KTMT-dən Ermənistana tərs şapalaq - İrəvanın böyük gözləntiləri niyə puça çıxdı?

Siyasət

24.11.2022 - 18:15

Davit Harutyunov: “Ermənistan hökumətinin mövcud şəraitdə niyə KTMT-dən Azərbaycana hərbi müdaxilə gözlədiyi bəlli deyil”

İlqar Vəlizadə: “Hazırda nə KTMT, nə də digər amillər Azərbaycana təsir göstərmək gücündədir”

Dünən İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv olan ölkə başçılarının iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, o, "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamağa hazır deyil. Baş nazirin Mətbuat Xidmətinin açıqlamasında qeyd olunub ki, söhbət “KTMT KTŞ Bəyannaməsi" və "Ermənistana yardım haqqında birgə tədbirlər layihəsi"ndən gedir. Layihələrin mətni hələlik ictimayyətə açıqlanmayıb.

Paşinyan sammit əsnasında qəbul olunan 15 qərardan bu iki sənədin tamamlanmasına ehtiyac olduğunu bildirib. Baş nazir deyib ki, rəsmi İrəvan təşkilatdan "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini" gözləyirdi, lakin bu, səslənmədi.

Ermənistan rəhbəri Azərbaycanı “təcavüzdə” və “hücumda” günahlandırıb, KTMT-nin buna reaksiya vermədiyini bəyan edib: "Son iki il ərzində KTMT üzvü olan Ermənistan azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. Məyus edən odur ki, Ermənistanın KTMT üzvü olması Azərbaycanı aqressiv hərəkətlərdən saxlamadı və faktiki olaraq, bugünədək biz Azərbaycanın Ermənistana qarşı təcavüzünə dair heç bir qərara nail ola bilməmişik. Bu faktlar KTMT-nin imicinə istər bizim ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda böyük xələl vurur. Mən bunu Ermənistanın KTMT-də sədrliyinin ən böyük uğursuzluğu kimi qiymətləndirirəm”.

Ermənistan mətbuatı yazır ki, KTMT-nin baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında deyib ki, qurumun "Ermənistana kömək göstərilməsi tədbirləri haqqında" qərar layihəsi "yüksək hazırlıq vəziyyətindədir", amma "müəyyən müddəalarının işlənməsinə ehtiyac var".

"Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib", - deyə Zas vurğulayıb.

Erməni mətbuatı və analitikləri bildirirlər ki, Paşinyanın KTMT ilə bağlı söylədikləri Ermənistanın bu qurumdan uzaqlaşmasının anonsu idi. Ekspertlər hesab edirlər ki, KTMT-də təmsil olunan ölkələrin demək olar ki, hamısının Azərbaycanla münasibətləri yaxşıdır və onlar bu münasibətlərə xələl gəlməsini istəmirlər. Ermənistan isə KTMT-yə sədrliyi dövründə hansısa nailiyyətlər əldə etmək istəyirdi ki, bu, iflasa uğradı. Artıq İrəvanın orada təmsilçiliyi sual altındadır.

AYNA bildirir ki, erməni politoloq Davit Harutyunov KTMT ilə bağlı maraqlı məqama toxunub. Onun sözlərinə görə, İrəvan gözləyirdi ki, KTMT Azərbaycana hərbi müdaxilə edəcək: “Bu olmadığı üçün təşkilatdan narazıdır. Amma biz KTMT-nin nə olduğunu, həmin təşkilatın daxilində nələrin baş verdiyini bilməliyik. Ermənistan hökumətinin mövcud şəraitdə niyə KTMT-dən Azərbaycana hərbi müdaxilə gözlədiyi bəlli deyil. Nəzərə almaq lazımdır ki, KTMT-yə üzv olan ölkələrin əksəriyyətinin Azərbaycanla kifayət qədər sıx münasibətləri var. Eyni zamanda, KTMT-nin aparıcı ölkəsi olan Rusiyanın bu gün çox böyük problemləri var, Ukrayna bataqlığındadır. Rusiya həqiqətən istəsə belə, Ermənistana hərbi dəstək göstərməsi kifayət qədər çətindir. O baxımdan, böyük gözləntilərin nə ilə bağlı olduğu aydın deyil”.

