İrandan məntiqsiz addımlar: "Nüvə dövləti ilə zarafat Tehrana baha başa gələ bilər"

Dünya

24.01.2024 - 18:02

Mərkəz rəhbəri: “Pakistan İran ərazisini vurmaqla xəbərdarlıq etdi ki, Tehran özünü yığışdırsın”

Yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə raket zərbələri endirildi. Rəsmi Tehran hədəfin oradakı “terror qruplaşmaları” olduğunu bəyan etdi. Həmin gün Pakistan Xarici İşlər Nazirliyi zərbələr nəticəsində iki uşağın həlak olduğunu, üç qız uşağının da yaralandığını təsdiqlədi. Bundan sonra rəsmi İslamabad İrandakı səfirini geri çağırmaq qərarını açıqladı. Pakistan XİN-nin bəyanatında, həmçinin qeyd olunurdu ki, yanvarın 16-da “İran tərəfindən Pakistanın su­verenliyinin əsassız və açıq şəkildə pozulması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsipləri­nin pozulması anlamına gəlir”. Bəyanatda bildirilirdi ki, Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır: “Nəticələrə görə, məsuliyyət tamamilə İranın üzərinə düşəcək”.

İslamabadın İrana cavabı yanvarın 18-də oldu. Belə ki, Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirməsi tehrana cavab sayılır. Pakistan İran ərazisinə zərbələr endirdiyini təsdiqlədi və rəsmi İslamabad “terrorçuların sığınacaqlarına” hücum edildiyini bildirdi.

Sonradan ölkələr arasında münasibətlərin düzəldiyi açıqlansa da, ekspertlər iki İslam ölkəsi arasında gərginliyi regional təhlükəsizliyə böyük təhdid kimi qiymətləndirirlər. Bəzi analitiklərin qənaətincə belə gərginlik növbəti dəfə baş verərsə, Yaxın Şərqdə olduğu kimi, Mərkəzi Asiya da münaqişə mərkəzinə çevrilə bilər.

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, məntiqlə yanaşılsa, İran özünü indiki məqamda sakit aparmalıdır:

- Çünki İran ətrafında vəziyyət gərgindir, Qərblə münasibətlər yaxşı deyil, sanksiyalar ölkəni iflas vəziyyətinə gətirir. Hər an İranın daxilində təlatümlər başlaya bilər. Amma general Qasım Süleymanın ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən tədbirlər zamanı baş verən terror aktları İrandakı mərkəzləri hərəkətə gətirdi. Onlar düşündülər ki, bu terror aktlarına hansısa formada cavab verməlidirlər.

- Söhbət hansı mərkəzlərdən gedir?

- İrandakı mərkəzlər dedikdə SEPAH-ın komandan heyətini nəzərdə tuturam. SEPAH inqilabla birlikdə yaranıb və məqsəd inqilabı qorumaq olub. Amma son onilliklər ərzində SEPAH İran ordusuna paralel ordu qurumuna çevrildi və çox böyüdü. Hazırda İran daxilində də, xarici ölkələrdə də SEPAH müxtəlif fəaliyyətlər göstərir, terror aktları həyata keçirir. Pakistana zərbələr də məhz SEPAH komandanlığının aldığı qərar əsasında həyata keçirildi. Bəzən deyilir ki, SEPAH ali dini lider Seyid Əli Xameneiyə tabedir və əmri o verib. Nəzərə almaq lazımdır ki, Xamenei 80 yaşı keçib, əmr vermək halında deyil. Dini lider ümumi göstərişlər verə bilər, amma bütün addımlar SEPAH rəhbərliyinin qərarına əsasən atılır. Bu hərbi qurum nə dövlətə hesab verir, nə Prezidentə. SEPAH əməliyyat keçirir, ondan sonra bütün yük qalır İran siyasi strukturlarının üzərində. Çünki beynəlxalq aləm tərəfindən hesabatlar rəsmi Tehrandan istənilir. Məsələn, Pakistana raket zərbəsindən sonra İranın xarici işlər nazirindən Davosda bunun səbəbi soruşuldu.

SEPAH təhlükəli oyuna girir. Bir gündə həm İraqdakı Ərbil şəhərini vurdular, həm də Pakistana zərbələr endirdilər. Adını da qoydular ki, guya oradakı bəluclar İrana hücuma keçirlər. Bu, təhlükəli oyundur və İran üçün baha başa gələ bilər.

- Sonunda bunlar İran-Pakistan müharibəsi ilə nəticələnə bilərmi?

