Milli Məclisdə işğaldakı 8 kəndin məsələsi qaldırıldı: "Əməliyyat keçirilsin"

Aktual

05.03.2024 - 13:55

Deputat Qazaxın 7, Naxçıvanın Kərki kəndinin azad edilməsi təklifi ilə çıxış etdi: “Hadisələrin gedişi heç də xoşa gələn deyil”

Bu gün Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda gündəliyə çıxarılan 17 məsələ müzakirə olunub. Layihələrin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

Deputat: “Birinci şəxsin səbrini sınağa çəkərək, onu emosional qərarlara çəkmək istəyirlər”

Deputat Zahid Oruc dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericiliyin işləmədiyindən şikayətlənib və bildirib ki, hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumlar edilir: “Xalqın müdafiəsini və təhlükəsizliiyini təmin edən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsin səbrini sınağa çəkərək, onu emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək ki, sadə vətəndaşlar tam müdafiəsizdir”.

“Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada Prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar. Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir. İkinci qrupda erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir”, - deyə qeyd edib.

“Onların çörəyi “YouTube”da baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarından çıxır”

Z.Oruc bildirib ki, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, “Osmanqızı” və digər birnəfərlik şər kanallarıdır: “Onların çörəyi “YouTube” və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarından çıxır. Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün  məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.

“Azərbaycanı yürütdüyü milli siyasətdən yayındırmaq istəyənin gərək üç başı olsun”

Deputat Tural Gəncəliyev çıxışında Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsindən danışıb və deyib ki, qətnamə postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir: “Təəssüf ki, bir neçə gün bundan öncə Avropa Parlamenti məkrli hesabatı yaydı, qətnamə qəbul etdi. Bu, postmünaqişə dövründə münasibətlərdə ayırıcı xətlərə xidmət edir. Bu, vaxtilə özlərinə milyonlarla büdcə ayıran, münaqişənin dondurulması, münaqişənin necə həll edilməməsi kimi parazitliklə məşğul olan ATƏT-in bəzi qurumlarını xatırlatdı. Biz Ordumuzun, Ali Baş Komandanımız, birliyimiz nəticəsində o planları məhv etdik, onları pat vəziyyətinə saldıq. Biz indiki planlara qarşı da çıxmalıyıq, Azərbaycan Qoşulmama Hərəkatı, Asiya Parlament Assambleyası sayəsində öz beynəlxalq nüfuzunu daha da artırılmalıdır”.

“Avropa parlamenti Azərbaycan haqqında çox ucuz hesabat hazırlayıb. Bu hesabat hətta orta məktəb şagirdinin yazdığı inşadan belə aşağı səviyyədədir”. Bu sözləri isə deputat Elşən Musayev bildirib. Millər vəkili deyib ki, Avropa Parlamentindəkilər bir şəbəkədir, əmrləri bir yerdən alırlar: “Azərbaycanı yürütdüyü milli siyasətdən yayındırmaq istəyənin gərək üç başı olsun. Belə insan da hələ dünyaya gəlməyib”.

“Sona qədər gedəcəyik, heç bir qüvvənin qarşısında təslim olmayacağıq”

Parlamentin iclasında hələ də Ermənistanın işğalında olan 8 kənddən də söz açılıb. Deputat Fəzail Ağamalı bildirib ki, işğal altında olan Qazaxın 7, Naxçıvanın Kərki kəndi azad olunmalıdır: “Bu gün Ermənistan Fransa və Yunanıstanla birlik yaradaraq bu dövlətlərdən silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistanda hakimiyyətdə olanlar da, sadə vətəndaşlar da revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Sona qədər gedəcəyik, heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.

“Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirməli, işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik. Belə hesab edirəm ki, hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Dünya unutmamalıdır ki, Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”, - deyə millət vəkili fikrini tamamlayıb.

“Əmin idilər ki, Azərbaycanı da “neft lənətinə” düçar edəcəklər”

“Əgər cənab Prezident bəyan edirsə ki, Ermənistan-Azərbaycan münasibətlərinin əhəmiyyətini süni şəkildə şişirtməyə ehtiyac yoxdur, bu hər kəs üçün siqnal olmalıdır”. Bu sözləri isə deputat Bəhruz Məhərrəmov səsləndirib.

Millət vəkili xatırladıb ki, Azərbaycan Qarabağ məsələsini həll edib: “Bundan sonra qalır sülh müqaviləsi. Saziş imzalanacaqsa, lap yaxşı, imzalanmayacaqsa, bunu daha çox ermənilər düşünsünlər. Əgər bu gün Avropa Parlamenti heç bir hüquqi əsas olmadığı halda Azərbaycan əleyhinə qətnamələr qəbul edirsə, yaxud bu gün Makron cənab İlham Əliyev qarşısında heç bir şansı olmadığını bilə-bilə Ermənistanı silahlandırırsa, vahid bir məqsəd var - erməni məsələsini gündəmdə saxlamaq. Amma göründüyü kimi, İlham Əliyev faktiki olaraq erməni məsələsini beynəlxalq gündəmdən çıxarmağı bacarıb. Ona görə də indi üzərimizə başqa məsələlərlə gəlməyə başlayıblar. Məsələn, iqlim dəyişiklikləri ilə mübarizə fonunda bizi neft-qaz ölkəsi olmaqda günahlandırırlar. Baxmayaraq ki, onlar iddialarında səmimi olsaydılar, bunu 10 illər əvvəl etməli idilər. Lakin susurdular, çünki əmin idilər ki, Azərbaycanı da “neft lənətinə” düçar edəcəklər, bir sıra ərəb və Afrika ölkələrində olduğu kimi, Azərbaycanda da oxşar sistem qurub, sərvətləri rahat talayacaqlar. Amma bu, alınmadı. Bu gün Azərbaycan qazı ikişafın yeni mərhələsində önəmli rol alır. Amma bu dəfə artıq həmin qlobal güclər daha yaxşı anlamağa başlayıb ki, Azərbaycanda təbii sərvətlərin inkişafa transformasiyasının qarşısını almaq mümkün deyil”.

Deputatlar çıxış və təkliflərini səsləndirdikdən sonra iclasın gündəliyində dayanan məsələlərin müzakirəsinə keçirilib.

Müəllif: Anar Bayramoğlu