Narkotik satan “Prius” sürücüsü saxlanılıb

Xəbərlər

02.06.2023 - 12:18

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib.

Araşdırma zamanı müəyyən edilib ki, K.İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az