“Koronavirusa qarşı mübarizə yaxın zamanda öz səmərəsizliyini göstərəcək”

Aktual

23.09.2020 - 21:07

COVID-19 peyvəndinin hələ də hazır olmaması suallar meydana çıxarır və fərqli ekspert rəyləri var

 

Müxtəlif məlumatların yayılmasına baxmayaraq, COVID-19 peyvəndinin hələ də tam olaraq təsdiqlənməməsindən dolayı narahatlıqlar davam edir. İnfeksionist Vüqar Cavadzadənin AYNA-ya dediyinə görə, bu, yeni növ infeksiya olduğu üçün, hələ onun virusoloji xüsusiyyətləri tam bilinmir: “Onun virusoloji, epidemioloji, xəstələr üzərində olan klinik xüsusiyyətləri hələ tam öyrənilməyib. İnsanlar koronavirusa yoluxduqda, ağciyər toxumalarında hansı fəsadları törədir? Bu sualın cavabı da məlum deyil”.

 

Mütəxəssis bildirib ki, digər tərəfdən virusun özünün ştamları mutasiyaya uğradığına görə, yəni yeni ştamlar əmələ gəldiyinə görə və hər yeni əmələ gələn ştamlar müxtəlif ağırlıq dərəcəli xəstəliklər törətdiyinə görə, vaksin hazırlanma məsələsi bir az çətin prosesdir: “Düzdür, ayrı-ayrı ölkələr buna cəhd edir. Amma bir vaksinin özünü sübut etməsi, effektli olmasını yoxlamaq üçün illər lazımdır. Artıq koronavirusun on aydır meydana gəlməsinə baxmayaraq, on ayın özü də çox az bir vaxtdır. Bunun üçün həmin vaksin hazırlanmalı və istifadə olunmalıdır. İstifadə olunduqdan sonra onun effektivlik dərəcəsi yoxlanmalıdır. Bunun üçünsə müyyən vaxt və illər lazımdır. Elmi tədqiqat işləri aparılmalıdır”.

Cavadzadə hesab edir ki, qısa zaman ərzində effektli preparatların hazırlanması mümükün deyil: “Bunun üçün çox böyük bir zaman lazımdır. Vaksinin təsdiq edilməsi üçün 10 ay çox az bir müddətdir. Digər tərəfdən, peyvəndin hazırlanması çətin olacaq. Çünki virus mutasiyaya uğrayaraq, formasınıı dəyişir. Mutasiyaya uğrayan mikroorqanizmlər üçün peyvəndin hazırlanması effektli olmur, peyvənd bir ştama görə hazırlanır. Əgər o ştam sonra öz virusoloji formasını dəyişirsə, hazırlanan peyvənd effektli olmur. Düzdür, ayrı-ayrı ölkələr bu sahədə müəyyən nəticələr əldə etməyə cəhd göstərir. Məncə, bu, çox uzun zaman aparacaq və çətin mərhələlərdən keçəcək”.

 

Pulmonoloq İbrahim Əsədli isə AYNA-ya deyib ki, peyvəndlərin hazırlanması üçün xüsusi texnolgiya mövcuddur: “Məsələn, tanınmış çiçək xəstəliyi (ospa) üçün peyvəndləri hazırlamaq üçün həmin peyvəndi ilk olaraq inək və atlara vururdular, onlarda xəstəlik əmələ gəlirdi. Xəstəlik nəticəsində onların qanında anticismlər yaranırd. Həmin anticismləri götürüb, heyvanları öldürürdülər və bir neçə ton qanı çəkirdilər. Həmin qandan peyvənd düzəldirdilər. Sonra da həmin peyvəndləri insanlara vururdular”.

İbrahim Əsədli — Pulmonoloq | HekimTap

“Bu proses mikroblar üçün keçərlidir, lakin viruslar üçün qəlizdir. Çünki virusların çoxsayda çeşidləri var. Genatipləri, seratipləri fərqlidir. Və bir virusa qarşı hazırlanmış peyvənd o biri növ virusa qarşı effektsiz olur.  Koronavirus ailəsinin qırxdan çox növü mövcuddur. Üstəlik, hər növün də 30-40 altnövləri var. Ona görə də COVID-19 üçün hazırlanmış peyvəndin effekti ola bilsin ki, cəmi bircə dəfə olsun”, - həkim bildirib.

 

Müsahibimiz peyvəndlərlə məşğul olan şirkətlərin arasında sanki mübarizə getdiyini vurğulayıb: “Onların əsas məqsədi gəlir əldə etməkdir. Ona görə də onlar insanları xilas etməyə maraqlı deyillər.  Böyük farma şirkətlərinin əsas məsələsi gəlir əldə etməkdir. Buna görə də istifadə olunan bütün peyvəndlər insanları məhv etmək üçündür.  Onların insanlara artıq heç bir faydası yoxdur”.

 

“Ümumiyyətlə, COVID-19-un peyvəndləmə anlayışı effektsizdir. Bu virusun qarşısının alınması üçün insanların immun sisteminin qaldırılması, iqtisadiyyatın möhkəmləndirilməsi və başqa idarəetmə üsuluna keçilməsi vacibdir. Amma dünyada bu istiqamətdə heç bir iş görülmür. Bütün işlər köhnə paradiqma əsasında görülür, bu da öz effektsizliyini yaxın zamanlarda göstərəcək”, - Əsədli əlavə edib.

Müəllif: Ülviyyə Şahin