Mayın 4-dən sonra nə baş verəcək – <font color=red> Cəmiyyət möcüzə gözləmir</font>

Cəmiyyət

24.04.2020 - 18:08

Əsas sual da odur ki, qeyd olunan tarixdə karantin qaldırılsa, virus da yoxa çıxacaqmı…

 

Azərbaycanda aprelin 27-dən xüsusi karantin rejiminə bəzi yüngülləşdirici əlavələr edilsə də, ümumi qərar mayın 4-dək qüvvədədir. Ondan sonra karantinin qaldırılacağı, yoxsa müddətin uzadılacağı hələlik bəlli deyil. Lakin iki sual maraqlıdır: Birincisi, mayın 4-də karantin ləğv ediləcəkmi, ikincisi, karantin qaldırılsa, virus da yoxa çıxacaqmı?

 

AYNA bu məsələdə vətəndaşların gözləntilərini aydınlaşdırmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Nəticələri təqdim edirik. (QEYD: Sorğu aprelin 24-dən əvvəl hazırlanıb, o zaman 27 apreldən sonra qismən yumşalma olacağı barədə rəsmi qərar verilməmişdi)

 

Hacı Rafiq: “Karantin tam bitməyəcək, dozasını azaldacaqlar. Viruslar isə həmişə olub və olacaq da”.

 

Daşqın Əliyev: “Yavaş-yavaş karantin yumşaq forma alacaq. Birinci karantin rejimi kimi saat 15:00-a qədər restoranlar və bəzi yerlər açılacaq. Sonra saat 21:00 kimi, daha sonra vəziyyət normal olsa, tamamilə ləğv olunacaq. Yoluxma hər gün var. Say azalması ilkin karantinin sərtliyi idi. Görək, 4-nə qədər olan intervalda vəziyyət necə olacaq”.

 

Emil Maqalov: “Bəzi yerlər işləyəcək. 65 yaşlılar üçün isə karantin 1 az da uzadılacaq”.

 

İlkin Muradov: “Mayın 4-dən sonra karantin rejimində yumşalma olacaq. İş yerləri yəqin ki, açılacaq, arayışlar lazım olmayacaq. Amma kütləvi əyləncə yerləri - restoran, çay evləri, kafelər ola bilsin ki, mayın sonuna qədər də açılmasın. Daxili uçuşlar bərpa ediləcək.”

 

Təranə Xudabaxşıyev: “Məncə, karantin müddəti uzadılacaq”.

 

Elşad Əlili: “Karantin yumşalmalı, bölgələr üzrə gediş-gəliş sərbəst olmalı, xırda sahibkarlar, səyyar çalışanlar öz iş yerlərinə dönməlidirlər. Amma sərhədlər ciddi nəzarət altında qalmalıdır. Virus məsələsinə gəldikdə isə, məsələ heç də birmənalı deyil. ÜST tərəfindən son 2-3 ayda çəlişkili, bir-birinə zidd bəyanatlar kritik baxımdan təhlil edilməlidir. Virusun fəsadlarının arxasında beynəlxalq şəbəkələrin avantürası açıq-aydın sezilir. Və fikrimcə, istədikləri alınmasa, B planlarını tətbiq edəcəklər. Yəni dünya əhalisini qorxu, təşviş halında saxlamaq üçün yeni viruslar, təbii fəlakətlər, kütləvi bioloji xəsarətlər, həşəratların axını və s. tətbiq oluna bilər”.

 

Rəşad Bəbirov: “Bir onu bilirəm ki, Amerika qazanacaq. Necə ki, son 110 ildir ancaq dunyanın çaxnaşmalarından daha da güclənib, elə o cür”.

 

Rəşad N: “Bitsə əgər, karantindən çıxmış camaat axışacaq ictimai yerlərə, məclislərə, yığıncaqlara. Buna görə də artım olacaq”.

 

Əlövsət Abdullayev: “Hələ karantin müddətinin mayın 4-də bitməsi inandırıcı görünmür. Yumşalma ola bilər, amma müddətin uzanması ehtimalı çoxdur”.

 

Xudaverdi Əliyev: “Viruslar insan orqanizmində həmişə olub və yenə də olacaq. Bu da özünə yer eləyib insanla birgə yaşayacaq. Orqanizmin immuniteti düşən kimi, həmçinin viruslu xəstə ilə təmasda olanda özünü göstərəcək. Qazancımız o olacaq ki, xəstəlik özünü göstərməyə başlayan kimi biləcəyik ki, immunitetimiz zəifləyib”.

