“Hörümçək” tək deyil: “Vəzəri”, “vəzifə”, “vəzir” də yoxa çıxıb – LÜĞƏTDƏ XAOS

Cəmiyyət

19.01.2022 - 17:12

Rafiq İsmayılov: “Əvvəllər lüğətdə olan söz niyə yoxa çıxsın? Deməli, başqa sözlərin olmadığına heç kim zəmanət verə bilməz”

Bu günlərdə “Altun kitab” nəşriyyatının direktoru, Azərbaycan dili mütəxəssisi Rafiq İsmayılov özünün “Facebook” hesabında Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözünün çıxarılması və "spayder" sözünün lüğətə salınması ilə bağlı paylaşım etmişdi. Sözügedən paylaşımdan sonra bu, birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu. Kimi “hörümçək” sözünün “spayder” sözü ilə əvəzləndiyini, kimi də “spayder” sözünün termin olduğunu, onun “hörümçək” sözü ilə heç bir əlaqəsi olmadığını bildirdi. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində “hörümçək” sözünün çıxarılmasına münasibət bildirən lüğətin elmi redaktoru Möhsün Nağısoylu isə bununla bağlı mətbuata açıqlamasında söylədi ki, kitabda 90 min söz var və hansısa səhvin getməsi yanlış olsa da, faciə deyil. 

AYNA gedən müzakirələr, verilən açıqlamalar barədə Azərbaycan dili müətəxssisi Rafiq İsmayılovla həmsöhbət olub. 

- Rafiq müəllim, hansısa sözün və ya sözlərin az qala hər kəsin istinad etdiyi lüğətdə səhv yazılmasının ciddi yanlış olduğu qəbul edilir. Bəs sizcə, bu cür hallar kiçik səhvlər kimi qəbul edilsə də, dilimizi böyük uçuruma aparmırmı? 

- Şəxsən, mənim işimə çox mane olan məqamdır. Çünki mən dərsliklər, müxtəlif kitablar üzərində işləyirəm. Sözsüz ki, həmin kitablar, xüsusilə də Azərbaycan dili dərsliklərinin hansısa dil standartlarına söykənməsini istəyirəm. Bu cür məqmalarda isə problemlə qarşılaşıram. “Facebook” sosial hesabımdan paylaşımımda “koala” sözünün lüğətdə öz əksini tapmadığı halda, dərslikdə işlədildiyini qeyd etmişəm. Bu cür məqamlarda ziddiyyət yaranır. Dərsliklər ekspertlər, müəllimlər tərəfindən yoxlanılarkən sual verilə bilər ki, “koala” sözü heç bir lüğətdə yoxdur, niyə dərsliyə salınıb? Belə bir yazılmamış qanun var ki, lüğətdə olmayan sözlər dərsliklərdə işlənməməlidir. Amma fakt odur ki, “koala” ümumişlək sözdür, məktəbəqədər dərsliklərdə də rast gəlinir. Belə məqamlarda bu cür şeylər mane olur. Absurd səslənsə də, kimsə deyə bilər ki, “hörümçək” sözü lüğətdə yoxdur, dərslikdə də işlədilə bilməz.

Dilçilik İnstitunun bir çox fəaliyyət sahələri üçün stolüstü kitabları olmalıdır. Lakin olan lüğətlər də o qədər səhvlərlə olur ki, axırda ona etinasız yanaşırlar. Etinasız da yanaşanda, dil standartı olmayanda xaos yaranır. Hərə öz bildiyi kimi yazmağa başlayır və kimisə günahlandıra bilmirsən. Çünki doğrudan da bir standart yoxdur, neyləsinlər? Buna görə də mənim çalışdığım odur ki, bir standart olsun. Həm qaydalar, həm də dil lüğətinə daxil olmuş sözlər bir-birini izləməlidir. Ziddiyyət yaratmamalıdır. 

- Dilçilik İnstitunun fəaliyyətini ümumilikdə necə dəyərləndirirsiniz? 

- Mən həm bir dilçi kimi, həm də vətəndaş kimi deyə bilərəm ki, Dilçilik İnstitunun gördüyü iş adına layiq deyil. Söhbət təkcə orfoqrafiya lüğətindən getmir. 2013-cü ildə Prezidentin sərəncamı var idi və orada deyilirdi ki, 2013-2018-ci illərdə yeni lüğətlər, o cümlədən terminoloji, tədris, elektron lüğətlər və s. yaradılmalıdır. Mənim rəhbərlik etdiyim nəşriyyat həmin dövrdə professor Qulu Məhərrəmli ilə birlikdə 10-a yaxın terminoloji, bir neçə tədris lüğəti yaratdı. Bütün bunları “Azleks” saytında elektron lüğətlər toplusu şəklində yerləşdirdik. Belə çıxır ki, mənim 7-8 nəfərlik nəşriyyatım daha çox iş görür, nəinki Dilçilik İnstitutu. Mən bütün bunları dövlətdən vəsait almadan görmüşəm. Amma dövlətdən vəsait alan bir institut bu işləri görmür, bir dənə dilçilik terminləri lüğəti çıxartdılar, o da plagiatda ittiham olunduqdan sonra yığışdırıldı. 

