahanlarına məsuliyyətlə yanaşan hər bir şagirdin öyrənmə ehtiyacları tam təmin olunur”.