İqtisadi böhran təhlükəsi: <font color=red> Ev təsərrüfatları üçün risklər</font>

İqtisadiyyat

11.04.2020 - 19:48

Həkimlər Klinikalar SEO Xidməti

Sahibkarın və ev təsərrüfatlarının durumu yaxşıdırsa, banklar əsasən problemsiz fəaliyyət göstərəcək

 

COVID-19 pandemiyasının qlobal iqtisadiyyata gətirdiyi fövqəladə təlatüm dünya neft birjalarında zəlzələ yaratdı. Martın 6-da OPEC və Rusiya arasında bazarda təklif həcminin azaldılması ilə bağlı razılaşmanın pozulması birjalarda neftin qiymətini 2001-ci ildən sonra ən aşağı həddə – 21 dollara qədər ucuzlaşdırdı. Hətta Rusiya və ABŞ daxil olmaqla bir sıra hasilatçı ölkələrdə xam neftin bazar qiymətləri maya dəyərindən də aşağı düşdü.

 

Təxminən 10 illik (2005-2014-cü illər) sürətli iqtisadi artımın ardınca cəmi 5 il əvvəl ağır iqtisadi sarsıntı keçirən Azərbaycanda baş verənlərlə bağlı çox dərin naratlıq yaşanmaqdadır. Bir tərəfdən koronavirus iqtisadiyyatın bir sıra sahələrini, xüsusilə də 10 minlərlə insanın çalışdığı turizm, ictimai-iaşə və topdansatış ticarətini tam çökdürüb, digər tərəfdən isə büdcəsinin ən azı 60%-i neftdən formalaşan ölkə qısa müddətdə birjalarda qiymətlərin 2.5 dəfəyə yaxın azalması səbəbindən ciddi valyuta itkiləri ilə üzləşib.

 

Belə şəraitdə milli valyutanın kəskin dəyər itirməsinin şokundan hələ də özünə gəlməmiş əhali – ev təsərrüfatları üçün hansı risklər var, mövcud resurslarını nəzərə alsaq, növbəti bir iqtisadi böhran qarşısında onların immuniteti hansı səviyyədədir?

 

İqtisadiyyatın dayağı – ev təsərrüfatları

 

İxtiyari ölkədə iqtisadiyyatın durumunun necə olduğunu bilmək üçün əvvəl ev təsərrüfatlarının, sonra biznesin, onun ardınca bankların, lap sonda hökumətin durumuna baxmaq lazımdır. Çünki iqtisadiyyatdakı digər 3 institusional subyektin dayanıqlı vəziyyəti ev təsərrüfatlarının rifahından və davranışından birbaşa asılıdır.

 

Ev təsərrüfatları yaxşı qazanırsa və həvəslə pul xərcləyirsə, işsizlik problemi kritik deyilsə, biznes sektoru böyüyəcək. Sahibkarın və ev təsərrüfatlarının durumu yaxşıdırsa, banklar əsasən problemsiz fəaliyyət göstərəcək. Bunların hər 3-ü öz ayaqları üzərində dura, inkişaf edə və böyüyə bilirsə, hökumətin də müvafiq problemləri olmayacaq.

 

Bizdə isə qiymətləndirmə iyerarxiyasının başında dövlət idarəetmə sektoru gəlir – dövlət büdcəsi böyüyübmü, hökumətin sərəncamında olan valyuta ehtiyatları artıbmı, hökumətin öhdəlik daşıdığı xarici borcu böyük məbləğdə deyil ki?

 

Sonra banklara baxılır – problemli kreditlər artıbmı və ya bağlanma riski olan bank varmı, mənfəətlə işləyə bilirlərmi, valyuta mövqeyi pozulmayıb və s.?

 

Sonra biznes gəlir. Amma burda da çox vacib sullara cavaba verməyə ehtiyac var. Məsələn, biznes sektorunda mənfəətlilik necə olub, zərərlə işləyən müəssisələrin sayı necə dəyişib, bağlanan işlək şirkətlərin sayı yeni açılanlardan az və ya çoxmu olub, müəssisələrin investisiya qoyuluşları artıb ya azalıb, vergi yükü ağırlaşıb ya yüngülləşib?

