Litvalı diplomat Rusiya XİN-ə çağrılıb

Dünya

03.07.2022 - 15:51

Səfirdən tələb olunub ki, ölkəsi Kalininqradın blokadası ilə bağlı qərarını dərhal ləğv etsin

Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Virqiniya Umbrasen Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA “Lenta.ru” saytına istinadən bildirir ki, diplomat XİN-ə Litvanın Avropa İttifaqı sanksiyalarına məruz qalan Rusiya mallarının Kalininqrad vilayətinə dəmir yolu ilə tranzitinə qoyulan qadağa qərarına görə çağırılıb.

“Rusiya tərəfini əvvəlcədən xəbərdar etmədən Vilnüs tərəfindən qoyulan qadağa ilə bağlı diplomatik nümayəndəliyin rəhbərinə kəskin etiraz edilib. Ondan ölkəsinin bu məhdudiyyətlərin dərhal ləğvi tələb edilib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Litva Dəmir Yolları iyunun 17-də Kalininqrada Aİ-nin sanksiyalarına daxil olan bir qrup malın tranzitinin dayandırılması barədə qərar verib. İlkin məlumata görə, bu, tikinti materialları, sement və digər metallar daxil olmaqla, malların çeşidinin 40-50 faizini təşkil edir.

Bundan əvvəl Rusiyanın Federasiya Şurası Vilnüs tərəfindən bir sıra beynəlxalq müqavilələrin pozulduğunu elan edib və Avropa İttifaqından Kalininqradın blokadası ilə bağlı vəziyyəti düzəltməyi tələb edib. Federasiya Şurasından vurğulanıb ki, əks halda, Rusiya bu məsələni istənilən yolla həll etmək üçün əlindən gələni edəcək.

Müəllif: Ayna.az