Qırğızıstanın Əməkdar hüquqşünası Avropa İnsan Haqları Məhkəməsi və BMT-yə müraciət edib
Qırğızıstan Respublikasında yaşayan Azərbaycanlıların Azəri İctimai Birliyi Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməyi istəyir. Bu barədə bəyanat Qırğızıstanda "Azəri" İctimai Birliyinin sədri, Qırğız Respublikası Baş Prokurorluğunun fəxri işçisi, ədliyyə polkovniki və Qırğızıstanın əməkdar hüquşünası Əzizağa Əliyev tərəfindən verilib.
Təşkilatdan AYNA-ya verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi 10 noyabr 2020-ci ildə imzalanan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli Birgə Bəyanatın kobud şəkildə pozulmasıdır: “Bu razılaşma Ermənistanla Azərbaycan arasındakı düşmənçiliyə son qoymağa yönəldilən bir sənəd idi. Hazırda Azərbaycan Respublikası azad edilmiş torpaqlarında təhlükəsizlik və dinc həyatın təmin olunması üçün hər cür səy göstərir. Bununla belə, məcburi köçkünlər ərazilərdə hələ də minaların olduğu üçün evlərinə qayıda bilmirlər”.
“Minalanmış ərazilərin xəritəsini təqdim etməmək müharibə cinayətidir. Qarabağ müharibəsinin bitməsindən bəri 7 ay ərzində bu ərazilərdə onlarla dinc sakin artıq minaların qurbanı olub. 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluk kəndi ərazisində, azad edilmiş ərazilərdə çəkiliş aparan Azərbaycan Televiziyası və Azərbaycan Dövlət Xəbər Agentliyi (AzərTAC) əməkdaşları minanın partladılması nəticəsində şəhid olublar. Ermənistan rəhbərliyinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi, geri çəkilmə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərinin minalanması və təxribat qrupları vasitəsi ilə minaların yerləşdirilməsi, daha çox insanın ölümünə yol açan yeni münaqişə ocaqlarının yaradilmasına gətirib çıxara bilər. Biz Qırğızıstan azərbaycanlıları göstərilən bölgədəki mövcud vəziyyətdən narahatıq və təəssüf edirik ki, minalanmış ərazilərin xəritələrini təqdim etmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməməsi səbəbindən qurbanların sayı hər gün artır və bu baxımdan Ermənistan rəhbərliyi tərəfindən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsi üçün əlaqədar beynəlxalq təşkilatlardan insan hüquqları rəşkilatlarını təsirli tədbirlər görməyə çağırırıq. Əks təqdirdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan daha da çətin vəziyyətdə qalacaq. Razılığa gəlmələri Azərbaycanın yaratdığı yeni real imkanlardan istifadə etmək deməkdir və qarşı tərəf bu son fürsətini qaçırmamalıdır”, - deyə sənəddə qeyd edilib.