 

Ən sona isə ev təsərrüfatları qalır. Təəssüf ki, ev təsərrüfatlarının durumu yetərincə dərin analiz edilmir. Hətta bunun üçün etibarlı statistik məlumat bazası da mövcud deyil. Bunun ən bariz nümunəsi əhalinin məşğulluq vəziyyətidir – məşğul əhalinin ən azı 65%-nin (təxminən 3.2 mln. nəfər) rəsmi uçota alınan iş yeri və qazancı yoxdur. Hətta dərin iqtisadi böhranın başladığı indiki məqamda hökumət rəsmi məlumatlar olmadığına görə qeyri-rəsmi məşğullara yardım göstərə bilməyəcəyini açıqladı.

 

Ev təsərrüfatlarının maliyyə resursları və öhdəlikləri

 

Bu gün real olaraq nə qədər ev təsərrüfatının rəsmi depozit hesablarında yığımı var, bu yığımlar kritik iqtisadi situasiyalarda onları nə qədər müddətə minimum maddi ehtiyaclarını qarşılamağa imkan verər? Nə qədər ev təsərrüfatının rəsmi depozit hesabı olmasa da, “yastıqaltı” yığımları var və bununla dərin böhran dövrlərində neçə ay özlərini idarə edə bilərlər? Ümumiyyətlə, yığımı olmayan, maaşını və qazancını itirən kimi dövlət dəstəyi olmadan minimum maddi ehtiyaclarını (təxirəsalınmaz sağlamlıq xərcləri də daxil), təcili öhdəliklərini (məsələn, kredit borclarını) ödəmək iqtidarında olmayan neçə ev təsərrüfatı var? Yaxud ev təsərrüfatlarının kapital xarakterli qoyuluşları necə dəyişib, maliyyə aktivlərinə, daşınar və daşınmaz əmlaka yönəltdikləri vəsaitlər artıb ya azalıb, adambaşına median gəlirlərdən az gəlir səviyyəsində qazancı olan ailələrin sayı ötən dövr ərzində necə dəyişib?

 

Hökumətdə bütün bu vacib suallara etibarlı məlumatlar və analizlər əsasında cavab yoxdur. Amma istinad kimi 2015-ci ilin böhranı ilə hazırkı böhranərəfəsi dövrdə bəzi göstəricilərə əsasən durum dəyərləndirməsi aparmaq olar.

 

Məsələn, ortada heç bir məlumat yoxdursa, ən azından iqtisadi böhranlar zamanı ev təsərrüfatlarının rəsmi mənbələrdə qeydə alınan yığımları (depozitləri) ilə öhdəliklərinin (borclarının) nisbətinə baxmaq lazımdır.

 

Xüsusilə də məzənnə riskinin yüksək olduğu şəraitdə depozitlərdə milli valyutanın, kreditlərdə isə xarici valyutanın yüksək payı ev təsərrüfatları üçün ciddi risk yaradır. Devalvasiya birinci halda ev təsərrüfatlarının maliyyə sərvətlərində itki, ikinci halda isə öhdəliklərinin icrası ilə bağlı izafi xərc yaradır. 2015-ci ildə ilk devalvasiyadan az öncə ev təsərrüfatlarının kredit formasında borclarının həcmi 7.7 mlrd. manat idi və bu, ev təsərrüfatlarının o zamankı ümumi gəlirlərinin (39.4 mlrd. manat) təxminən 20%-nə bərabər idi. 2019-cu ilin yekunlarına görə isə əhalinin kreditlərinin məbləği həmin dövrlə müqayisədə 800 mln. manat (10%-ə yaxın) azdır və ev təsərrüfatlarının illik gəlirlərinin (57 mlrd. manat) 12%-ni təşkil edib. Göründüyü kimi, kredit borcunun həm mütləq məbləğində, həm də  əhalinin məcmu gəlirlərinə nisbətində əhəmiyyətli dərəcədə azalma baş verib. Dərin iqtisadi böhran dövrləri üçün borcun belə aşağı səviyyəsi riski azaldan amildir. Öz növbəsində, 2014-cü ilin sonunda ev təsərrüfatının kreditlərində valyuta vəsaitlərinin xüsusi çəkisi 25% təşkil etdiyi halda, 2019-cu ilin sonuna həmin göstərici 2 dəfədən çox azalmaqla 12%-ə, mütləq rəqəmlə əhalinin valyuta kreditləri manat ekvivalentində 1.8 mlrd. manatdan 800 mln. manata enib. Bu fakt isə devalvasiya riskinin reallaşacağı halda ev təsərrüfatlarının 2015-ci ilə nisbətən az itkiyə məruz qalacağını söyləməyə əsas verir.

