Gömrük baxışı zamanı müsadirə edilmiş əmlaklarla bağlı rəsmi iddia ilə qarşı tərəfin mövqeyi fərqlidir
Bu gün bəzi saytlarda Baş Prokurorluğun mətbuat xidmətinə istinadən yayılmış məlumata görə, “Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxsləri barəsində, həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib”.
Belə ki: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən DGK-nın “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında Anar Cəlilova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
AYNA mövzuya dair "Capitals Auction" MMC-nin də mövqeyini öyrənib. Şirkət yayılmış məlumata belə münasibət bildirib:
“Məlumat üçün bildiririk ki, "Capitals Auction" MMC sifariş əsasında açıq hərracların təşkili ilə məşğuldur. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında müsadirə olunmuş əmlakların satışı üzrə kütləvi informasiya vasitələrində tərəfimizdən elan verilib və əmlakların satışı ilk dəfə açıq hərrac vasitəsi ilə təşkil edilib.
Diqqətinizə çatdırırıq ki, "Capitals Auction" MMC ümumilikdə əmlakların qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmayıb və qanunvericiliyin tələblərinə uyğun olaraq bu fəaliyyətlə məşğul ola bilməz. Eyni zamanda hərrac mərkəzi qanunvericiliyə uyğun olaraq “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan əmlaklarla tanış olmayıb və heç bir halda həmin əmlakları təhvil almayıb.
Lakin paylaşılan rəsmi xəbərdə bütün bunların əksi göstərilir. Bu da özlüyündə müxtəlif saytların oxunaqlı olsun deyə spekulyativ, fərqli və həqiqəti əks etdirməyən başlıqlar altında şirkətin işçi nüfuzuna təsir edə biləcək və ictimaiyəti yanıldacaq xəbərlər paylaşmasına gətirib çıxarıb.
Yəni həmin əmlakların qeyd olunduğu kimi tərəfimizdən dəyərindən ucuz qiymətləndirilməsi, təhvil götürülməsi və mənimsənilməsi qeyri-mümkün olmaqla yanaşı, heç bir faktla təsdiq edilmir və reallığı əks etdirmir.
Odur ki, tərəfinizdən verilən məlumatın dəqiqləşdirilməsini və düzəliş edilməsini xahiş edirik. "Capitals Auction" MMC-nin direktoru vəzifəsini müvəqqəti əvəz edən əməkdaşı ilə bağlı tərəfinizdən verilən hüquqi qiymətin məhkəmə perspektivi olması səbəbindən bununla bağlı ictimaiyətə ətraflı məlumat veriləcək”.