- Bilmirəm İran hakimiyyəti, SEPAH rəhbərliyi bunu hesablayıb, ya yox, amma nəzərə alınmalıdır ki, Pakistan İraq deyil. İraqın mərkəzi hakimiyyəti zəifdir, gücsüzdür. Amma Pakistanda belə deyil, eyni zamanda, nüvə dövlətidir. İran kiminlə zarafat etdiyinin fərqindədirmi?! Pakistanla zarafat etmək Tehrana baha başa gələ bilər. Pakistan bu raket zərbələrinə cavab verdi. Cavab verməyə də bilməzdi. Cavab verməsəydi, boşluq buraxacaqdı, sonrakı mərhələdə İran yenə də zərbə endirə bilərdi. Pakistan İran ərazisini vurmaqla xəbərdarlıq etdi ki, Tehran özünü yığışdırsın. Düzdür, sərhəddə, Bəlucistan ərazisində nəzarətsiz ərazilər var, separatçılar mövcuddur. Amma bu o demək deyil ki, SEPAH-ın hansısa generalının ağlına gələndə Pakistanı vuracaq.

İnanmıram ki, İran Pakistanla müharibədə maraqlı olsun. Göründüyü kimi, sakitlik yarandı, İran geri çəkildi. Amma bundan sonra Pakistana qarşı addımlara sərt cavab veriləcək. Bu, şübhə doğurmamalıdır.

- Ola bilərmi ki, İran Yaxın Şərqdəki gərginliyi Mərkəzi Asiyaya daşımaqda maraqlı olsun?

- İnanmıram ki, İran müharibədə maraqlıdır. Yaxın Şərq kimi, Mərkəzi Asiya da İrana sərhəd ərazidir. İran sərhədlərində müharibənin olmasında məntiqlə maraqlı olmamalıdır. Ola bilsin ki, İranın daxilindəki mərkəzlər arasında ixtilaflar dərinləşməkdədir. Hesab etmirəm ki, İranda qərar verən siyasi mərkəzlər qonşu dövlətlərlə münasibətlərin bu qədər gərginləşməsində maraqlı olsunlar. Məsələn, İran Prezidentinin ətrafındakı institutlar qonşu dövlətlərlə gərginliyin yaranmasında, sərhədləri yaxınlığında müharibələrdə, özünün də müharibəyə qoşulmasında niyə maraqlı olmalıdır ki... Görünür, mərkəzi hakimiyyətin əksinə olaraq, SEPAH fərqli düşünür, gərginlikdə maraqlıdır.

İnanmıram ki, Mərkəzi Asiyada da gərginlik dərinləşsin. Nəzərə almaq lazımdır ki, bu bölgəyə nəzarət həm də Çindədir. Çin sərhədləri yaxınlığında və nəzarətində olan ərazilərdə gərginlik arzulamaz. Buna görə də Pekin buna imkan verməz. İran da bunu başa düşür. Hər halda Tehranda da sağlam düşüncəli şəxslər var və onlar məntiqsiz qərarlara qarşı çıxacaqlar.

- Baş verənlərin Azərbaycana təsirləri nələrdir?

- Bölgədə real təhlükələr mövcuddur. Nəzərə almaq lazımdır ki, dünyada qarışıq vəziyyətdir. Yaxın Şərqdə müharibə gedir, Rusiya-Ukrayna müharibəsinin bu il də bitməsi gözlənilmir. Çin ətrafında da vəziyyət gərgindir. Tayvanda keçirilən prezident və parlament seçkilərinin nəticələri orada da bir münaqişə ocağının alovlana biləcəyindən xəbər verir. Əlbəttə, bütün bu baş verənlərin, regiondakı gərginliklərin Azərbaycana təsirləri var. Bizim qarşımızda sual var: dövlət və millət olaraq özümüzü necə qorumalıyıq?! Düşünürəm ki, gərginliklərdə iştirakçı olmamalıyıq. Hazırda Azərbaycan özünü qorumaq üçün iki yolla gedir. Birincisi, çalışırıq ki, nə İranla, nə də Rusiya ilə münasibətləri gərginləşdirək. İkincisi, Türkiyə ilə ittifaqı gücləndiririk. Əgər təhlükə yaranaarsa, Türkiyə ilə ittifaq bizi xilas etsin. Hesab edirəm ki, bu iki yol bizi təhlükələrdən qoruyur. Eyni zamanda, Azərbaycan Ordusu gücləndirilməlidir, silah-sursat təminatı yetərincə olmalıdır. Hansı ki, bu siyasət də həyata keçirilir.

Müəllif: Anar Bayramoğlu