 

Ev təsərrüfatlarının depozitlərinin ümumi məbləği 2014-2019-cu illərdə manat ifadəsində 1.5 mlrd. manat (19%) artsa da, dollar ifadəsində 9.2 mlrd. dollardan 5.1 mlrd. dollara enib. Bu fakt əslində milli valyutanın kəskin dəyər itirməsi nəticəsində ev təsərrüfatlarının maliyyə sərvətlərində ciddi itkiyə məruz qaldığını göstərir. Çünki 2014-cü ilin sonlarında əhali depozitlərinin 62%-i manatla yerləşdirilmişdi və hökumətin qəfil devalvasiya qərarı 1 gün içərisində əhali yığımlarını 25% səviyyəsində dəyərsizləşdirdi. Hazırda isə ev təsərrüfatlarının depozitlərinin 47%-i milli valyutadır və 5 il öncəyə nisəbətən 15% az yığım devalvasiya riski altındadır.

 

Yığım və öhdəliklərin strukturu və həcmi baxımından ev təsərrüfatları devalvasiya riski baxımından hazırda daha dayanıqlı görünsə də, iqtisadi böhrana dayanıqlılıq potensialı daha zəifdir. Bunu sübut edən bir neçə fakt var. Əvvəla, hazırda pandemiyanın təsiri altında iş yerlərinin kütləvi bağlanması baş verir və 2015-ci il böhranı daha çox neft bazarının böhranı olduğu üçün fiskal və monetar göstəricilər vasitəsilə makroiqtisadi şəraiti pisləşdirsə də, real sektorda ciddi çöküşlə müşayiət edilmirdi. Digər tərəfdən isə 2015-ci ilə qədər 10 il ərzində böyük neft pullarının axını, ucuz idxal və aşağı inflyasiya şəraitində əhalinin maliyyə və qeyri-maliyyə formasında yığımları əhalini böhrana daha dayanıqlı edirdi. Hazırda isə ev təsərrüfatları 2015-ci ildə milli valyutanın kəskin ucuzlaşması, 2016-2018-ci illərdə yüksək inflyasiya nəticəsində ağır və uzunmüddətli iqtisadi böhrana immunitetini əhəmiyyətli dərəcədə itirib. Hətta bu sahədə dərin araşdırmalar olmasa da, açıq statistikada olan bəzi göstəricilər bunu aşkar göstərir. Məsələn, devalvasiyadan öncəki 3 ildə (2011-2014-cü illərdə) ev təsərrüfatlarının maliyyə sisyemindəki depozitlərinin orta illik artım tempi 25% təşkil etdiyi halda, 2016-2019-cu illərdə depozitlərin orta illik artımı 4% ətrafında olub. Doğrudur, bununla əks-arqument ola bilər: devalvasiyadan sonra banklara olan etimad əhalini daha çox “yastıqaltı” yığımlara vadar edib. Lakin bu arqument o zaman əsaslı ola bilərdi ki, əhalinin də malik olduğu nağd pul kütləsini özünə daxil edən pul göstəricisi (M0) – banklardankənar nağd pulların həcmində ciddi artım müşahidə ediləydi. Mərkəzi Bankın statistikası göstərir ki, 2014-2019-cu illərdə banklardankənar nağd pulun həcmi 5% azalıb. Halbuki 2009-2014-cü illərdə bu göstəricidə 2 dəfə artım qeydə alınmışdı. Bir sözlə, devalvasiyaya qədər həm ev təsərrüfatlarının depozitlərində, həm saxladıqları nağd pulların həcmində sürətli artım olubsa, devalvasiyadan sonra “yastıqaltı” nağd pul yığımlarında azalma, depozitlərdə isə artımın minimum səviyyəyə düşməsi baş verib.

