Milli Məclisdə İranla bağlı çağırış: “Əlaqələrə son qoyulsun!”

Aktual

01.02.2023 - 14:15

Deputatlar Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pislədilər – Təkliflər səsləndi

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Azərbaycan himninin oxunması ilə açıq elan edilən sessiyanın ilk plenar iclasına spiker Sahibə Qafarova sədrlik edib. Toplantıda deputatlar 21 qanun layihəsini müzakirə ediblər.

Müzakirələrdən əvvəl millət vəkilləri gündəmin məsələləri ilə bağlı fikir bildiriblər. Deputatların əksəriyyəti İranda Azərbaycanın səfirliyinə silahlı hücumla bağlı tənqidi fikir səsləndiriblər.

Spiker: “Biz bu terror hücumunu hərtərəfli araşdırmağa çağırırıq”

Spiker S.Qafarova xatırladıb ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri şəhid olub: “Azərbaycan Milli Məclisi bu aktı qətiyyətlə pisləyir. Deputat həmkarlarımız mətbuatda bu barədə danışıblar, terror hücumunu pisləyiblər. Biz bu terror hücumunu hərtərəfli araşdırmağa çağırırıq. Terror hücumu zamanı şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyirik”.

“İrandakı səfirliyimizə hücum dövlətimizə və diplomatlarımıza qarşı terrordur", - deyən deputat Kamran Bayramov çıxışında qeyd edib ki, terror zamanı və ondan sonrakı dövrdə İranın səhlənkarlığı və terrora məişət donu geyindirməyə çalışması hiddət doğurur.

“Milli Məclisin İran Parlamenti ilə dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılsın”

Deputat Nizami Səfərov vurğulayıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır: “Bu, belə qiymətləndirilməlidir. Beynəlxalq konvensiyaya görə, səfirliklərin və diplomatik nümayəndəliklərin qorunması yerləşmə dövlətin vəzifəsidir. İran bu vəzifəsini kobud şəkildə pozub”.

Deputat Elman Nəsirov isə terrordan danışarkən təkliflə çıxış edib. Millət vəkili qeyd edib ki, Milli Məclisin İran Parlamenti ilə dostluq qrupunun fəaliyyəti müvəqqəti dayandırılsın: “Onun gələcək fəaliyyəti İranın davranışlarından asılı olmalıdır”.

“Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi ölkə daxilində İrana bağlı insanlarla bağlı tədbirlər görür, əməliyyat aparır. Bildiyim qədər saxlanılanların sayı 40 nəfərə qədərdir. Ötən gün də bu səpkidə əməliyyat keçirildi, saxlanılanlar oldu. Hesab edirəm ki, bu, təsirli tədbirlərdir”, - Nəsirov əlavə edib.

Deputat: “Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarına lazım gəldikdə silahlar paylanılmalıdır”

“Hücum birmənalı demək olar ki, terror aktıdır. Hesab edirəm ki, molla rejimi terrorla bağlı İranda istintaqın ədalətli aparılmasına imkan verməyəcək”. Bu sözləri isə deputat Fəzail Ağamalı səsləndirib.  

Millət vəkili xatırladıb ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də silahlı hücumla bağlı cinayət işi açıb: “İnanıram ki, DTX-nin araşdırması nəticəsində terror aktına görə İranın molla rejiminin məsuliyyət daşıdığı əksini tapmalıdır”.

“İranla bütün əlaqələrə son qoyulmalı, bütün layihələr dayandırılmalıdır. Eyni zamanda, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu da buraxılmalıdır”, - deputat qeyd edib.

Deputat Qüdrət Həsənquliyev çıxışında deyib ki, son vaxtlar xaricdəki beş səfirliyimizə hücum olub: “Bu, ciddi problemdir. Düşünürəm ki, Milli Məclisin bir iclası səfirliklərimizin təhlükəsizlik məsələsinə aid edilməlidir. Dövlət qurumları da parlamentə çağırılmalıdır. Səfirlikdə fəaliyyət göstərən təhlükəsizlik əməkdaşlarımıza lazım gəldikdə silahlar paylanılmalıdır. Bu məsələ müzakirə olunmalıdır”.

“İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar”

Deputat Elşən Musayev isə İranın terror aktının qarşısını qabaqcadan ala biləcəyini, ancaq bunu etmədiyini söyləyib.

“Bir sıra politoloqlar bildirirlər ki, İran ona görə Ermənistana yaxınlaşır ki, Azərbaycan onu yaxına buraxmır. Mən bu fikirlə razılaşmıram”. Bu sözləri isə deputat Vahid Əhmədov səsləndirib.

Millət vəkili xatırladıb ki, müstəqillik əldə etdiyimiz vaxtdan İran şirkətlərini Azərbaycanda açıb: “Bu, Azərbaycanın İranı yaxına buraxmaması fikirlərinin üstündən xətt çəkir. Sadəcə İran düşünmürdü ki, Azərbaycan Ermənistan üzərində qələbə qazanar. Onlar bunu həm də istəmirdi. Hesab edirəm ki, İranla əməkdaşlığa son qoyulmalıdır. Nə vaxt ki, İran səfirliyimizə qarşı törədilən hadisəni terror aktı kimi qiymətləndirər, onda hər şey qaydasına düşə bilər”.

Müəllif: Anar Bayramoğlu