İncəsənət qurban tələb edir(?)

Cəmiyyət

15.05.2020 - 14:48

Filmlərdə tütün məhsullarından istifadənin retuşlanması birmənalı qarşılanmır

 

Televiziyada göstərilən videogörüntülərdə, filmlərdə siqareti xüsusi effektlərlə gizlətməyi Türkiyə təcrübəsində görmüşdük. Sonra bizim kanallarda da ucdantutma hər filmdə siqaretin “gizlədilməsi” qanunla icra edilməyə başladı.

 

Əvvəl qeyd edim ki, siqaretlə mübarizədə Azərbaycanla (qutunun üzərində candərdi yazılmış “siqaret sağlamlığa zərərdir” cümləsindən başqa) Türkiyəni müqayisə etmək doğru olmazdı. Çünki Türkiyənin bu mübarizəsinin onillərlə tarixi var, bu gün də siqareti düşmən kimi təsvir edən və maraq doğuran sosial çarxlarına baxmadan keçmək olmur. Əslində, Türkiyədə qadın, kişi, gənc, yaşlı demədən, siqaret aludəçisi olma miqyası da bizimlə müqayisə olunan deyil. Bizə şükür…

 

Siqaret pislənir, aydındır. Amma, bəzən siqaret özü də ekran əsərində “obraz” vəzifəsində işlənir - boş və ya dolu qab mənası kimi. Bəzən ekranda siqareti “qaralayanda” insan obrazının mimikası, ifadəsi də itir, bu da filmə xələl gətirir.

 

Bu məsələyə daha əvvəl də toxunmuşduq. Bir daha xatırladaq: “Axırıncı aşırım” filmində Kərbəlayinin əlindəki tənbəki və qəlyan bu kişiyə doğurdan da bir kolorit verir və bu səhnədə onun əlini və ağzını qəlyan çəkən yerdə xüsusi effektlə gizləsək (retuşlasaq), filmi zay etmiş olarıq, axı. Ya da uşaqlara da yaxşı tanış olan “Bir qalanın sirri” filminə diqqət edək. Elşənin qəlyanı, Kamran ustanın tütünü olan səhnələr var orda. Yəni uşaq filmində də bunu retuşlayaq?

 

Bəs, nə etməli? Doğrudanmı, ekrandakı siqaret insanı yolundan azdırmaq gücünə malikdir?

 

AYNA əvvəlcə vətəndaşın - tamaşaçının gözü ilə məsələyə yanaşmağa çalışıb.

 

Ələsgər Məhərrəmov: “İçki içmək, siqaret çəkmək istəyən bunu onsuz da edəcək, ekranda göstərilməklə baş verən deyil. Bu, sırf insanın özündən asılıdır”.

 

Vahid Əliyev: “Baxmağa öyrəşdiyimiz milli filmlərimzdə siqaretin gizlədilməsini doğru qəbul etmirəm. Biz filmə bütünü ilə baxırıq, ona qalsa, filmdə adam öldürürlərsə, biz də adam öldürməliyik?”.

 

Sevinc Məmmədova: “Uşaqları nəzərə alaraq videolarda siqareti göstərmək və ya gizlətməyin mənası yoxdur. Evdə ata və ya baba siqaret çəkirsə, uşaq, gənc artıq bu barədə məlumatlıdır. Üstəlik, uşaqlar küçədə də siqaretli insanları görürlər, bu səbəbdən tək TV-dəki mənzərə onları pis vərdişə sövq edə bilməz”.

Görün televiziya uşaqları necə bədbəxt edir

Ayla Cəlilova: “Efirdəki filmlərdə tütün məhsullarının gizlədilməsi tərbiyəvi baxımdan doğru addımdır, ekranlar nümunə sayılır”.

 

Peşəkarlar da fikirlərini AYNA ilə bölüşüblər

 

