Gözlənilən vaxt yetişdi: “Ukrayna ordusu hər an əks-hücuma başlaya bilər”

Dünya

19.04.2023 - 14:12

Azərbaycanlı jurnalist: “Ukrayna ordusu Xerson və Xarkovda olduğu kimi 950 kilometrlik cəbhə xətti boyunca sürətli əks-hücuma keçəcək”

 Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi 14 aydan çoxdur ki, davam edir. Hazırda Ukraynanın şərqində ağır döyüşlər gedir. Rəsmi Kiyev bəyanatlarında bildirir ki, qələbə qazanacaqları günədək döyüşləri davam etdiriləcək. Xarici və yerli ekspertlər bu yaxınlarda Ukrayna ordusunun sürətli əks-hücum əməliyyatlarına başlayacağını proqnozlaşdırırlar. Kiyev rəsmiləri də əks-hücum barədə mütəmadi olaraq bəyanatlar verir, buna hazırlıqların görüldüyünü bildirirlər.

Ukraynada yaşayan və prosesləri yaxından izləyən azərbaycanlı jurnalist İdrak Camalbəyli son vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandırıb. Jurnalistin sözlərinə görə, hazırda bütün diqqətlər Ukraynanın şərqinə, Donbass vilayətinə yönəlib:

-  Baxmut rayonu uzun müddətdir ki, müdafiə olunur. Orada şiddətli döyüşlər gedir. Baxmutla bağlı Rusiya mediasının yaydığı məlumatlar tamamilə dezinformasiyadır. Guya Baxmutun 80 faizini işğal edə biliblər, amma yalandır. Priqojin bəlkə 10-15 dəfə Baxmutu “alıb”. Bunlar hamısı yalandır, hazırda döyüşlər şiddəti ilə davam edir, amma Ukrayna ordusu şücaətlə müdafiəni təşkil etməkdədir. Bəli, Ukrayna ordusunun orada böyük itkilər verir. Çünki küçə döyüşləri gedir.

- Baxmutda olmusunuzmu?

- Olmuşam, amma tam cəbhə xəttində deyil. Çünki oraya jurnalistləri, sıraviləri buraxmırlar. Amma döyüşlərin yaxınlığında müşahidələr aparmışam, döyüşçülərin çoxu ilə söhbətlərim olub. Döyüşçülərin danışdıqlarından belə qənaətə gəlmək olar ki, ağır döyüşlər gedir, müdafiəni təşkil etmək asan deyil. Rusiya demək olar ki, ordusunu o istiqamətə cəmləyib və ərazini işğal etməyə can atır. Amma aylardır bir nəticə əldə edə bilmirlər. Hazırda isə Baxmuta giriş ümumiyyətlə, bağlanıb. Çünki uzun müddətdir Ukrayna əks-hücuma hazırlaşır. Müəyyən hərbi sirlərin yayılmaması, məlumatların yayılmaması üçün həmin ərazi bağlıdır.

- Baxmutda yerli sakinlərdən qalan varmı?

- Son vaxtlaradək qalanlar var idi. Amma Ukrayna hakimiyyəti onlarınm təxliyəsini məcburi şəkildə həyata keçirdi. Çünki ora çox təhlükəlidir. Həm də dediyim kimi, əks-hücuma hazırlıqlar aparılır.

- Əks-hücum demişkən, yaz aylarında gözlənilsə də, bunun şahidi olmadıq...

- Pentaqonun sənədlərinin sızması Ukrayna ordusunun əks-hücumu ilə bağlı planlarda dəyişiklik olduğunu göstərir. Bu hadisə təsir etdi, amma sadəcə zaman amilində özünü göstərir. Əks-hücum olacaq, çünki bu, hazırlanıb. Hər an, hər dəqiqə Ukraynanın əks-hücumu gözləniləndir. Gözləmədiyimiz anda Ukrayna ordusunun əks-hücumunun, işğalda olan ərazilərdən rusları qovacağının şahidi olacağıq.

- Ordunun hərbi və psixoloji vəziyyəti necədir?

- Ordu komplektləşdirilib. Düzdür, müəyyən çatışmazlıqlar var. Bu da silah-sursatla bağlıdır. Ukrayna hərbçiləri silah-sursatdan maksimum qənaətlə istifadə edirlər. Məlumdur ki, silah Qərbdən gəlir. Bunlar barədə verilən qərarlar, göndərilmə müddəti bəzən uzanır və s. Fakt isə odur ki, döyüşlər davam edir, Ukrayna ərazilərini işğalda azad etmək əzmindədir.

- İlin sonunadək müharibənin bitəcəyi söylənilir. Bu, mümkün görünürmü?

- Belə proqnozlar mövcuddur. Güman ki, ilin sonuna kimi müharibə bitəcək. Çünki Ukrayna ordusunun uğurlu əks-hücumu müharibəyə son qoymalıdır. Ukrayna rəhbərliyi, ordu, xalq müharibənin qələbə ilə bitməsini istəyir. Buna Kiyevin gücü və iradəsi var. Çox güman ki, Ukrayna ordusu Xerson və Xarkovda olduğu kimi 950 kilometrlik cəbhə xətti boyunca sürətli əks-hücuma keçəcək, güclü zərbələr endirəcək. Sürətli əks-hücum üçün Ukraynanın zirehkli texnikası və canlı qüvvəsi artıq hazırdır. Ukraynadan fərqli olaraq, Rusiya ordusu sınıq-salxaq texnikasını cəbhəyə çıxarır, canlı qüvvəni zorla döyüşlərə cəlb edir. Bu kimi bir çox nüanslar var ki, Ukraynanın qələbəsini labüd edir.

Müəllif: Anar Bayramoğlu