Helikopterlər Los-Ancelesin mərkəzi ərazilərində patrul xidməti həyata keçiriblər
Los-Ancelesdə miqrantların etiraz aksiyaları keçirilən ərazilərə nəzarət etmək üçün hüquq-mühafizə helikopterləri yerləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN-in “Flightradar24”ün məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, şəhər polisi həmçinin Los-Anceles dairəsi şerif departamenti və Kaliforniya şose patrul xidməti bir neçə helikopteri səmaya qaldırıb. Helikopterlər Los-Ancelesin mərkəzi ərazilərində patrul xidməti həyata keçiriblər.
Los-Ancelesdə qeyri-qanuni mühacirlərin hakimiyyət tərəfindən kütləvi saxlanmasına qarşı etirazlar üçüncü gündür ki, davam edir. Ağ Ev rəhbərinin müavini Stiven Miller bu nümayişləri və iğtişaşları “üsyan” adlandırıb və rəhbəri miqrantların kütləvi deportasiyasında iştirak etməkdən imtina edən Los-Anceles polisinin mövqeyini tənqid edib.
ABŞ Prezidenti Donald Tramp iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın iki min əsgərinin əraziyə göndərilməsi barədə göstəriş verib. Onlar iyunun 8-i səhər saatlarında şəhərə gəlməyə başlayıblar.
Hakimiyyət orqanlarının məlumatına görə, iyunun 8-də iki polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları şəhərin əsas magistral yolunun hərəkət üçün boşaldılmasına çalışır, onun bir hissəsi nümayişçilər tərəfindən bağlanıb.
Yerli medianın məlumatına görə, etirazçılar polis əməkdaşları ilə toqquşur, onlara şüşə və daş atır. İğtişaşçılar ən azı beş avtomobili yandırıblar.