Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, satmaq məqsədi ilə gizlətdiyini bildirib
Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər Polis İdarəsinə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub.
İdarənin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.