Eyyub Kərimli: “Yeni iqtisadi trendlər Qarabağdan başlayacaq”
Avqust ayının 17-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və bilavasitə yardımı ilə bir qrup QHT nümayəndəsi Ağdam şəhərini ziyarət edib. Həmin nümayəndələrlə birlikdə səfərdə iştirak edən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli öz təəssüratlarını və fikirlərini AYNA ilə bölüşüb.
Ağdamda qarşılaşdığı mənzərənin dəhşətindən danışan Kərimli daşın daş üstündə qalmadığını deyib: “Mənzərə çox dəhşətli idi. İnsan erməninin bu vəhşiliyini, vandallığını, miskinliyini ifadə etməyə söz tapa bilmir. Mənfur düşmən torpağımızda daşı daş üstündə qoymayıb, ağaclara belə, qənim kəsiliblər. Bizə məlumat verdilər ki, hətta kanalizasiya xətlərini belə, qazıb aparıblar. Ümumi mənzərə çox kədərli idi. Hər nə qədər televiziyadan görsək, eşitsək də, canlı olaraq qarşılaşdığım mənzərə mənim üçün gözlənilməz idi. Qadınlı-kişili hər birimiz bu mənzərə qarşısında çox kövrəlmişdik”.
Həmsöhbətimiz bildirib ki, düşmən Ağdamı fiziki cəhətdən məhv etsə də, ruhunu öldürə bilməyib: “Dram teatrının qalıqları qarşısında 3 əzəmətli çinar ağacı var idi. Bu, sanki Ağdamın yaşıl təbiətindən qalan yeganə nişanə idi. Kim bilir, bu ağaclar nələr görüb, nələrə şahidlik edib, amma əzəmətindən nəsə itirməyiblər. Onların yanında da yeni çiçəklənən nar ağaclar var idi. Bunu gördükdən sonra analadım ki, şəhərin ruhu özündədir, yaşayır, onu məhv edə bilməyiblər. Necə ki 28 illik işğal dövründə bu xalqın əzəmətini, ruhunu qıra bilmədilər, biz bu gün ora qayıtdıq, eləcə də Ağdamın ruhuna toxuna bilməyiblər. Çox şükür bu günə ki, biz Qarabağa qovuşduq, Qarabağ torpağı da doğma insanlarının ruhuna qovuşdu”.
Kərimli vurğulayıb ki, Ağdamın qalıqları belə, nə qədər möhtəşəm və iqtisadi baxımdan əhəmiyyətli bir şəhər olduğundan xəbər verir: “Ağdam Qarabağın mirvarisidir. Oradakı yaşayış binalarını, Ağdam şəhərinə yaxın Qərvənd, Seyidli, Qiyaslı və digər kəndləri gördükdən sonra bir daha əmin olursan ki, Ağdam Qarabağın iqtisadi mərkəzi olub. İnsanlar orada rifah həyat yaşayıblar”.
“İşğaldan əvvəl Ağdamda 1700 hektar meşə sahəsi, 91 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi olub. Həmçinin istehsal potensiallı 29 kənd təsərrüfatı müəssisəsi, 27 sənaye, 13 kolxoz, 12 sovxoz, minə yaxın insanın çalışdığı “Dəzgahqayırma zavodu” olub və Ağdamda istehsal olunan məhsullar 125 şəhərə ixrac olunub. İşğaldan öncə 80 min ton taxıl istehsal edilirdi və bu da böyük göstərici idi. İnsanların həm işlə təminatı, həm ümumilikdə maddi rifahına böyük kömək edirdi”, - deyə iqtisadçı fikrini davam etdirib.
Qeyd edib ki, Ağdama dəyən zərər hesablanarkən məsələyə bir yox, bir neçə istiqamətdən yanaşmaq lazımdır: “Biz Ağdama dəyən ziyanı təkcə maddi, ekoloji yox, həm də itirilmiş fayda nöqteyi-nəzərdən ölçməliyik. Belə ki, alternativlər götürsək, Ağdamın o vaxtkı iqtisadi potensialına bərabər olan rayonların hazırkı inkişafı və iqtisadi potensialı ilə müqayisə edəsi olsaq, nə qədər itirilmiş faydanın olduğunu görərik. Bunun özü də böyük iqtisadi itkidir”.
Müsahibimiz hesab edir ki, Qarabağ bölgəsinin, həmçinin də Ağdamın bərpası çətin də olsa, tez bir zamanda bunun öhdəsindən gələcəyik: “Gələcəkdə Qarabağ bölgəsinin iqtisadi inkişafı digər bölgələrdən daha intensiv olacaq. Azərbaycan iqtisadiyyatının diqqəti, istiqaməti Qarabağ olacaq. İqtisadi trendlər Qarabağda yaranacaq. Yeni tarixdə biz buna bənzər halları müşahidə etmişik. Qazaxıstanın Astana şəhərinin 24 il öncə əsası qoyuldu və bu gün ora böyük bir şəhərdir və bütün Qazaxıstanın iqtisadi trendi Astanada formalaşır. Bizdə də Qarabağ zonası Azərbaycanın iqtisadi meyillərini müəyyənləşdirəcək, iqtisadi və sosial siyasətinə çox mühüm və əhəmiyyətli təsir göstərəcək”.
Kərimli Qarabağda insaların minimal yaşayını təmin etdikdən sonra insanları oraya köçürməyi vacib sayır: “Hazırda Qarabağ üçün 300 milyon manata yaxın vəsait ayrılıb. Bu, infrastruktur layihələrin həyata keçirilməsini təmin edəcək. Bu gün dövlətimizin ümdə duran məsələlərdən biri orada infrastruktur layihələrin həyata keçirilməsidir. Hesab edirəm ki, ikinci məsələ insanlarımızın yaşayışını təmin etmək üçün minimal şəraitin yaradılması və əhalinin oraya köçürülməsini təmin etmək olmalıdır. Əhali oraya köçürüldükdən sonra bütün iqtisadi, işsizlik, invesitiya problemləri həll olunacaq. Həmçinin əhalinin qurub-yaratmaq işlərində, iqtisadi aktivliyin təmin edilməsində əlavə rolu olacaq. Bu da iqtisadi inkiafı gücləndirəcək. Yəni öncə əhaliyə minimal şərait yaratmaqla insanların köçürülməsini təmin etmək lazımdır ki, bu, digər inkişaf meyillərinin də dinamikasını artırsın, iqtisadiyyatın digər sahələrinin də inkişaf etdirməyə kömək etsin”.
Mina probleminə toxunan iqtisadçı əminliyini bildirib ki, təmizlənmə işlərindən sonra iqtisadi inkişafa nail olmağımız mümkün olacaq: “Biz səyahətimiz zamanı orada ensiz bir cığırla hərəkət edirdik. Hazırda Qarabağ bölgəsinin qarşısında duran ən mühüm problemlərdən biri minalardır. Bu, mürəkkəb məsələlərdən biridir. Hesab edirəm ki, minalar təmizləndikdən sonra dövlətimiz bu missiyanın öhdəsindən layiqincə gələcək. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və tövsiyələri ilə biz o iqtisadi inkişafa nail olacağıq. Qarabağ iqtisadi zonası Azərbaycanın lokomotivinə çevriləcək”.