"Gəncə kimi tarixi şəhərdə bir kitab mağazası var, bu, faciədir" - KİTABSIZLIQ

Cəmiyyət

01.12.2021 - 23:28

Şahbaz Xuduoğlu: “Bir çiçəklə bahar olmur. Təkcə parklar salınmamalı, yerə daşlar döşənməməlidir, həm də mütləq kitab dükanları olmalıdır”

Noyabr ayının sonunda Gəncə şəhərində “I Gəncə kitab sərgisi” keçirildi. AYNA sərgidə iştirak etmiş “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə sərgi, eləcə də bugünkü gündə regionlarda kitaba münasibət barədə həmsöhbət olub. 

Müsahibəni təqdim edirik:

-Şahbaz bəy, sərginin ilk günü bir qədər gileyli status paylaşmışdınız. Sərgiyə istədiyiniz diqqəti görə bilmədiyinizi qeyd etmişdiniz. Ümumi vəziyyəti necə dəyərləndirirsiniz? 

-Söhbət diqqətdən getmir. Mənim xatirimdədir ki, təqribən 10 il əvvəl biz Bakı küçələrində sərgilər təşkil edirdik. Adamlar gəlib baxıb və gedirdilər. Hətta elə olurdu ki, kimsə hansısa kitabın olmasını təəccüblə qarşılayırdı. Gəncədəki sərginin ilk günündə də bunu hiss etdim. Regionlarda belə sərgilər olmayıb. Bu mənada əslində mənim bir qədər gileyli status yazmaqda məqsədim insanların kitaba meyillənməsini arzulamağımdandır. İnsanlar kitaba diqqət göstərilməlidirlər. Təşkilati baxımdan isə sərgidə hər şey qaydasında idi. Növbəti gündə demək olar ki, gələnlərin, stendə yaxınlaşanların əksəriyyəti statusumu gördüyünü deyirdi. Eyni zamanda, oraya gələn insanlarla bu vəziyyətin obyektiv səbəbləri barədə də xeyli söhbət etdik. 

- Statusunuzda gördüm, bir kitab dükanı haqqında da paylaşım etmişdiniz. Kitab dükanlarının sayı qanedici idimi? 

- Gəncədə kitaba az yer ayrılıb. Bir kitab dükanı var. Sovet dövründən bu günə gəlib çıxan bircə kitab dükanı qalıb. O da çox pis durumdadır. Tavandan yağış suyu damır, otağın işığı zəif, kitablar qalaq-qalaq, bir-birinin üstünə yığılıb.

- Knyaz bəyin dükanını deyirsiniz, eləmi ?

- Bəli. Knyazın dükanı niyə bu gündədir? Bəzən məni Gəncədə kitaba münasibətlə bağlı yazdığım statusa görə qınayırlar. Əgər Gəncədə alıcılıq olsaydı, Knyazın dükanı bundan böyük, səliqəli olardı və yaxud da təkcə Knyazın dükanı deyil, onlarla kitab dükanı olardı. Kitab dükanı yoxdur, çünki kitaba tələbat yoxdur. Kitab gündəmdə deyil. Əks halda Knyazlar da, kitab dükanları da onlarla olardı. Yəni bu mənada statusum giley deyil, o vəziyyəti anlatmaq üçün idi. 

Bu durum təkcə Gəncəyə xas deyil. Azərbaycanın digər rayonlarında da vəziyyət belədir. Kitabxanalar pis haldadır. Oxumaq, kitaba münasibət dəyişməlidir.

- Şahbaz bəy, bəs məsuliyyəti kim öz üzərinə götürməli, əlini daşın altına qoymalıdır ki, bu vəziyyət dəyişsin? 

- Bizdə hər şey bir az yuxarıdan gəlir. Biz müharibəni ona görə udduq ki, yaxşı lider var idi. İndi kitab da o zaman oxunacaq ki, başçı özü kitab dükanına, kitabxanaya gedəcək, kitab oxuyacaq, sərgiyə gedib kitab alacaq. Yazıçılara münasibət və vaxt ayıracaq. 

Yazıçılar məktəblərdə görüşlər keçirməli, insanlar arasında kitab təbliğatı sərbəst və azad bir müstəviyə çıxarılmalıdır. Belə yarmarkalar yalnız Bakıdan gələnlər üçün yox, həm də yerli kitab dükanları üçün təşkil edilməlidir. Hətta mən razıyam ki, Bakıdan da iki-üç ayda bir dəfə Gəncəyə sərgiyə gedim. Təki kitaba münasibət dəyişsin. 

Gəncə Azərbaycanın qədim şəhəridir. Tariximizdə müstəsna rol oynamış bir şəhərdir. Bir çox məsələlərdə birincilik Gəncədədir. Cümhuriyyət Parlamentinin binası Gəncədə yerləşib. Belə bir şəhərin bir kitab dükanının olması sadəcə faciədir. Bu şəhər bu hala salınmamalıdır. Sanki orada kitabsızlıq mühiti var. 

