Milli Məclisdə SOS siqnalı: “Camaat böyrəyini, ciyərini satışa çıxarır”

Aktual

22.12.2023 - 13:43

Parlamentdə 27 məsələ müzakirə olundu: deputatlardan biri orqan alverini gündəmə gətirdi, biri hökumətdən Qarabağla bağlı hesabat istədi

Milli Məclisin bu gün keçirilən iclasında 27 məsələ müzakirəyə çıxarılıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda deputatlar əvvəlcə gündəmin mövzuları ilə bağlı çıxış edib, təkliflər səsləndiriblər.

Milli Məclisin sədri S.Qafarova xatırladıb ki, 30 ildən çox ölkəmizin suverenliyi və ərazi bütövlüyü üçün ən böyük maneə olan münaqişə aradan qaldırılıb: “Bu gün Azərbaycan uğurlar qazanmaqda davam edir. Bütün bu uğurların təməlində cənab Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Dövlətimizin başçısı Vətən naminə gördüyü misilsiz işlərlə, xidmətləri ilə xalqın sevgisini qazanıb. Keçmiş məcburi köçkünlərimiz indi öz yurdlarına qayıdırlar. Bunlar tarixi hadisələrdir. Dünən də daha bir tarixi hadisəyə şahidlik etdik. Dekabrın 21-də Xankəndidə keçirilən tədbirlər “Böyük Qayıdış”ın reallaşdığını bir daha təsdiqlədi”.

Deputat: “Zəfərimizi tanımayan dövlət və siyasətçiləri görəndə adamın Paşinyana hörməti artır”

Deputat Zahid Oruc isə çıxışında Qarabağdan danışıb və bildirib ki, noyabrın 28-də Ermənistan Prezidenti Vahan Xaçatryan və Ermənistan Parlamentinin sədri Alen Simonyan Qarabağın “hökuməti, parlamenti və yerli idarətmə orqanlarını” saxlamayacaqlarını bəyan etdilər: “Ölkəmizin ərazi bütövlüyünə və sülh danışıqlarına sadiq qaldıqlarını söyləyən, 20 sentyabrda Xankəndində təslim olan qüvvələri “hakimiyyət” kimi qəbul etməyən Paşinyan hökumətinin belə davranışları təqdirəlayiqdir. Bütün dünya görür ki, son 3 ildə Ermənistan Parlamentində Azərbaycanın Vətən müharibəsinə işğalçılıq adı verilməyib. Amma ən böyük absurda baxın ki, millətimiz Amerika, Fransa, Almaniya rəhbərlərindən soruşur - siz Ermənistan Prezidenti, Baş naziri kimi Qarabağı Azərbaycanın tərkibində açıq mətnlə tanımağa hazırsınızmı?”.

“Xaricdə zəfərimizi tanımayan dövlət və siyasətçiləri görəndə adamın Paşinyana hörməti artır. Avropa Parlamentinin xarici siyasət komitəsinin qeyri-rəsmi layihədə dövlətimizi “Qarabağa hərbi təcavüz”də günahlandırması, Amerika Senatının Xankəndi üzrə “təhqiqata başlaması”, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin ardıcıl qərarları, Roma statutu ilə hərbi-siyasi elitamıza təzyiq məhz iki mərkəzdən-Ağ Ev və Yeliseydən idarə olunur”, - deyə millət vəkili vurğulayıb.

“İndi Ermənistan qalıb qıraqda, bəzi ölkələr qabağa düşüblər”

Z.Oruc əlavə edib ki, Xankəndi zəfəri “Qarabağın müstəqilliyini” tanıyan dövlətlərə zərbə vurub: “İndi keçmiş  sovet məkanını və Yaxın Şərqi “azadlıq bayrağı” ilə nəzarətə götürməyə çalışan, Avrasiyaya üsul-idarə və çevrilişlər ixrac edən Qərbin qanlı demokratiyaları Azərbaycanın bütövlüyünə qarşı döyüşür. Hesab edirəm ki, onlar uğur qazana bilməyəcəklər”.