TV verilişləri prodüseri Vasif Ayanın qənaətinə görə, siqareti “görünməz” etmək kino üçün yamaqdır, mənasız bir işdir: “Siqaret olan kadrlarda siqaretin görüntüsünü, tüstüsünü örtməklə filmin keyfiyyəti itir. Kino öz təbiiliyi ilə, olduğu kimi gözəldir. Əksinə, siqaretin üzərini örtmək daha çox diqqət çəkir. Məsələn, siqaret haqqında heç məlumatı olmayan bir uşaq filmə baxanda valideynlərinə sual versə ki, adamların ağzından tüstü nəyə görə çıxır, əllərində nə var elə, nə deyəcəksiniz? Siz yenə də məcbur olub, o nəsnənin pis bir şey olduğunu söyləyəcəksiniz və bu mövzu həmişə uşaqların diqqət mərkəzində olacaq. Misal üçün, “Bizim Cəbiş müəllim” filmində neftçi (aktyor Muxtar Maniyev) Cəbiş müəllimlə söhbəti əsnasında siqareti yandıraraq dərdləşir. Burada siqaretdən istifadə fikirli, dərdli insanın “həmdərdi” kimi mənalandırılır. Yaxud məşhur italyan rejissoru Fedriko Fellininin bütün filmlərində siqaret var, onda bu filmlər göstərilməsin?”

 

Rejissor, aktyor Kamal Yaşarın fikrincə də, janrından asılı olmayaraq kino elə bir sənət növüdür ki, orada bircə kadr belə, təsadüfi deyil: “Təbii ki, söhbət ciddi müəlliflərdən və filmlərdən gedir. Ona görə də, hətta bircə siqaret səhnəsi də varsa, bu, rejissor işində, "raskadirovkada" millimetrinə qədər nəzərə alınır, kimsə ora sadəcə siqaret səhnəsi qondarmır. Yəni, ciddi bir müəllif orda siqaret təsviri verirsə, deməli konsept bunu tələb edir və bu, vacibdir. Mənim Mədəniyyət Nazirliyinin sifarişi ilə son çəkdiyim filmdə də belə bir səhnə var. Onun üstündə mübahisələr oldu, amma inandıraraq və əsaslandıraraq sonda saxlaya bildim. Bu, mənasız bir qaydadır. Məşhur "Peaky Blinders" serialının baş rol aktyoru Gilian Mörfi real həyatda tütün məmulatları istifadə etmir. Serialda isə addımbaşı damağında siqaret, əlində viski var. Çünki ssenariyə görə, o, bir kriminal qruplaşma rəhbəridir, dolayısıyla həyat tərzi odur. İndi bunu necə verməsinlər ki? Yeri gəlmişkən, serialda aktyorun çəkdiyi də real yox, xüsusi hazırlanmış tütün imitasiyasıdır. Yəni bu qədər sadə və aydındır məsələ. Məncə, insanların, mədəniyyətin və kinonun qeydinə qalmaq üçün daha vacib məsələlər var və böyüklərimiz, səlahiyyətli şəxslərimiz bununla məşğul olsalar, daha yaxşı olar”.

 

Məsələnin psixoloji tərəfini AYNA-ya şərh edən həkim-nevroloq Qalib Əsədov isə hesab edir ki, televiziyalarda siqaretin “ortbasdır” edilməsi doğru addımdır: “Çünki insanlar, xüsusən, uşaqlar yeniyetmələr, gördükləri insanları çox zaman özlərinə nümunə seçirlər. Bu, valideyn, qohumlardan kimsə, yaxud filmlərdəki hansısa avtoritet obraz da ola bilər. Bunu yamsılamağa, təqlid etməyə başlayanda isə, istər-istəməz zərərli vərdişlər mənimsənilir. Bunlar çoxumuzun uşaq vaxtı etdiyimiz davranışlardır. O vaxtlar məşhur olan “Baharın 17-ci anı” fikmindəki qəhrəman tez-tez siqaret çəkərdi, biz də əlimizə çubuq alıb onu yamsılayardıq. İnsan durduğu yerdə niyə bu zərərli vərdişə başlasın? Siqaretdən ilk istifadədə başgicəllənmə, baş ağrısı, ürək bulanma olur, amma başqalarından nümunə götürüb, onları təqlid edərək bu “iş”ə başlayanda artıq aludəçisi olursan”.

 

MTRŞ nə düşünür?

 

Müzakirə olunan mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasından (MTRŞ) bir cümləlik belə münasibət aldıq: “Ekranda siqaretin gizlədilməsinin xeyirini görmüşük”.

 

Maraqlıdır, hansı araşdırmanın nəticəsində bu qənaətə gəlinib? Məsələn, bu qayda tətbiq olunandan bu yana ölkədə siqaret istehlakı barədə statistika varmı? Bunları MTRŞ-nin nəzərə aldığına az ehtimal veririk, çünki qurumun rəsmi internet saytında təqdim olunan son hesabat 2007- ci ilə aiddir. Bu da o deməkdir ki, 13 ildir Şura iclas keçirməkdən başqa bir iş görməyib...

Müəllif: Raminə Eyvazqızı