"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir”
Gəncədə zəhərlənmə hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, şagirdlər məktəbinin bufetindən konfet alıb yeyəndən sonra özlərini pis hiss ediblər.
TƏBİB-dən AYNA.AZ-a bildirilib ki, oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda qeyd edilib.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir: "Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər". Bu sözlər isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatında yer alıb.
Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.