“Cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz”
"Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirib, onun inkişafına hərtərəfli dəstək göstərib".
AYNA xəbər verir ki, bu sözlər Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda əksini tapıb.
Sənəddə qeyd olunub ki, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir: "Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz”.
“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq, hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyev ölkənin bir çox jurnalistlərini təhqir edib, “agent” adlandırıb. Deputatın bu ifadələrinə jurnalistlər kəskin etiraz bildirirlər.