Moldovada “Patriot” qurulur: zərərli təbliğatla mübarizə aparılacaq

Dünya

29.05.2023 - 12:27

Qanun layihəsi yaxın həftələrdə Moldova Parlamentinə təqdim olunacaq

Moldova Prezidenti Maya Sandu ölkədə təbliğatla mübarizə mərkəzinin yaradılmasını təklif edib. AYNA “Sputnik Moldova”ya istinadən xəbər verir ki, Prezident bu barədə qərarını brifinq zamanı bildirib.

Moldova lideri yeni quruma “Patriot” adının verilməsini, dövlət orqanlarının koordinasiyasını onun vəzifələrinə daxil etmək istəyir: “Bu gün mən Moldovaya zərərli təbliğatla mübarizə aparacaq və vətəndaşlarımızı manipulyasiya, davamlı təbliğat hücumlarından qoruyacaq bir agentlik yaratmaq üçün qanunvericilik təşəbbüsü elan edirəm”.

Mərkəzin əsas vəzifələrinə etibarlı məlumatların geniş auditoriyaya çatdırılması, vətəndaşlarla davamlı dialoqun təmin edilməsi, cəmiyyətin dezinformasiya qarşısında dayanıqlığının artırılması daxildir.

“Patriot” həmçinin dezinformasiya ilə bağlı riskləri müəyyənləşdirəcək və aradan qaldıracaq.

Müvafiq qanun layihəsi yaxın həftələrdə Moldova Parlamentinə təqdim olunacaq.

Bundan əvvəl Sandu bəyan edib ki, Moldova müxalifəti, o cümlədən Şor Partiyası Rusiya ilə təmasdadır və respublikada sabitliyi pozmağa çalışır. Eyni zamanda, ölkə başçısı Moldova əhalisini dezinformasiyadan və Rusiya təbliğatından qorumağa çağırış edib.

Müəllif: Ayna.az