“Hücum etməmək paktı” ilə zaman qazanmaq: “Troya atı” yeni oyuna başladı

Siyasət

30.01.2024 - 13:57

Politoloq: “Ermənistan üçün ən məqbul variant hansısa paktın yox, fundamental sülh sazişinin imzalanmasıdır”

Ermənistan tərəfindən Azərbaycana yeni təklif verilib. “İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”, deyə təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib. Baş nazir deyib: “Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”. Paşinyan deyib ki, Ermənistan sülh gündəminə sadiqdir və bundan dönməyəcək.

Ermənistanın Baş nazirinin “hücum etməmək” haqqında pakt təklifinə rəsmi Bakıdan artıq cavab verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacıza deyib ki, Ermənistan Baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb: “Bununla əlaqədar Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir".

“Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur. Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir”, - XİN rəsmisi vurğulayıb.

Bununla yanaşı, Hacızadə deyib ki, Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir.

Məsələ ilə bağlı AYNA-ya danışan politoloq Rufiz Hafizoğlu deyib ki, “hücum etməmək paktı” adlı bir sənədin imzalanması Azərbaycana heç nə qazandırmır:

- Çünki Azərbaycanın mövqeyi kifayət qədər qəti və açıqdır. Rəsmi Bakı regionda sülhün və sabitliyin olmasının tərəfdarıdır. Qalib tərəf olaraq, Ermənistandan Azərbaycan tələb edir ki, sülhə imza atılsın. Üç ildir ki, sülh sazişi məsələsi gündəmdədir və üç ildir ki, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə sülh sazişinin imzalanmasından yayınır. Rəsmi İrəvan faktiki olaraq sülh sazişini manipulyasiya edir. Rəsmi Bakı daha ciddi təklif irəli sürübsə, yəni sülh sazişi imzalamaqla bağlı təklif veribsə, belə paktın imzalanması nəyimizə lazımdır ki...

- Bəs Ermənistan belə bir pakt imzalamaqla nəyə nail olmaq istəyir?

- Məncə, rəsmi İrəvan yenə zaman qazanmaq istəyir. Bu gün Ermənistanın əsas məqsədi ciddi şəkildə silahlanmaq, ordusunu yenidən formalaşdırmaq, gücləndirməkdir. Baş verənlər onu göstərir ki, Ermənistan bu gün Cənubi Qafqazda Qərb üçün “Troya atı” funksiyasını üzərinə götürmüş dövlətdir. Ermənistan silahlanmaqla bütün bölgədə təhlükəsizliyə ciddi ziyan vurmaq istəyir. Paşinyan pakt imzalamaq təklifi ilə Ermənistana yenidən zaman qazandırmaq niyyətindədir. İrəvan gözləyir ki, Avropada Azərbaycana qarşı artan təzyiqlər daha da güclənəcək, Azərbaycana qarşı Qərb qüvvələri daha da konsolidə olunacaq. Bundan Ermənistan hakimiyyəti hansısa formada faydalanacağını düşünür. Düzdür, bunu erməni hakim dairələri açıq şəkildə demirlər. Amma erməni mediasına baxanda hər şey aydın olur. İrəvana bağlı olan ekspertlər revanş çağırışları etməkdədirlər. Ona görə də, düşünürəm ki, rəsmi Bakı İrəvandan gələn bu təklifi heç cür qəbul edə bilməz. Necə ki, artıq rəsmi şəkildə İrəvandan gələn təklif Bakı tərəfindən rədd edildi.

- Amma həmin təklif tərəflərin bir-birinə hücum etməyəcəyi öhdəliyini nəzərdə tutur...

- Bəli, amma biz Ermənistana nə qədər güvənə bilərik? Ermənistan hansı sözünün üzərində dayanıb, hansı tələbi, tövsiyəni nəzərə alıb ki... Bilirsiniz, aydın məsələdir ki, Ermənistan sülh istəmir. İrəvan sülh istəsəydi Bakıdan göndərilən təklifləri qəbul edərdi. Türkiyə ilə münasibətlərinin normaqllaşmasını istəsəydi konstitusiyalarında dəyişiklik edərdi. Hansı ki, həmin konstitusiyalarında Türkiyə ərazilərinə “qədim Ermənistan əraziləri” adı ilə iddia var. Ermənistan sülh istəsəydi o zaman hücum silahları ilə silahlanmazdı. Bu siyahını kifayət qədər uzatmaq olar. Ona görə də birmənalı demək olar ki, nə erməni xalqı, nə də Ermənistan hakimiyyəti sülhdə maraqlıdır.

Anlamaq lazımdır ki, Ermənistan müstəqil deyil və Ermənistanın siyasi taleyi özlərinin əlində deyil. Ermənistan hər zaman alət kimi istifadə olunub və bu gün də alət funksiyasını davam etdirməkdədir.

- Bundan sonra sülh sazişi ilə bağlı proseslər hansı istiqamətdə gedəcək?

- Rəsmi İrəvan maksimum çalışır və çalışacaq ki, sülh sazişi uzansın. Bunun kimi müxtəlif bəhanələr, müxtəlif təkliflər səsləndiriləcək. Baxın, üç ildir ki, Azərbaycan sülh təklifini irəli sürüb və bu istiqamətdə danışıqlar aparılıb. Bakı sülh sazişi məsələsini gündəmə gətirən kimi Ermənistanda ya daxili çaxnaşma olur, ya da ki, erməni rəsmiləri absurd bəyanatlarla çıxış edirlər. Məncə, Ermənistanda daxili çəkişmələr də hakimiyyətlə müxalifətin birgə hazırladığı ssenarilərdir. Çünki sülh sazişinin imzalanması nə Ermənistan hakimiyyətinin, nə də erməni müxalifətinin marağındadır. Bu məsələdə hakimiyyət də müxalifət də ortaq hərəkət edirlər.

Azərbaycan tərəfinin marağı açıqdır, tələbi aydındır. Ermənistan qərar verməlidir. Ermənistan üçün ən məqbul variant hansısa paktın yox, fundamental sülh sazişinin imzalanmasıdır. Regionda sülhün əldə olunmasında maraqlı olduğunu bəyan edən beynəlxalq güclər də bu yöndə Ermənistana təzyiq etməlidirlər. Əgər həqiqətən də Cənubi Qafqazda sülhün marağındadırlarsa, o zaman Ermənistanı savaşa yox, sülhə təşviq etməlidirlər.

Müəllif: Anar Bayramoğlu