 

Böhranın simptomları: qazandığından çox xərcləmək

 

Ev təsərrüfatlarının qazandıqlarından çox xərclədiyi elə şərait var ki, bu daha çox iqtisadi inkişafın, insanların gələcəyə inamının yüksək olması ilə bağlı olur. Xüsusilə də yüksək və dayanıqlı qazancın olduğu, ləyaqətli və rəqabətli iş yerlərinin olduğu, maliyyə sisteminin resurs qıtlığından əziyyət çəkmədiyi iqtisadiyyatda ev təsərrüfatları əmlak almaq, istirahət etmək, gələcək üçün özünə sərvət formasında qiymətli daşlar toplamaq üçün kredit götürməyə, borclanmağa problem görmürlər. Aldıqları borclar hesabına onlar cari ildə qazandıqlarından daha çox xərcləyirlər.

 

Amma iqtisadi inkişafın zəif olduğu, yoxsulluğun yüksək, gəlirlərin çox aşağı, iş yerlərinin məhdud olduğu ölkələrdə insanların xərclərinin gəlirlərini üstələməsinin səbəbi tam əksidir – ev təsərrüfatları dayanıqlı və zəruri ehtiyaclarını qarşılaya biləcəkləri iş və gəlir mənbəyinə malik olmadıqları üçün ya özlərinin əvvəlki illərdə toplanmış yığımlarına əl atırlar, ya da dost-tanışdan, yaxınlardan və ya banklardan borclanırlar. Bəzən hətta sağlamlıq problemlərini belə kredit və digər formada əldə etdikləri borcla həll edirlər – tibbi sığorta mexanizmi olmadığından.

 

Devalvasiyanın baş verdiyi il də daxil olmaqla 2015-2017-ci illərdə ev təsərrüfatlarının ümumilikdə 2.7 mlrd. manat mənfi qənaəti formalaşıb. Halbuki həmin böhrandan öncəki 3 ildə (2011-2014-cü illər) ev təsərrüfatlarının 4.3 mlrd. manata yaxın müsbət qənaəti yaranmışdı  – yəni gəlirləri xərclərini üstələmişdi.

 

Devalvasiyadan dərhal sonra ardıcıl olaraq bir neçə il ərzində ev təsərrüfatlarında mənfi qənaətin yaranmasının bir neçə vacib səbəbini qeyd etmək mümkündür: devalvasiya nəticəsində valyuta kreditlərinə görə izafi xərclərin yaranması, idxal inflasiyasının güclənməsi, iqtisadi fəallığın kəskin azalması nəticəsində qazancların itirilməsi, insanların borca və əvvəlki illərin yığımlarına əl atması.

 

Hər halda devalvasiyadan öncə  və sonrakı müəyyən zaman intervalında ev təsərrüfatlarının gəlir və xərclərini xarakterizə edən bir sıra göstəricilərin müqayisəsi ev təsərrüfatlarının 2015-ci ilin böhranına və hazırkı iqtisadi çöküşə hazırlıq səviyyəsini müqayisə etmək baxımından çox önəmli mənbədir.

 

Yaxud 2010-2014-cü illərdə ev təsərrüfatlarının sahib olduğu minik avtomobillərinin orta illik say artımı 9% ətrafında olduğu halda, 2015-2018-ci illərdə həmin göstərici 2% ətrafında olub.  Eyni zamanda təzə avtomobillərin (istismar müddəti 5 ilədək) ümumi parkda xüsusi çəkisinin pisləşməsi də ev təsərrüfatlarının maddi durumunun ağırlaşmasının gösrtəricisi sayıla bilər. Belə ki, əgər 2014-cü ildə təzə avtomobillərin payı 17% idisə, 2019-cu ilin başlanğıcına həmin göstərici sürətlə aşağı enərək 6% səviyyəsində qərarlaşıb. Mütləq ifadədə 5 ilədək istismar müddəti olan minik avtomobillərinin sayı 187 mindən 72 minə enib. Beləliklə, ev təsərrüfatları gözlənilən gərgin iqtisadi dövrə qeyd olunan resurs və şərtlərlə daxil olur.