- Halbuki Gəncədə kifayət qədər tələbə də var. Heç olmaya onlar üçün müəyyən mühit yaradılmalıdır, elə deyilmi? 

- İndi biz tələbələrin aldıqları təqaüdü də bilirik. Tələbələr universitetləri oxuyub qurtarırlar, amma daim dərsliklərin olmamasından şikayətlənirlər. Müəllimlərin mühazirələrini köçürürlər, vəssalam. Çox universitetdə vəziyyət belədir, elə Bakıdakı universitetlərdə də. Mən 20 ildir, hüquq sahəsində dərslik nəşr edirəm, amma hələ də bu sahədə normal dərsliklər kifayət etmir. Başqa sahələr üzrə də vəziyyət belədir. Mənim indi hədəfim odur ki, heç olmasa maraqlı müəllifləri xarici dillərdən Azərbaycan dilinə tərcümə edim və gənclərimiz oxusunlar. 

Məktəb illərində kimya fənnindən xoşum gəlmirdi, indi buraxılan kitabları oxuyuram, valeh oluram. Çünki o zaman bizə fərqli təqdim olunub. Bu gün də məktəblərdə eyni vəziyyətdir. Müəllimlər mümkün qədər çalışırlar ki, uşaqlar dərsliklərə, dərslərə nifrət etsinlər. Bu, belə olmamalıdır, müəllim mümkün qədər çalışmalıdır ki, uşaqlar dərslikləri, müəllimləri sevsinlər. Axı bu dərsliklər onların həyatının dəyişən və dönən məqamıdır. Ona nifrət edə bilməz. 

- İnsanlar arasında kitab oxumaqla bağlı sorğu keçirdiyimizdə, eləcə də sizin statusunuza gələn rəylərdə də qeyd edirlər ki, əhalinin güzaranı o qədər pis vəziyyətədir ki, nə kitab almağa pul çatdıra bilir, nə də aldığı kitabı oxumağa işdən vaxt ayıra bilir...

- Bu da var. Mən tələbəlik illərimi xatırlayıram, çox ağır şəraitdə yaşamışıq, amma aldığımız təqaüdü də kitaba vermişik. Sovet dövründə valideynlərimizin aldığı maaş 70, 120 manat idi, amma uşaqlar kitabla təmin olunurdular. Ya dövlət verirdi, ya kitab dükanından alınırdı. İnsanlar kitabsız qalmırdı. Yəni idbar bir sovet dövründə kitabsız bir mühit olmadığı halda, indiki dövrdə belə vəziyyət olmamalıdır. 

- Bəzən kitaba marağın azalmasını internetin imkanları ilə də əlaqələndirirlər. 

İnternetin inkişafı kitabı əvəzləyə bilməz. Sən televizorda əzələ nümayiş etdirən insana həsədlə baxa bilərsən, amma məşq etməsən, o əzələni özün yığa bilməzsən. Kitab da belədir. İnternetdən çox informasiya əldə etmək olar, amma kitab oxumasan, beyin inkişaf etməz. Ümumiyyətlə, bu müqayisəni heç dilə gətirmək də düzgün deyil.

Kitab olmalıdır. Kitaba maliyyə ayrılmalıdır. Kitab insanın özünə qoyduğu investisiyadır. Əgər bir rayonu yaxşı görmək istəyirsənsə, orada mütləq kitab dükanları olmalıdır. Təkcə parklar salınmamalı, yerə daşlar döşənməməlidir, həm də mütləq kitab dükanları olmalıdır. Görürsən ki, böyük saraylar var, amma içərisində heç nə yoxdur.  Baxırsan ki, yaxşı bir tibb mərkəzi yaradılıb, amma içərisində heç nə yoxdur. 

İndi Azərbaycanda mütəxəssis qıtlığı var. Ona görə ki vaxtında kitaba, təhsilə investisiya qoyulmayıb. Deməyim odur ki, Gəncə sərgisi gözəldir, yaxşıdır, amma bir çiçəklə bahar olmur. Bir dəfə ilə məsələ bitmir. Orada kitab dükanları, kitabxanalar olmalıdır. Onlar da yeni kitablarla təmin olunmalıdır. Dövlət strukturları bu işdə maraqlı olmalıdırlar. Çünki hələ ki yeganə kapital dövlət strukturlarındadır. 

Biznesmenlərə şərait yaradılmalıdır, güzəştlər olunmalıdır ki, orada müəyyən işlər görsünlər. 

Mən bir iş adamı olaraq gedib orada kitab dükanı açıramsa, istəyərəm ki, mənə pulsuz yer və yaxud da kredit versinlər. İnsanlara şərait yaratmalıdırlar ki, onlar da mədəniyyətimizin və kitabımızın inkişafı üçün xeyirxah işlər görsünlər. 

- Ümid edək ki, bu sərgi, sizin bu çağırışınız məsul şəxsləri hərəkətə keçirər.

- İnşallah. 

Müəllif: Aləmdə Nəsib