“Prezident İlham Əliyevin hər atdığı addım dünyaya bir mesajdır. Azərbaycan müstəqil dövlətdir və heç kim onun işinə qarışa bilməz”. Bu sözləri isə deputat Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində müsbət addımlar atılır: “Maraqlı odur ki, indi Ermənistan qalıb qıraqda, bəzi ölkələr qabağa düşüblər. Onlar Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını istəyirlər. Amerika, Fransa və digər ölkələr bu addımlarla nə əldə etmək istəyir? Görünən odur ki, bu kimi qüvvələr iki ölkə arasında münasibətlərin qurulmasında, sülhdə maraqlı deyillər”.

“Elanlarda “böyrək və qaraciyər alıram” yazılır”

Deputat Razi Nurullayev isə çıxışı zamanı orqan alveri məsələsindən danışıb. Millət vəkili bildirib ki, son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşısına çıxır: “Bəzi elanlarda isə “böyrək və qaraciyər alıram” yazılır. Hətta, avtobus dayancaqlarında da bu elanlar var. Bu, dəhşətli mənzərədir”.

“Bu məsələdə bir neçə yanaşma ola bilər. Ya vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ya da möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edir. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma belə elanlara laqeyd yanaşmaq olmaz”, - R.Nurullayev əlavə edib.

“Dövlət qurumları vətəndaşları dəvət etməli, onların niyə daxili orqanlarını niyə satmaq istədiyi araşdırmalıdırlar”

Deputat məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib: “Hesab edirəm ki, lazımi dövlət qurumları vətəndaşları dəvət etməli, onların niyə daxili orqanlarını niyə satmaq istədiyi araşdırmalıdırlar. Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdir. Ümumiyyətlə, bu tip elanlara, altı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır. Onun üçün də ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün addımlar atılmasını xahiş edirəm. Bu məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlədən bu məsələni qaldıran şəxs olaraq mənə də yazılı məlumat verilməsini xahiş edirəm”.

“Biz Baş nazirə əziyyət verməyək, amma heç olmasa XİN-dən bir əməkdaş çağıraq, bizi məlumatlandırsın”

Deputat Qüdrət Həsənquliyev Xankəndiyə qayıdışla bağlı məlumat verilməməsindən şikayətlənib. Millət vəkili bildirib ki, zirzəmilərdə yaşayan şəxslərin nə zaman Xankəndiyə köçürülməsi ilə bağlı məlumat verilmir: “Dünən Prezidentin iştirakı ilə Xankəndidə daha bir əlamətdar hadisə baş verdi. Hesab edirəm ki, qələbəni dəfələrlə artırmaq olardı, əgər Xankəndinə 5 ailə qaytarılsaydı...”.

“Ermənistanın Baş naziri ayda bir dəfə parlamentə gedir, sülh danışıqları barəsində deputatları məlumatlandırır. Biz Baş nazirə əziyyət verməyək. Amma heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq, bizi məlumatlandırsın. Həm də öyrənək ki, zirzəmilərdə yaşayan evləri ermənilər tərəfindən dağıdılan soydaşlarımız Qarabağda boş qalmış evlərinə nə zaman köçürüləcəklər?! Bizim centlilmenliyimiz nə vaxta qədər davam edəcək? Başqa səbəb varsa onu da bilək. İnsanlarımız bu barədə məlumat almaq istəyir. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı, heyvan saxlaya biləyəcəklərmi, torpaq islahatı aparılacaqmı? “Ağıllı kənd” adı ilə tikilən kəndlər şəhər tipli qəsəbələrdir", - Q.Həsənquliyev vurğulayıb.

Deputatların çıxışından sonra iclasın gündəliyinə çıxarılan məsələlərin müzakirəsi keçirilib. Bir neçə qanunda dəyişikliklər qəbul olunub.

Müəllif: Anar Bayramoğlu