“Kanal 7”nin əməkdaşlarına hücumla bağlı istintaq aparılır

Dünya

04.06.2020 - 17:04

Hadisəyə görə iki polis məcburi məzuniyyətə göndərilib

 

ABŞ-ın paytaxtı Vaşinqtonda etiraz aksiyası zamanı iki avstraliyalı jurnalistin polis hücumuna məruz qalması, istintaq işinin başlanmasına səbəb olub. AYNA xəbər verir ki, bu barədə ABŞ Park Polis İdarəsinin rəisi Qreqori Monahan “Twitter”də məlumat verib.

 

Monahan hadisəyə görə, iki polisin məcburi məzuniyyətə göndərildiyini bildirib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ polisi nümayişçiləri Ağ Evin ətrafından uzaqlaşdırarkən “Kanal 7” televiziyasının əməkdaşları Tim Myers və Amanda Braceyə hücum edib və hücum anı kameralara əks olunub.

 

Avstraliyanın dövlət katibi Marise Payne ABŞ polisinin Avstraliya jurnalistlərinə etdiyi hücumu “ciddi məsələ” adlandırıb. Baş nazir Skott Morrison isə Avstraliyanın Vaşinqtondakı səfirliyindən hadisənin araşdırılmasını tələb edib.

Müəllif: Ayna.az