Molla rejiminin qələbəsi, yoxsa nisbi sakitlik – Tehran unudulmağa çalışır

Siyasət

01.03.2023 - 14:22

Akademik: “İran vətəndaşları bu qaydalarla idarə olunmaq istəmirlər, etirazlar davam edəcək”

Politoloq: “İran dövlətinin yaşayacağına ümidlərin qalmadığı fikrindəyəm”

2017-ci ilin dekabr, 2018-ci ilin yanvar və 2019-cu ilin noyabr aylarında təhlükəsizlik qüvvələri tərəfindən yatırılan etirazlardan sonra, 2022-ci ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsi davamlı kütləvi aksiyaların başlanğıc nöqtəsi oldu. Molla rejimi etirazları yatırmaq üçün çeşidli repressiyalar həyata keçirsə də, yekunda geri çəkilməyə məcbur oldu. Əxlaq polisi adlı mürtəce qurum ləğv edildi, İran Prezidenti İbrahim Rəisi etirazçıların tələblərinin həyata keçiriləcəyini bəyan etdi. Ölkəboyu islahatlar aparılacağının anonsunu verdi.

Son aylar isə İranda başlayan kütləvi etirazlar səngiyib. Bir çoxları bunun müvəqəqqəti xarakter daşıdığını düşünsələr də, əks qənaətdə olanlar, molla rejiminin təşəbbüsü ələ aldığını söyləyənlər də mövcuddur. İkincilərin iddiasına görə, İran rejimi kütləvi nümaiyşlərin bitməsindən sonra etirazçılara qarşı repressiya siyasətini artıracaq.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva AYNA-ya açıqlamasında deyib ki, İrandakı etirazların qarşısını almaq mümkün olmayacaq: “İlk növbədə ona görə ki, bu etirazları doğuran səbəblər aradan qalxmayıb. İranda etirazçılar sosial, iqtisadi, siyasi problemlərə və insan hüquqlarının pozulmasına etiraz edirlər. Çox təəssüf ki, İran rejimi vətəndaşlarının hüquqlarını pozmaqda davam edir. Məhsa Əmininin əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyaları bitməyəcək”.

“Bundan öncə də müxtəlif illərdə dəfələrlə oxşar etiraz aksiyaları keçirilib. Misal üçün, 2017-ci ilin dekabrında Məşhəddə və Xorasan əyalətinin böyük şəhərlərində hökumət əleyhinə başlayan və 2018-ci ilin yanvar ayının əvvəllərinə kimi davam edən etiraz aksiyaları, 2019-cu il noyabrın 15-də bütün İranda hökumət əleyhinə yönəlmiş etiraz aksiyalarından ibarət formalaşan xalq hərəkatı və s. buna misaldır. İran rejimi bu etirazların qarşını alsa da, bir müddət sonra əhali yenidən etirazlara başlayıb”, - deyə mütəxəssis bildirib.

Şərqşünas alimin sözlərinə görə, artıq hökumətin etirazların qarşısını almaq səyləri də nəticəsiz qalır: “Bu baxımdan onlar özləri də düşünürlər ki, müəyyən güzəştlərə getsinlər. Əks halda, ölkə daxilində vəziyyətin yenidən kəskinləşəcəyindən ehtiyat edirlər. Digər tərəfdən isə etirazçılara meydan tanımaq istəmirlər. Bu etirazların nəticəsində hakimiyyət dəyişikliyinin olacağından təşvişə düşürlər”.

Həmsöhbətimiz qeyd edib ki, İranda və Yaxın Şərqdə qadın məsələsi ABŞ-dakı irq böhranı ilə müqayisə olunur: “O mənada ki, İranda qadınlara göstərilən zülmün şiddəti oradakı irqi zülmlə eyni səviyyədə dəyərləndirilir. XXI əsrdə qadınları başını bağlamadıqlarına görə edam etmək, korrupsioner sistemin təmsilçilərinə qarşı isə dözüm nümayiş etdirmək sosial partlayışa səbəb olmalı idi və oldu da”.

“Artıq İran vətəndaşları bu qaydalarla idarə olunmaq istəmirlər. Ya İran rejimi bunu nəzərə alacaq, ya da daha kəskin etirazların başlamasına zəmin yaradacaq. O ki qaldı İranda yaşayan soydaşlarımıza, onlar da digər İran vətəndaşları kimi, iqtisadi, sosial, siyasi və mədəni böhrana etiraz edirlər. İranda yaşayan digər millət və xalqlarla yanaşı, azərbaycanlıların da hökumətə qarşı yönəlmiş narazılıqları eyni ümumi siyasi, iqtisadi, sosial və psixoloji köklərə malikdir. İranda azərbaycanlıların hüquqları kobud sürətdə pozulur. Soydaşlarımız ana dilinidə təhsil almaq hüququndan məhrum ediliblər. Onlara öz dilində yazıb-oxumaq imkanı yaradılmır. İran rejimi məqsədli şəkildə onları assimilyasiyaya məruz qoyur”, - deyə Baxşəliyeva söyləyib.

İrandakı etirazları AYNA-ya şərh edən politoloq Xəqani Cəfərli hesab edir ki, İran rejimi islah olunmaq niyyətində deyil: “İrandakı kütləvi etirazlardan sonra hökumət islahatlara gecəcəyini bəyan etdi. Əslində isə molla rejimi islahat aparmaq iqtidarında deyil. Çünki islahatlar üçün daxili və xarici amillər uyğun olmalıdır. Əvvəllər sosial-iqtisadi tələblər, sonra insan hüquqlarının təmin olunması, rejim daxilində dəyişiklərlə bağlı şüarları eşidirdiksə, indi proseslər fərqli müstəviyə keçib. “Azadlıq, ədalət, milli hökumət!” aparıcı şüara çevrilirsə, bu, xalqın böyük hissəsinin rejimdən ümidini kəsdiyini göstərir”.

“Hətta İran dövlətinin yaşayacağına ümidlərin qalmadığı fikrindəyəm. Çünki “Azadlıq, ədalət, milli hökumət!” özünün milli müqəddəratını təyinetmə şüarıdır. İranın parçalanması prosesinin qarşısını ala bilməyəcəklər”, - deyə müsahibimiz bildirib.

Onun fikrincə, İranda kütləvi etirazlar dayansa da, bu, uzun müddət davam etməyəcək: “Hesab edirəm ki, etirazlar davam edəcək. Həm İranın daxilindən, həm də xaricdən İrana güclü təzyiqlər olacaq. ABŞ və İsraildə keçiriləcək seçkilərdən sonra İranla bağlı qəti addımlar atılacağı qənaətindəyəm. Qərbin Rusiyadan sonra növbəti hədəfi İran olacaq. Bunu Tehranda da bilirlər. Elə bu səbəbdən də repressiv üsullarla kütləvi etirazların qarşısını almaq istəyirlər”.

“Molla rejimi sona qədər dirəniş göstərəcək. Lakin bu müqavimət nəticəsiz qalacaq. Əxlaq polisi adlı mürtəce qurumu ləğv etdikləri kimi, digər məsələlərdə də geri addım atacaqlar. Nəticədə isə məğlub olacaqlar. Bu, çox da uzaq olmayan gələcəkdə baş verəcək”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev