Prezident: “Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi”
“Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar”.
AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə deyib.
Ölkə başçısı bildirib ki, biz indi bütün imkanlardan istifadə edib bölgədə gedən prosesləri diqqətlə izləyirik: “Bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət qədər çoxdur. Biz bilirik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən başlayaraq müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirirdi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”, “Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, bitib, qurtarıb”.
“Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”, - İ.Əliyev əlavə edib.
Prezident deyib ki, bütün işlərə nəzarət edilir: “Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır”.