 

Həsən Əliyev: “Almaniyada həyat artıq normala dönüb. Mağazalar, kafelər açıqdır. Azərbaycanda isə mayın sonu ictimai iaşə sahələri tam açılacaq”.

 

Rahib Abbas: “Psixoloji sarsıntının miqyasından asılı olaraq qiymətləndirmək olar. Sarsıntı keçirmişlərin sayı çox olarsa, çətin olacaq həyata davam etmək, amma tədricən düzələcək 2-ci dalğaya qədər. 2-ci dalğada 1-ci dalğa zamanı zədə almayanlar zədələnəcək, psixoloji olaraq”.

 

Aqşin Kazımoğlu: “Virus yoxdur, karantin də davam edəcək. Xəstəliyi belə getsə, evdə tapacağıq, issizlikdən”.

 

Aygün Musayeva: “Mayın 5-dən sonra otel və xəstəxanalar hələ Rusiyadan gələn minlərlə azərbaycanlı ilə dolacaq. Əgər onları ciddi saxlamasalar, onlar virusu nəsilə, qohum-əqrəbaya yayacaqlar. Mayın 5-dən sonra rayondan insanların Bakıya buraxılması baş versə, çox böyük səhv olacaq. Çünki Bakıda elə indidən tıxacdır. Ümumiyyətlə, qonşu ölkələrdə karantin tədbirləri yüngülləşməyincə, arxı hoppanmağımız gülməlidir. Qonşudan geri qalma. Baxmalıyıq ki, onlarda necə oldu. Kimsə karantindən bizdən öncə çıxmalıdır və biz orda vəziyyətə baxmalıyıq. Mayın 20-nə kimi ciddi karantin. Sonra yavaş-yavaş imtahanlar baş tuta bilər, gözəllik salonları, bərbərxanalar iki-üç nəfər müştəri olmaqla işləyə bilər. Restoranlar isə hələ bizə lazım deyil. Onsuz da pul yoxdur yeyib-içməyə. Qorxa-qorxa, hürkə-hürkə yeməkdənsə, olmaz olsun elə kafe restoran”.

 

Samirə Heydərova: “Məncə əvvəlki kimi olmayacaq, hələ də bir neçə ay karantin yumşalmış vəziyyətdə hökm sürəcək”.

 

Elman Əhmədov: “Karantin tək bizdə yox, bütün dünyada və belə sərt şəkildə deyil, bir az yumşaq şəkildə ilin sonuna qədər davam edəcək, bundan əmin ola bilərsiniz”.

 

Cəsarət Hüseynzadə: “İqtisadi fəallıq hissəsinə dövlət qurumları daha doğru qərar verə bilər. Mənim fikrimcə, vəziyyət bu enişlə getsə belə, bu qadağaları ən azı 7-10 gün müddətində də uzatmaq lazımdır. Belə olmasa da, təhsil müəssisələrinin, xüsusən orta təhsil müəssisələrində təhsillin davam etdirilməsinə başlamaq düzgün deyil. Çünki şagirdlərin bir-birindən qorunma qaydalarına əməl etməsi inandırıcı görünmür. Digər baxımdan, hər bir vətəndaş özü üçün bu karantin rejimini tətbiq etsə, daha yaxşı olar. Çünki bu qaydalara riayət etməklə, biz ilk öncə özümüzü və ailəmizi qoruyuruq. Başqa bir məqam ondan ibarədir ki, xaricdən gələnlərin hesabına rəqəmlərin artması tempi də istisna deyil. Düzdür, bu məqam ölkədaxili yoluxmaya demək olar ki, təsir etməməlidir (bəzi xidməti çalışanlar istisna olmaqla). Amma bütün hallarda psixoloji təsir məqamları olacaq. Xarici ölkələr ilə bağlı gediş və gəlişə isə heç bir halda yol vermək olmaz”.

 

Ülviyyə Şahin: “Karantin hələ bitməyəcək. Çox güman ki, karantin müddətinin yeni mərhələsi başlayacaq. Karantin bitdikdən sonra da, insanlar virusun və karantinin təsirindən bir müddət özlərinə gələ bilməyəcəklər. Yəni, hər şey asan olmayacaq”.

 

Turab Rzayev: “Yavaş yumşalmaya gediləcək. Karantin rəsmi götürüləcək, ilk mərhələdə 15% yumşalma gözləyirəm”.

