Rəvanə Əliyeva: “İndidən heç kim deyə bilməz ki, karantin hansı müddətə qədər uzadılacaq və sona çatacaq”
Nazirlər Kabineti yanında Operativ Qərargahın 15 may tarixli brifinqində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının verdiyi bir açıqlama hələ də müzakirə olunur. Belə ki, o, yaxın 1 il ərzində vaksinin əldə olunmasının gözlənilmədiyini və buna görə də bu müddət ərzində qaydalar çərçivəsində yaşamağa alışmağın lazım olduğunu bildirmişdi.
“Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək. Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq. Ən azı ilin sonuna qədər karantin rejimində, tibbi maska və əlcəklərdən istifadə etməklə kontrollu həyat tərzi ilə yaşayacağıq”, - Bayramlı qeyd etmişdi.
Lakin TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva AYNA-ya açıqlmasında deyib ki, sözügedən brifinqdə elə fikir səslənməyib: “Brifinqdə deyildi ki, biz bir il müddətində bu qaydalara riayət etməliyik. Ən azı bir il ərzində kontrollu sosial həyatı yaşamaq məcburiyyətində olacağıq. Lakin karantinin ilin sonunadək davam edəcəyini, yaxud ondan sonra da uzanacağını heç kim deyə bilməz”.
“Hansısa müəssisələrin, ictimai iaşə obyektlərinin açılması və digər məsələlərlə bağlı hər 14 gündən bir Tibbi Qərargahın tövsiyələri və statistik məlumatlara əsasən, Operativ Qərargah tərəfindən qərar verilir. Ona görə, indidən heç kim deyə bilməz ki, karantin hansı müddətə qədər uzadılacaq və sona çatacaq. Bu barədə statistik göstəricilərə və vəziyyətə uyğun olaraq Operativ Qərargahın qərarı olur. Yəni proses gedişata uyğun olaraq qiymətləndirilir”, - deyə qurum sözcüsü əlavə edib.