İrandan Qafqaza İsraillə bağlı xəbərdarlıq: Tehran rejimi hədələrində “irəli” getdi

Siyasət

11.03.2023 - 10:18

Mərkəz rəhbəri: “Tehrandakılar anlamalıdırlar ki, Azərbaycan artıq 2020-ci ildən əvvəlki Azərbaycan deyil”

İran yenidən Cənubi Qafqaz ölkələrini, daha doğrusu, Azərbaycanı təhdid edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib ki, Tehran bütün dövlətləri İsrailin davranışı ilə bağlı ağıllı davranmağa və İsrailin Qafqaz regionu ərazisinə daxil olmasına icazə verməməyə çağırır.

“Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”, - XİN başçısı bəyan edib.

İran xarici siyasət idarəsinin rəhbərinin bu xəbərdarlığının əsasən Azərbaycana olduğu sirr deyil. Ekspertlər hesab edir ki, bu bəyanat Tehrandan Bakıya təhdidlərin dayanmadığının göstəricisidir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-ya müsahibəsində deyib ki, İran rəsmiləri hədə-qorxu tipli çıxışları adətən Tehrandan edirlər:

- İndi Türkiyədə belə tonda danışmaları bir qədər qəribədir. Görünür Tehran rejimi bir qədər “irəli” gedib. Hansı ölkəyə rəsmiləri səfər edirsə, oradan da mesaj göndərirlər. Türkiyədə Abdullahianın belə bir bəyanat verməsi əlbəttə, səbəbsiz deyil. Türkiyə Azərbaycanın dostu, qardaşı və strateji müttəfiqidir. Ola bilsin ki, Tehran rejimi özünü güclü göstərmək istəyindədir.

Mən bilmirəm hörmətli Çavuşoğlunun bu bəyanata reaksiyası necə olub. Hesab edirəm ki, Çavuşoğlu “hər bir Cənubi Qafqzaz ölkəsinin tərəfdaş seçməkdə müstəqil hüququ var” deməli idi. Ümumiyyətlə, Tehran rəsmilərinə hər belə bəyanatda tutarlı cavab verilməlidir.

- İndiki məqamda Abdullahianın belə açıqlama verməsi nədən qaynaqlandı?

- Bununla görünür ki, Azərbaycanı hədələməyə çalışır. Düzdür, Cənubi Qafqazda tək ölkə Azərbaycan deyil, amma İsraillə yaxın tərəfdaş məhz Azərbaycandır. Bu baxımdan bəyanatın ünvanının Bakı olduğu açıq ortadadır.

Yəni ki, İranın XİN başçısı Azərbaycanı hədələməyə çalışır. Məlumdur ki, Prezident İlham Əliyev Bakı Qlobal Forumunda iştirak edən İsrail nümayəndələri ilə görüşlər keçirdi, geniş müzakirələr apardı. Dünən Prezident İsrailin kəşfiyyat nazirini qəbul edib. Bu baxımdan, düşünmək olar ki, Tehran Bakıya mesajlar verir.

Amma bunlar mənasız təhdidlərdən başqa bir şey deyil. Əvvəllər Azərbaycan hakimiyyətini belə mesajlar ehtiyatlı olmağa vadar edirdi. Hətta buna görə Azərbaycan illərlə yanlış olaraq İsraildə səfirlik açmadıq. Amma indi o mərhələni keçmişik.

- Demək istəyirsiniz ki, Bakı Tehrandan gələn xəbərdarlıqlardan indi çəkinmir?

- Əlbəttə ki, çəkinəcəyimiz bir durum yoxdur, ehtiyatlanmırıq da. İran İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı o qədər təxribatlar etdi ki... Tehrandakı səfirliyimizə qarşı terror hücumu həyata keçirildi. Bundan betəri nə ola bilər ki?!

Bakı indi seçimində sərbəstdir. Azərbaycan İsraillə tərəfdaşlığı genişləndirir və bu, Azərbaycanın milli maraqlarına uyğundur. Ona görə də Abdullahianın, yaxud digər İran rəsmilərinin hansısa xəbərdarlığının heç bir əhəmiyyəti yoxdur. Tehrandakılar anlamalıdırlar ki, Azərbaycan artıq 2020-ci ildən əvvəlki Azərbaycan deyil.

Müəllif: Anar Bayramoğlu