İran və “Hizbullah” partlayışdan sonra Qaani ilə əlaqə saxlaya bilməyib
İranın “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani Beyruta səfəri zamanı itkin düşüb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, İsrail sentyabr ayında Beyruta endirdiyi zərbələrlə “Hizbullah” lideri Həsən Nəsrullahı məhv etdikdən sonra Qaani Livana gedib. İranın iki yüksək rütbəli təhlükəsizlik rəsmisi agentliyə bildiriblər ki, Qaani ötən həftənin sonundakı zərbələrdən bu yanadır yoxa çıxıb və onunla əlaqə yoxdur.
Rəsmilərdən biri bildirib ki, cümə axşamı günü partlayış baş verən zaman Qaani Beyrutun cənubundakı Dahiyə kimi tanınan şəhərətrafı qəsəbədə olub. Bu hücumun “Hizbullah”ın yüksək rütbəli məmuru Haşim Səfiəddinə qarşı yönəldiyi bildirilir. Lakin rəsmi Qaaninin Səfiəddin ilə görüşmədiyini iddia edir.
Rəsmi əlavə edib ki, İran və “Hizbullah” bu partlayışdan sonra Qaani ilə əlaqə saxlaya bilməyib.
İkinci rəsmi həmçinin Qaaninin Nəsrullahın öldürülməsindən sonra Livana getdiyini və “Hizbullah”ın növbəti lideri Səfiəddin vurulandan sonra İran rəsmilərinin onunla əlaqə saxlaya bilmədiyini bildirib.
“Hizbullah” hələ ki, Səfiəddinlə bağlı vəziyyəti şərh etməyib.