- Orfoqrafiya lüğətinin məsul redaktoru İsmayıl Məmmədli mətbuata açıqlamasında “hörümçək” sözünün olmadığına əvvəlcə inanmayıb, sonra özü dəqiqləşdirib və deyib ki, buna terminologiya komitəsi baxmalı imiş. Növbəti lüğətdə “hörümçək” sözü əlavə ediləcək. Buradan belə bir təəssürat yaranır ki, lüğət üzərində iş gedərkən sistemlilik olmayıb... 

- Mən bir naşir, bu işin texnologiyasına bələd olan adam kimi təsəvvür edə bilmirəm ki, əvvəllər lüğətdə olan söz niyə yoxa çıxsın? Deməli, başqa sözlərin olmadığına heç kim zəmanət verə bilməz.

- Yeri gəlmişkən, “göyqurşağı” sözünün olmadığını da deyirlər...

- Əgər lüğətdə yoxdursa, deməli, biz bu sözü ayrı yazmalıyıq. Bu da düzgün deyil. Başqa sözləri birləşdirib mürəkkəb söz yaradırlar, ancaq başqa dillərdə bir söz kimi işlədilən sözü iki ayrı söz kimi yazmaqları düzgün deyil. Bu cür məqamlar çoxdur. 

Məlum oldu ki, “spayder” sözü terminoloji sözdür. Amma adətən lüğətə yeni söz salınanda  və spesifik sahəyə aid olanda qarşısında qeyd edirlər. Əgər qeyd etmirlərsə, deməli, ümumişlək sözdür. 

- Rafiq müəllim, “spayder” sözünü lüğətə əlavə edən Ləman Qasımlı söyləyib ki, sözü lüğətə əlavə etmə səbəbi ölkəmizdə məlum cizgi filmi qəhrəmanına görə həmin sözün çox işlək hal alması olub...

- Yenə terminoloji lüğət kimi hansısa bəraət qazandırmaq olardı. Ancaq bu halda absurddur. Yenə deyirəm, əgər o söz əlavə edilibsə, termin kimi ola bilərdi. Bu halda da lüğətdə aid olduğu sahə qeyd edilməli idi. 

Belə hallar çox olur. Bu yaxınlarda “omonim” sözü lüğətdə qarşıma çıxdı, “homonim” kimi yazılmışdı. Məndə belə bir təəssürat yarandı ki, yəqin bundan sonra “omonim” və “homonim” olaraq bu söz iki cür yazıla bilər. Sonra araşdırma apardım, məlum oldu ki, “homonim” sözünün biologiya termini kimi mənası var. Buna görə termin olduğu qeyd edilməlidir. Axı bu söz lüğətə həm də birinci dəfədir əlavə olunur. 

Bu cür hallar çoxdur və burada söhbət təkcə hansısa sözün lüğətdən çıxarılmasından getmir. Belə texniki səhvlər çox olanda əməlli-başlı qüsura çevrilir.  İzahlı lüğətə baxsanız, görəcəksiniz ki, “vəz” sözündən sonra bir neçə səhifə itib. “Vəzəri”, “vəzifə”, “vəzir” sözlərinə rast gəlməzsiniz. 

Neçə ildir, müstəqilik, amma hələ də 70-ci illərdə yaradılmış “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə edirik. Yalnız 2000-ci illərin əvvəllərində kiçik dəyişikliklərlə bu lüğət yeniləndi. Ancaq hər il dilə çox sayda söz daxil olur. 

Orfoqrafiya lüğətinin hazırlanması lüğətçilik işində ən sadə, ən bəsit işdir. Sözləri yığırsan, vəssalam. Ancaq onların izahını vermək, hansı məqamlarda işlənməsini araşdırmaq əməlli-başlı işdir. Mən indi fikirləşirəm ki, orfoqrafiya lüğətinin öhdəsindən belə gəlinirsə, izahlı lüğət nə vaxta yaranacaq? Bu da yaranmırsa, xalqın dilçiləri dilin inkişafı, sistemləşməsi üzrə iş görüb ortaya yaxşı lüğət çıxara bilmirlərsə, yavaş-yavaş dil öz yerini başqa dillərə verəcək. Çünki dildən istifadə edənlər dilə etinasız yanaşacaqlar və nəticədə dilimiz başqa dillərin ekspansiyasına məruz qalacaq. 

Müəllif: Aləmdə Nəsib