Deputatlar dövlət büdcəsinin icrası ilə bağlı layihəni birinci oxunuşda qəbul ediblər
Bu gün Milli Məclisin yaz sessiyası üzrə son plenar iclası keçirilib. İclasın gündəliyinə daxil olan 9 məsələ müzakirə olunub. Toplantıda əvvəlcə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri bildirib ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat, xərcləri 36 milyard 458,5 milyon manat təşkil edib: “Ötən il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda qlobal iqtisadiyyatın zəif bərpası ilə xarakterizə olunub. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, qlobal iqtisadi artım 2023-cü ildə 3,2 faiz olmaqla gözləntiləri üstələsə də, bu 2022-ci ildə qeydə alınmış göstəricidən 0,3 faiz bənd azalıb. Beynəlxalq ticarətin artım tempi zəifləmiş, ölkələrdə iqtisadi aktivlik əsasən daxili tələb amilləri hesabına təmin edilmişdir. 2021-ci ildə 11%, 2022-ci ildə 5.6% artan beynəlxalq ticarət 2023-cü ildə cəmi 0.3% artıb”.
Komitə sədri: “Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb”
“Komitə sədri qeyd edib ki, 2023-cü ildə dünyada orta illik inflyasiya əvvəlki ilə nisbətən 1.9 faiz azalaraq 6.8 faiz təşkil edib. Azərbaycanda orta illik inflyasiya isə 10.4 faizlik proqnoza qarşı 8.8 faiz təşkil edib. İnflasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8 faiz artıb. Təhlillər göstərir ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb. 2023-cü ildə müxtəlif markalar üzrə 1 barel neftin orta qiyməti 80,9 ABŞ dolları olmuş, əvvəlki ilə nisbətən 16,8 ABŞ dolları ucuzlaşıb. Dünya Bankının hesablamarına görə neftin qiymətinin 10 faiz artması, bir il ərzində qlobal inflyasiyanı 0,35 faiz bəndi artırır. Qeyd edim ki, Azərbaycanda 2023-cü ilin büdcə zərfində neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, "Azeri Light" neftinin bir barelinin orta illik qiyməti keçən il 86.1 dollar olub. Yəni ki, 43.5 faiz çox olub. Hesabat ilində dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5 faizə bərabər olub. Müqayisə üçün qeyd edim ki, ölkəmizdə Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd az olub. Dünya üzrə dövlət borcunun ÜDM-ə nisbətində artım müşahidə olunumuş, 2023-ci ildə də bu göstərici 93.2%, next ixrac edən ölkələrdə isə 50.8% olmuşdur.Müqayisə üçün qeyd edim ki, Azərbaycanın cari ilin əvvəlinə olan dövlət borcu 26 850.4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü ildəki ÜDM-ə nisbəti 21.8%-ə bərabər olub”, - deyə Mirkişili vurğulayıb.
“Ötən il hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb”
Komitə sədri qeyd edib ki, qlobal geosiyasi çağırışlara rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib:
“Yeni reallıqlar müstəvisində 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil etmişdir. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. 2023-cü ildə əsas kapitala yönəldilən vəsaitinməbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil etmişdir. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşmış, 6,3 milyard manatı (30,9 faiz) neft, 14,0 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilmişdir. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb. Təqdim edilmiş məlumatlara görə 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb. Əlverişli beynəlxalq konyuktur tədiyyyə balansının cari əməliyyatlar balansında əvvəlki illərdə olduğu kimi 8.3 mlrd dollar həcmində profisit formalaşdırıb”.
Ötən ilin büdcənin gəlirlərinin 45 faizdən çoxu vergi orqanlarının xətti ilə formalaşıb
“Ötən ilin dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18,0 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür. Dövlət büdcəsi gərlilərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17 080.0 milyon manat təşkil etmişdir ki, bu da proqnozdan 1 129.2 milyon və ya 7.1% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulumuş 47.5 faizdən 48.5 faizədək artıb. Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 18 156.4 milyon manat olmuşdur ki, neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi nəzərdə tutulumuş 52.5 faizdən 51.5 faizədək azalıb. 2023-ci ildə vergi orqanları xəttilə dövlət büdcəsinə daxilolmalar 16 126.7 mln manat olmuşdur ki, bu da təsdiq edilmiş proqnozdan 1 139.7 milyon manat çoxdur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 60,2 faizi qeyri-neft sektorunun, 39,8 faizi neft sektorunun payına düşüb. Qeyd etmək istərdim ki, Vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə daxilolmaların həcmi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 572 milyon manat artmış, dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi isə 26.5 faizdən 27.6 faizədək yüksəlib”, - deyə komitə sədri vurğulayıb.
Deputatdan narazılıq: “Mədəniyyət və incəsənət sahəsində işləyənlərin maaşı azdır”
Müzakirə zamanı deputat Fazil Mustafa mədəniyyət sferasında çalışan şəxslərin maaşlarının az olduğundan şikayətlənib. Onun sözlərinə görə, mədəniyyət sahəsində işləyənlər üçün büdcədən ayrılan vəsaitlər azdır: “Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan 198 milyon manatlıq vəsait azdır. Mədəniyyət sahəsində işləyən insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır. Düşünürəm ki, büdcədən bu sferaya maliyyənin artırılmasına böyük ehtiyac var”.
“Biz bütün bu prosesi öz dövlət büdcəmiz hesabına maliyyələşdiririk və icra edirik”
“Keçən il qeyri-stabil qlobal mühitdə Azərbaycan barmaqla sayıla biləcək ölkələrdən oldu ki, makroiqtisadi sabitlik təmin edildi və bütün dünyanı cənginə alan inflyasiya ölkəmizdə minimum göstəricilərlə özünü göstərdi. 2023-cü ildə dövlət büdcəsinin yönəldiyi prioritet istiqamətlərdən biri işğaldan azad edilmiş torpaqlarda yenidənqurma prosesi, Böyük Qayıdışın sürətləndirilməsidir. Biz bütün bu prosesi öz dövlət büdcəmiz hesabına maliyyələşdiririk və icra edirik”, - deyən deputat Naqif Həmzəyev çıxışı zamanı bildirib ki, 2030-cu ilə qədər elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəfləndiyindən, bu istiqamətdə dövlətlə birlikdə özəl sektorun investisiyaları və birgə layihələri böyük rola malikdir: “Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi üzrə layihələr bu kimi addımlardandır. Enerji istiqamətində sonuncu layihələrdən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və Su Elektrik Stansiyalarının tikintisi enerji, kənd təsərrüfatı, suvarma problemi kimi bölgəni yaxından maraqlandıran bir sıra problemləri əhatə edəcək və bu kimi layihələr xüsusilə də enerji və su çatışmazlığı probleminə həll yolu olacaq”.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.