Həkimə 1000 manat maaş: bununla yara sağalacaq?

Cəmiyyət

05.05.2022 - 13:19

Aydın Əliyev: “Hər deyilən sözə inanmıram, bu xəbərə o zaman inanacam ki, həkim dostlarım kartından o məvacibi çıxaracaq, evinə ondan bazarlıq edib uşağını sevindirəcək”

Müşfiq Hüseynov: “Azərbaycan reallığında xəstənin əlinə baxmamaq üçün 500 manat da az maaşdır, 1000 manat da”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev mayın 2-si keçirilən mətbuat konfransında həkimlərin əməkhaqlarının 1000 manata qaldırılacağını deyib. Bildirib ki, ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra təmiz məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Artımlar barədə qərarın 1 iyunadək qüvvəyə minməsi gözlənilir.

Görəsən, nəzərdə tutulmuş dəyişiklik həkimlərin həyat şəraitinin yaxşılaşdırılmasında, eləcə də pasiyent məmnunluğunun artırılmasında nə dərəcədə rol oynayacaq?

Azərbaycan Tibb Universitetinin (ATU) şöbə müdiri Aydın Əliyev AYNA-ya söyləyib ki, belə bir təşəbbüsün olmasını müsbət hal kimi qiymətləndirmək olar, lakin qərar qüvvəyə minəcəyi halda nə dərəcədə icra olunacaq - yalnız bundan sonra bu haqda fikir söyləmək daha doğru olar: “Biz hər zaman tibb işçilərinin maddi rifah halının yaxşılaşmasının zəruruliyini vurğulamışıq. Bu baxımdan sözügedən qərarı ilk baxışda müsbət qiymətləndirmək olar. Lakin hələ təklif paketi hazırlanıb, qərar qüvvəyə minməyib. Açıq suallar çoxdur”.

Həkim pandemiya zamanında yaşanmış təcrübəni də xatırladıb: “Pandemiya zamanı tibb işçilərini həvəsləndirdilər. Onlara məvacibindən əlavə 4-5 dəfə əməkhaqqı əlavəsi verilməsi nəzərdə tutulmuşdu. Hamı da həvəslə qolunu çırmalayıb xalqın sağlamlığı uğrunda səfərbər oldu, dövlətin çağırışına müsbət reaksiya verdi. Lakin ödənişlə bağlı problemlər yaşandı. O əlavəni almağa yetəri qədər haqqı çatan tibb işçiləri oldu ki, ala bilmədilər. Təəssüf ki, biz bu acı təcrübəni yaşadıq”.

“İndi “yalançının evi yandı, heç kim inanmadı” misalı yada düşür. Ona görə də qərar qəbul edilməmiş, o artırılmış məvacib həkimlərin əlinə çatmamış müsbət nəticələri haqqında bir söz deyə bilmərəm. Deyilən sözlərə inanmıram. Bu xəbərə o zaman inanacam ki, həkim dostlarım kartından o məvacibi çıxaracaq, evinə ondan bazarlıq edib uşağını sevindirəcək, baxın o zaman bu haqda bir söz demək mümkün olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, sözügedən dəyişiklik hələlik bir təklifdir: “Dəyişiklik olacaq, yoxsa təklifdəki kimi reallaşdırılacaq? Tibb işçisi zəncirin son həlqəsi kimi bundan nə dərəcədə faydalanacaq? Bu barədə hələ qəti bir söz demək mümkün deyil. Əgər əməkhaqqında deyildiyi kimi artım olacaqsa, birmənalı şəkildə bu, pasiyent məmnunluğuna da müsbət təsir edəcək”.

Həkim-farmakoloq Muşfiq Hüseynov AYNA-ya açıqlamasında hazırda tibb işçilərinin maaşlarının çox az olduğunu qeyd edib: “Azərbaycanda həkimlərin maaşı çox aşağıdır. Bu təklif icra olunacağı halda həkimlərdə müəyyən qədər stimul yaradacaq. Həkim 13 il oxuyur ki, 500 manat maaş alsın?! Həkimlərimiz 1500-1600 manat maaş alsalar, həyat şəraitləri müəyyən qədər yaxşılaşmış olar. Avropa, Amerika ölkələrində həkimlər ixtisas sahəsindən asılı olaraq kifayət qədər yüksək əməkhaqqı alırlar”.

“Düzdür, bizdə o səviyyədə əməkhaqqı veriləcəyini gözləmək inandırıcı deyil, lakin mən hesab edirəm ki, həkimlər və müəllimlərin əməkhaqları yüksək olmalıdır. Onlara indiki vəziyyətdə ən azından hüquq mühafizə orqanlarında çalışanlar qədər əməkhaqqı vermək olar - bu, mümkündür. Azərbaycanda həkim sayı o qədər də çox deyil”, - deyə müsahibimiz vurğulayıb.

Əməkhaqqının artırılmasının pasiyent məmnunluğuna təsirinə həkimin fikri belə olub: “Bu, həkimin şəxsi keyfiyyətlərindən və professionallığından asılıdır. Adam var ki, heç nəyə baxmayaraq, öz vəzifə borcunu layiqincə yerinə yetirir, adam da var ki, ona aylıq on min manat da versən, yenə işinə laqeydlik göstərəcək. Ümumilikdə isə Azərbaycan reallığında xəstənin əlinə baxmamaq üçün 500 manat da az maaşdır, 1000 manat da”.

“Həkimlər cəmiyyətin ziyalı təbəqəsidir. Amma onları ehtiyacda saxlayanda mütləq ki, mənfi məqamlar ortaya çıxır. Mən inanmıram ki, maaşı 300 manat olanda xəstəyə yaxşı baxmayan həkim maaşı 500 manat olanda yaxşı baxacaq. Çünki əvvəla, qeyd etdiyim kimi bu, insani keyfiyyətlərə, professionallığa bağlıdır, ikincisi də, Azərbaycan reallığında 300 manatla 500 manat arasında elə də bir fərq yoxdur. Həkimlər də o 200 manatla nə varlı olası deyil, nə də kasıb. Əməkhaqqında hiss ediləcək qədər ciddi artım olmalıdır”, - deyə Hüseynov fikrini yekunlaşdırıb.

Müəllif: Aləmdə Nəsib