“Mən sizin atanızam, atanız...”

Siyasət

02.09.2020 - 14:39

Və ya Lukaşenko kimi xatırladır?

 

Avtomatla gəzən, poz verən Lukaşenkonun düşdüyü vəziyyət gərək ki, təhlilçilərə Müəmmar Qəddafi və Səddam Hüseyni, lap elə onun sığınacaq verdiyi sabiq Qırğızıstan Prezidenti Kurmanbek Bakıyevi xatırlatsın. Ola bilsin, az müddət sonra Lukaşenko da Qəddafinin onu qətlə yetirməyə hazırlaşanlara söylədiyi son sözləri fərqli formada deməli olacaq. Elə indi də tez-tez deyir. Qəddafi deyirmiş ki, "Bu etdiyiniz günahdır. Bu etdiyiniz səhvdir. Siz doğruyla səhvin nə olduğunu bilirsinizmi?”.

 

Qəddafi ilə Lukaşenko arasında çox bənzərlik tapmaq olar. Hər ikisini xarizmatik və populist, özünü xalqdan biri bəyan edən lider tipinə aid etmək olar. Mənsub olduğu xalq və ölkəni özünəxas şəkildə, səmimi olaraq sevmələri və sanki ata, baba rolunda çıxış etmələri də onları bir-birinə oxşadır. Eksentrik, qeyri-adi tərz, davranış, məxsusi leksika da onların oxşar cəhəti sayıla bilər. Səhvləri də bənzərdir, zamanla ayaqlaşa bilməmək, adi həqiqətləri qəbul etməmək.

 

Qəddafi də hesab edirdi ki, xalq üçün mümkün olanı edib. Axı, niyə liviyalılar ona qarşı çıxsınlar? Axı, onlara ata kimi yanaşıb, var-dövlətin kapitalizm dünyası tərəfindən talan edilməsinə imkan verməyib. Onun bütün çıxışlarında, müsahibələrində, kitablarında bu fikir qırmızı xətt kimi keçir.

 

Lukaşenko da eyni şeyi təkrar-təkrar deyir. Onlar tam haqsız da deyillər. Amma zamanın ruhunu, tələbini xarici və daxili amillərin təsirini qiymətləndirməyə bacarmayan, siyasi fəhmi kortalmış Qəddafi kimi Lukaşenko da tarixə uduzub. Əlinə avtomat götürməsi də Qəddafi aqibətindən qorxmasının təzahürüdür.

 

Amma gərək daha tez ibrət götürəydi. Lukaşenkonun bəxti gətirib ki, Avropamın mərkəzindədir və onun linç olunmaq ehtimalı azdır.

 

Zaur İbrahimli

Müəllif: Ayna.az