 

Cavid Bəşirov: “Uzadilmayacaq, mərhələ-mərhələ yumşalma olacaq”.

 

Elnur Məmmədli: “İnsanlar bankların qabağında növbəyə duracaqlar. Çünki dollar qalxacaq”.

 

Ülviyyə Quliyeva: “Karantin qaydalarını pozanlara indi göz yummaq vaxtın uzadılacağına işarədir”.

 

Xalid Qarayev: “Bu, daha çox neftin qiymətlərindən asılı olacaq. Neft qiymətlərində canlanma olsa, karantin rejimi yumşalacaq, bəlkə də ləğv ediləcək. Amma qiymətlər belə qalsa və ya bir qədər də ensə, karantin rejimi davam edəck, bəlkə də bir qədər də sərtləşdiriləcək”.

 

Hacı Eldaroğlu: “Karantin bitir, işlər başlayır. Məncə, mayın 4-dən sonra kafelər, restoranlar saat 21.00-a qədər açıq qalacaq və ya bütün günü. İşlər öz məcrasında əvvəlki kimi başlayacaq. Maskalardan istifadə olunacaq. Mediada yoluxmalarla bağlı məlumat verəcək və nəticədə müəyyən kütlə maska, əlcək məsələsinə diqqət edəcək. Ola bilsin, karantinin ləğvindən sonra maska, əlcək taxmayanlara cəza yazılacaq”.

 

Elnur Abdullayev: “Karantin yenə uzanacaq”.

 

Səbuhi Qafaraov: “Mən düşünürəm ki, mayın 4-dən sonra qismən yumşalma olacaq və davam edəcək. Ancaq virus barədə qəti fikrim yoxdur. Yəqin ki, yoluxma sayına görə qərar veriləcək. İnşallah, yoluxma təyin olunan zamana kimi tam səngiyər. Allah millətimizi qorusun”.

 

Bəhruz İsmayılov: “Cəmiyyətin bəzi kəsimləri 1 ayda alışqanlıq halına gətirilmiş vərdişləri çətin tərgidəcək. Bəzi kəsim isə heç bir şey olmamış kimi həyatına davam edəcək. 1-2 aydan sonra yenə normal həyata davam. Təki, dollar qalxmasın, devalvasiya olmasın”.

 

Yaşar Ş: “Burada (Kanadada - red.) koronavirusun aprel ayında pik nöqtəyə çataçağı düşüncəsindədirlər. Mayda, bəlkə karantin qaldırılar, bəlkə onda restoran və kafelər işləyər, o da məhdudiyyətlə”.

 

Nailə İsmayılova: “Maraqlı və düşündürücü sualdır. Çox güman ki, proses mülayimləşməyə doğru gedəcək. Lakin bu, virusun birdən-birə yox olması demək deyil. Güman edirəm ki, yenə də müəyyən tədbirlər həyata keçiriləcək”.

 

Elnur Eltürk: “Karantin yumşaldılmalıdır. Həm də Azərbaycanda virusun qarşısı peşəkar səviyyədə və sistemli tədbirlərlə alınır. Demək olar ki, sağalanların sayı 1000 nəfərə çatıb. Həm də insanları evdə saxlamaq çətinləşir. Nə qədər aztəminatlı ailələrə dəstək verilsə də, işləməyin yerini vermir. Dövlətin virusa qarşı sərt tədbirləri yaxşıdır. Yenə də nəzarət güclü olmalıdır. Başa düşmək lazımdır ki, biz nə qədər çox sağlamlığımıza diqqət edəriksə, ətrafımızı, cəmiyyətimizi, dövlətimizi qorumuş olarıq. Ehtiyat tədbirlərimizi görə bilsək, karantini yumşaltmaq olar. Xüsusilə, kütləvi yerləri hələlik açmaq olmaz”.

 

Leyla Abdullayeva: “Məncə, qismən də olsa, şərtlər yumşalacaq. Çünki hələ də yoluxanlar var. Mayın sonu-iyunun əvvəli bəlkə bitə”.

 

Ülviyyə Əliyeva: “Virus-zad yoxdur, hamısı siyasətdir. Zamanı çatacaq, bitirəcəklər”.

 

Rəfayel Dadaşov: “Bu milləti 50 il də karantində saxlasalar, bunları dəyişmək olmaz”.

Müəllif: Raminə Eyvazqızı