 

Belə vəziyyətdə hökumətin açıqladığı dəstək paketinin sosial müdafiə bloku ev təsərrüfatlarını böhrandan mümkün qədər sığortalamaq üçün kifayət qədər adekvatdır?

 

Paketə daxil olan istiqamətlərdən aydın olur ki, dövlət sektorunun 900 min nəfərdən artıq işçisinin maaşları tam ödənəcək – işlərinin dayanıb-dayanmamasından asılı olmayaraq. Əlavə olaraq, böhranın fəaliyyətini tam dayandırdığı (turizm, ictimai iaşə və digər sahələr) özəl sektor müəssisələrinin 300 min muzdlu işçisinə 215 mln. manat (hər işçiyə 716 manat), 300 min fərdi sahibkara isə 80 mln. manat (hər sahibkara 267 manat) birbaşa pul dəstəyi veriləcək. Şübhəsiz ki, böhranın uzandığı (məsələn, 2 aydan çox çəkdiyi) təqdirdə itirilən gəlirlər, eləcə də minimum yaşayış şərtlərinin təmin edilməsi baxımından bu məbləğ kifayət qədər azdır. Əlavə olaraq, 50 min nəfərin 2 ay ərzində aylıq 300 manat ictimai işlə, 200 min nəfər işsiz vətəndaşın isə 2 ay ərzində hər ay 190 manat məbləğində müavinət alması nəzərdə tutulur. Bu 2 kateqoriya üçün də eyni yanaşma keçərlidir  – böhranın uzanacağı halda analoji şəkildə dəstəyin davam etdirilməsi qaçılmazdır. Bundan əlavə, aztəminatlı ailələr üçün ödənişli təhsil haqlarının ödənməsi üçün 40 mln. manat, elektrik enerjisi haqlarının qarşılanması üçün əlavə 10 mln. manat pul dəstəyi nəzərdə tutulur. Yəni dövlət sektorunun işçilərinin maaşlarının saxlanmasını nəzərə almasaq, yerdə qalan sosial müdafiə tədbirləri birbaşa pul dəstəyi üçün təxminən 350 mln. manat nəzərdə tutulub. Bu məbləğin itirilmiş gəlirlərə nə dərəcədə adekvat, əhalinin böhrandan daha yüngül sosial şərtlərlə çıxması üçün yetərli olub-olmadığını, yəqin ki, postböhran dəyərləndirmələri daha aydın göstərəcək.

 

Amma indidən aydın bilinən bir həqiqət var – hökumətin qeyri-rəsmi çalışanları, statistik uçotdan kənarda qalan işsizləri sosial müdafiə tədbirlərindən kənarda qoyması ölkədə sosial durumu ağırlaşdıran, böhranın sosial nəticələrini dərinləşdirən yanaşmadır.  Böhran rəsmi və qeyri-rəsmi iqtisadiyyat tanımır – hər ikisini vurur. Amma belə ağır iqtisadi şərtlərdə birincinin dəstək alıb ikincinin köməksiz qalması hökumətin də marağında olmamalıdır. Böyük sayda qeyri-rəsmi məşğulların gəlirsiz və işsiz qalması ölkədə ciddi tələb məhdudluğuna səbəb olmaqla iqtisadi tsiklin pozulmasını şərtləndirəcək. Yəni ehtiyacı olan, ağır iqtisadi şərtlərlə üzləşən bütün insanların zəruri dəstəyi almasına yalnız sosial təhlükəsizlik məsələsi kimi baxılmamalıdır – bu həm də tələbi stimullaşdırmaqla biznesi ayaqda saxlamaq üçün dəstəkdir.  Nəzərə alaq ki, söhbət dəstək proqramından kənarda qalan ən azı 2-2.5 mln. nəfər qeyri-rəsmi məşğul statusu olan, eyni zamanda 1 mln. nəfərdən çox işləməyən qeyri-iqtisadi fəal əhali statusunda insandan söhbət gedir.

 

Dərin iqtisadi böhran şərtlərində ölkə əhalisinin az qala 40%-nin dövlətin sosial müdafiə proqramlarından kənarda qalmasının ağır sosial fəsadları ola bilər.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert