2719 nəfər ölüb, 4500-dən çox insan yaralanıb: 440-dan çox insan itkin düşmüş hesab olunur
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2719-a çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyasının (CCTV) yayımladığı məlumatda qeyd olunub.
"Myanma rəhbərliyi zəlzələ qurbanlarının xatirəsini anma mərasimində bildirib ki, güclü zəlzələ nəticəsində 2719 nəfər ölüb, 4500-dən çox insan yaralanıb. 440-dan çox adam itkin düşmüş hesab olunur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, martın 28-də Myanmada iki güclü zəlzələ baş verib. Nəticədə evlər, yollar və digər infrastruktur obyektləri dağılıb. Baş nazir Min Aunq Hlainq zəlzələ qurbanları üçün bir günlük matəm elan edib.
Martın 31-nə təbii fəlakət qurbanlarının sayı 2056 nəfər olub. İki yüzdən çox adamın itkin düşmüşlər siyahısında olduğu dəqiqləşdirilib.