Erməni analitik ölkəsinin KTMT-dən çıxacağının inandırıcı olmadığını da əlavə edib: “Söhbət Rusiyadan tutmuş qərbə doğru Ermənistanın təhlükəsizlik sisteminin restrukturizasiyası və istiqamətləndirilməsindən gedirsə, KTMT-dən çıxmağın mənası var. Yəni ki, biz KTMT-dən çıxıb Qərb sisteminə inteqrasiya edirik, amma problem ondadır ki, indi belə bir şey baş vermir. Ermənistan KTMT-dən çıxsa belə, bu, müəyyən etiraz əlaməti olacaq, amma bu, bizə real nəticə verməyəcək”.

“Ümumiyyətlə isə belə bir qərar Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb ola bilər. KTMT-nin vəziyyətindən asılı olmayaraq, Rusiya bizim həmin təşkilata üzv olmağımızı müəyyən loyallığın təzahürü kimi qəbul edir. İndiki məqamda nümayişkaranə şəkildə təşkilatdan çıxma mütləq anti-Rusiya hərəkəti kimi qəbul ediləcək. Rusiya onun üçün gərgin və kifayət qədər çətin vəziyyətdə bunu çox həssaslıqla qəbul edəcək. Ona görə də Ermənistan KTMT-dən çıxmaq qərarına gəlsə, praktiki olaraq heç nə əldə etməyəcək. İrəvan ancaq gileyləri ilə Moskvadan nəsə qoparmaq istəyir”, - deyə Harutyunov söyləyib.

Rusiyalı politoloq Yuri Mavaşev isə hesab edir ki, Ermənistanın KTMT-dən bütün istəkləri və çağırışları tutarsızdır və heç bir hüquqi əsası yoxdur.

Onun sözlərinə görə, Qarabağın və ətraf rayonların əraziləri KTMT-nin fəaliyyət sahəsinə düşmədiyi üçün bu vəziyyətə fərqli kateqoriyada baxmaq lazımdır.

“Hesab edirəm ki, KTMT-dən hansısa kömək gözləmək lazım deyil. Kömək ehtimalı azdır. Davranışlarla KTMT ortaya qoyub ki, Ermənistan Azərbaycanla təkbətəkdir. Paşinyanın cəhd etdiyi bütün digər addımlar mənasızdır, heç bir müsbət nəticə olmayacaq”, - Mavaşev vurğulayıb.

Politoloq İlqar Vəlizadə AYNA-ya açıqlamasında deyib ki, Ermənistanın bundan əvvəl də, dünənki sammitdə də KTMT ilə bağlı bəzi planları var idi. Onun sözlərinə görə, İrəvan KTMT ilə hər zaman alver etmək niyyətində olub: “Əsasən Ermənistanın qərbyönümlü müxalifətinin arzusu kimi meydana çıxan bu iddialar bəzi məqamlarda dövlət üçün də əlverişlidir. Ermənistan siyasi dairələri KTMT mövzu ilə siyasi spekulyasiya aparmaq istəyirlər. Amma Rusiya Ermənistanın istəklərini, KTMT-dən çıxmaqla bağlı iddiaları ciddi qəbul etmir. Paşinyan hansısa cəhd göstərdi, amma alınmadı. Sənədi imzalamamaqla da guya KTMT-dən çıxmağın anonsunu verdi. Amma bu baş tutan deyil”.

“Hesab edirəm ki, Ermənistan KTMT-ni tərk etməyəcək. Çünki KTMT faktiki olaraq Rusiyanın partonajlığı altında yaranan və fəaliyyət göstərən qurumdur. KTMT-dən çıxmaq üçün də Rusiyanın razılığı alınmalıdır. Kremldən icazəsiz bunu etmək qeyri-mümkündür”, - analitik əlavə edib.

Politoloq xatırladıb ki, KTMT Ermənistanın Azərbaycana təsir göstərməsi üçün bir alət idi: “Artıq bu alət işləmir. Daha doğrusu, işləmədiyinin əyani şahidi olduq. Hazırda nə KTMT, nə də digər amillər Azərbaycana təsir göstərmək gücündədir. Birincisi, KTMT-də təmsil olunan ölkələrin hamısı Azərbaycanla yaxşı münasibətlərini, dostluqlarını Ermənistana görə pozmaq niyyətində deyillər. İkincisi, Rusiyanın özünün də durumu qənaətbəxş deyil. Lakin Rusiya Ermənistanı cəzalandırmaq gücünü də hələ ki, saxlayır. Azərbaycanın KTMT-nin digər ölkələri ilə münasibətləri elə statusdadır ki, Ermənistan burada hər hansı bir təsir imkanı qazanmaq iqtidarında deyil. Dünənki sammit də bunun məntiqi nəticəsi idi”.

Müəllif: Anar Bayramoğlu