Andiçmədədən sonra ona Belarus Prezidentinin vəsiqəsi təqdim edilib
Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, mərasim “Müstəqillik Sarayı”nda baş tutub.
Andiçməyə yüz nəfərə yaxın qonaq dəvət edilib ki, onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət orqanlarının və ictimai təşkilatların, yerli icra və inzibati orqanların rəhbərləri, respublika kütləvi informasiya vasitələrinin nümayəndələri, elm, mədəniyyət və idman xadimləri olub.
Andiçmədən sonra Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.
Qeyd edək ki, Belarusda etiraz aksiyaları 2 aya yaxındır ki, davam edir. Mitinq iştirakçıları Lukaşenkonun istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişçilərə qarşı amansız təzyiq göstərən məsulların cəzalandırılmasını tələb edirlər. Səlahiyyətli şəxslər vəziyyətə xarici müdaxilə elementlərinin göründüyünə inanırlar. Lukaşenkoya görə, etirazçılar ölkədə “rəngli inqilablar təlimatları”na uyğun hərəkət etməyə çalışırlar, Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.
Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb.