Səfir: "Təsdiq edə bilərəm ki, nümayəndə heyətlərinin növbəti danışıqları çox yaxın vaxtlarda Moskvada baş tutacaq"
Yaxın vaxtlarda Moskvada Rusiya və ABŞ arasında diplomatik danışıqların yeni raundu keçiriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı yeni səfiri Aleksandr Darçiyev bildirib.
Ona ABŞ-ın hazırkı administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazır olması ilə bağlı bəyanatlarını konkret addımlarla dəstəkləyib-dəstəkləməməsi, həmçinin iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin növbəti raundunun nə vaxt və harada keçiriləcəyi ilə bağlı sual verilib. Səfir cavabında bildirib: “Mən artıq dedim ki, Rusiya-Amerika münasibətlərinin bərpası hələ çox uzaqdadır və prosesin özü də çətindir. Bunu təkcə “dərin dövlət” timsalında Ağ Evin əleyhdarları deyil, həm də sabit anti-Rusiya lobbisinin formalaşdığı Konqresdəkilər ləngidir”.
"Lakin əhəmiyyətlidir ki, kifayət qədər irəliləyiş var və bu, bu il aprelin 10-da İstanbulda keçirilən məsləhətləşmələrin sonuncu raundu zamanı qəbul edilən məsləhətləşmələrin paytaxtlara köçürülməsi ilə bağlı ilkin qərar kimi nəzərə çarpan nəticə ilə ölçülür", - o vurğulayıb.
"Təsdiq edə bilərəm ki, nümayəndə heyətlərinin növbəti danışıqları çox yaxın vaxtlarda Moskvada baş tutacaq", - səfir əlavə edib.
Qeyd edək ki, fevralın 27-də və aprelin 10-da İstanbulda Rusiya Federasiyası və ABŞ səfirliklərinin işinin normallaşdırılmasına və iki ölkə arasında münasibətlərdə “qıcıqlandırıcıların” aradan qaldırılması yollarının müzakirəsinə həsr olunmuş danışıqlar aparılıb. Məsləhətləşmələrin birinci və ikinci raundlarında Rusiya nümayəndə heyətinə Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edib. Birinci raunddan sonra Amerika tərəfi Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsi ilə bağlı nota təqdim edib. İkinci raundun yekunları üzrə tərəflər diplomatik nümayəndəliklər üçün maneəsiz bank xidmətlərinin təmin edilməsinə dair sazişlə nota mübadiləsi aparıb, diplomatların gediş-gəliş rejiminin və onların viza rəsmiləşdirilməsinin asanlaşdırılması üzrə gələcək tədbirlər haqqında razılığa gəliblər. Darçiyevin sözlərinə görə, Moskva ABŞ-da müsadirə edilmiş Rusiya diplomatik əmlakının tezliklə geri qaytarılmasının prioritetini vurğulayıb.