Gürcüstanın Baş naziri vəzifəsindən istefa verib

Dünya

18.02.2021 - 12:25

Qaxariya: “Bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram”

 

Gürcüstanın Baş naziri Georgi Qaxariya vəzifəsindən istefa verib. AYNA “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Baş nazir bu gün keçirdiyi xüsusi brifinqdə istefasını açıqlayıb.

 

“Mən vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbətdə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm”, - deyə Qaxariya deyib.

 

Baş nazir istefasının səbəbinin ana müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın məhkəməsi ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu bildirib.

 

Qeyd edək ki, dünən Tiflis Şəhər Məhkəməsi Meliyanı 2019-cu ildəki qiyama cəhd etmə iddiası əsasında qiyabi həbs etmişdi. Bütün müxalifət qüvvələrinin tərəfdarları VMHP-nin ofisi yaxınlığında toplanıb. Müxalifətçilər Meliyanın həbs olunmasına imkan verməyəcəklərinə söz verərək bütün gecəni qərargah qarşısında keçiriblər. Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin əməkdaşları partiyanın ofisinə gəliblər.

Müəllif: Ayna.az