Myanma hərbçiləri 23 mindən artıq məhkumu əfv edəcək

Dünya

12.02.2021 - 08:37

Əfv qərarı 55 əcnəbiyə də şamil ediləcək

 

Myanma hərbçiləri 23 mindən artıq məhkumun əfv olunacağını bəyan ediblər.

 

AYNA bildirir ki, bu barədə “Reuters” agentliyi ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı general Min Aun Hlaynın bəyanatına istinadən xəbər verib.

 

Bəyanatda bildirilir ki, məhbusların əfv edilməsi haqqında qərar ölkənin “məhbusları ləyaqətli vətəndaşlara çevirmək və cəmiyyəti məmnun etmək üçün sülh, inkişaf və nizam-intizam vasitəsilə yeni demokratik dövlət qurması” fonunda qəbul edilib.

 

Dəqiqləşdirilir ki, əfv 23 314 məhkuma, o cümlədən 55 əcnəbiyə şamil ediləcək.

 

Qeyd edək ki, fevralın 1-də Myanma hərbçiləri çevriliş edərək hakimiyyəti ələ alıb və ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Onlar bunu noyabr ayında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah edib. Prezident Vin Myin, dövlət katibi (faktiki Myanmanın Baş naziri) Aun San Su Çji də daxil olmaqla, 30-a yaxın şəxs saxlanılıb. Ölkədə internet fasilələrlə işləyir, dövlət telekanallarının yayımı dayandırılıb.

Müəllif: Ayna.az