Kaxovka SES-dəki faciə başlanğıcdır: indi Zaporojye AES fəlakəti hazırlanır

Dünya

08.06.2023 - 22:45

Rusiyanın AES-də faciə hazırlaması ehtimalını artıran 4 detal: eskalasiya dərəcəsi artırılacaq

Rusiya dünyanı öz cinayətlərinə hazırlamaq üçün ilk dəfə deyil ki, sadə KQB metodundan istifadə edir. Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması əvvəlcədən hazırlanmışdı. Stansiya hələ oktyabr ayında, Xerson bölgəsində işğalçıların "xoşməramlı jesti" ərəfəsində minalanmışdı. Hətta heç kimə sirr deyildi ki, partlayıcı maddələr səthdə deyil, dərinliklərdə yerləşirdi. Üstəlik, Rusiyanın təbliğat kanallarında Ukrayna Silahlı Qüvvələri hücuma keçsə, bu partlayıcıları işə salacaqları barədə məlumatlar yayılırdı... Yəni artıq dediklərini həyata keçirirlər. Cinayət əvvəlcədən elan edilmişdi.

Kaxovka SES-də baş verən faciə yalnız başlanğıcdır. Təəssüf ki, biz Zaporojye Atom Elektrik Stansiyası (AES) üçün də oxşar təhlükəni nəzərə almalıyıq. Bunun baş verə biləcəyinə dair bir neçə əlamət var.

Birincisi, yenə də hazırlıq gedir. Belə ki, may ayında işğalçılar AES personalının əksəriyyətini təxminən yarım aylığına stansiyadan göndərdilər. Və orada “gözə görünməz” nəsə etdilər. Mənbələrim deyir ki, həmin müddətdə neçə çadırlı “KaMAZ” markalı maşınlar AES ərazisinə daxil olub, hətta gecələr də nəsə daşıyıblar. İndi ruslar iyunun 8-dən 12-nə qədər stansiyadakı şəxsi heyətin sayını yenidən azaldır. Federal tətillər bəhanəsi ilə AES-də minimum sayda işçi qalır.

İkincisi, mayın 30-da Vladimir Putin yenidən “çirkli bomba”nı xatırladıb və onun yaradılmasını Ukrayna Silahlı Qüvvələrinin AES-i işğaldan azad etmək niyyətləri ilə əlaqələndirib.

Üçüncüsü, elə həmin mayın 30-da Rusiya hökumətinin Rusiyanın işğal etdiyi ərazilərdə (sənəddə Rusiya Federasiyasının “özünün” hesab etdiyi “regionlara” aid edilməsi ilə bağlı fərmanı ortaya çıxdı - Xerson, Zaporojye, Donetsk, Luqansk vilayətləri) hərbi əməliyyatlarla bağlı texnogen qəzaların araşdırıldığı elan edildi.

Məni nə narahat edir? Məsələ burasındadır ki, bu qərar 2028-ci il yanvarın 1-dək qüvvədə olacaq. Amma bu tarix təsadüfən seçilməyib. Bu, Vladimir Putinin 5 oktyabr 2022-ci il tarixli “Zaporojye AES-in Rusiya Federasiyasının mülkiyyətinə verilməsi haqqında" fərmanından irəıli gələn tarixdir. Xüsusilə, orada bildirilir ki, Zaporojye AES-in istismarı üçün Ukrayna lisenziyaları, eləcə də stansiya personalının lisenziyaları 2028-ci il yanvarın 1-dək qüvvədədir...

Dördüncüsü, keçən həftə Enerqodarda bir növ mühüm çaxnaşma baş verdi. Belə ki, Rusiya Federasiyasının Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova (sovet dövründə kütləvi qırğın silahlarının tətbiqi ilə məşğul olan keçmiş 3 saylı şöbə) ilə bağlı məlumat verildi. Rusiya mətbuatının məlumatına görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti radiasiya fonunu yoxlayıb, radiasiya qəzası qurbanlarını qəbul etmək üçün 10 çarpayılıq “ixtisaslaşdırılmış şöbə” açıb. Bundan sonra fövqəladə hallara hazırlığı təmin edən bu “dəstə” Enerqodarda gecə-gündüz növbətçiliyə başlayıb və ərazidə radiasiya xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün daim hazır vəziyyətdədir.

Yəni ki, hazırlaşırlar. Bütün bu dolayı əlamətlər onu göstərir ki, işğalçılar məğlubiyyəti elə-belə həzm etməyəcəklər. Onlar eskalasiya dərəcəsini artırmağa hazırlaşırlar. Ona görə də Kaxovka bəndinin dağıdılması yalnız başlanğıcdır. Növbədə Zaporojye AES-dir.

Müəllif: Olqa Koşarnaya - Nüvə enerjisi və nüvə təhlükəsizliyi üzrə ekspert.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə