Həkim-dərman firması işbirliyi aradan qalxır

Cəmiyyət

30.01.2020 - 17:56

Vüqar Qurbanov: “İcbari tibbi sığortaya daxil olan tibb müəssisələrinə kənardan dərman və qida gətirilə bilməz”

 

“Xəstəxanaların hər birində mühafizə xidməti ciddi işləyir. Bu baxımdan dərman firmalarından kiminsə xəstəxanaya daxil olması mümkün deyil”.

 

AYNA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Departament rəhbəri Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, əvvəllər dərman firmalarının nümayəndələri tibb müəssisələrinə istədiyi kimi daxil olur, orada həkimlərlə müqavilə bağlaya bilirdilər: “İndi İTS-in tətbiq olunduğu tibb müəssisələrində buna ciddi nəzarət var. Stasionar müalicə üçün standart dərman siyahısı hazırlanıb. Bundan başqa, xəstəxanada yatan xəstəyə kənardan nə qida, nə də dərman gətirə bilər. Buna izn verilmir”.

 

V.Qurbanov bildirib ki, ambulator üçün də stasionarda olduğu kimi, dərman təminatı ilə bağlı vahid sistem yaradılmasına çalışılır: “Çox istəyərdik ki, mərkəzləşmiş formada dərman preparatları ilə bağlı elektron sistem qurulsun, beynəlxalq təcrübədə olduğu kimi həkimlər xəstəyə elektron resept yazsınlar. Belə olduğu təqdirdə, xəstə İTS çərçivəsində birbaşa həmin dərmanı alacaq. Həm də bu dərmanlar sığorta xidməti daxilində olduqda qiyməti də münasib olacaq. Belə olduqda, həkimlərlə dərman firmaları arasında əməkdaşlıq, işbirliyi tədricən aradan qalxacaq”.

Müəllif: Ayna.az