Bədənimiz bu cinayətləri törətmək, ruhumuz isə onların borcunu qaytarmaq üçün yaradılıb
Üst-üstə yığılmış işlərin arasından vaxt tapıb pəncərədən boylanırsan ki, yaz Günəşi ilə burun-buruna gəlirsən. Gözünü qamaşdırsa da, qış yuxusundan təzəcə oyanan həşəratlar kimi istisinə sığınıb, xumarlanmaq xoşuna gəlir. Əynindəki bütün dərdlərini soyun, xilas ol başının üstünü alan qara buludlardan, yorğanın altında gizlətdiyin tənhalığı boşa və səadətinlə seviş, sevin bu qışdan sağ çıxdığına.
Paltarların da köhnəlib, həm qalındır, həm də çirklənib köhnə məhəbbətlərin kimi. Üstündən çıxarıb atmağa nə qədər pis xatirələrin var. Hamısının hesabını vermədən qaç, bir daha düşmə bu adil hakimin toruna. Yoxsa sabah sənə də növbə çatacaq və edam kürsüsündə daş-qalaq olunacaqsan.
Hara qaçmalı bəs? Gecələr Tanrı, gündüzlər isə şəhərin təhlükəsizlik kameraları addımımızı bir-bir izləyir. Gizli heç nəyimiz yoxdur bu həyatda, hətta özümüzdən də gizlətməyə çalışdığımız günahları mütləq bir biləni var. Ən sadiq dostumuza da etibar etmədiyimiz sirlərimizi məşhər ayağında heç vaxt üzünü belə, görmədiyimiz o yad, tanımadığımız və hakim libasında qarşımıza çıxıb bizə meydan oxuyan birinə asanca etiraf etdiyimiz dünyada yaşamırıqmı?
Qaçdığımız hər şeydə bir günahımız qalıb, demək. Bütün xatirələrimiz işlətmədiyimiz cinayətlərlə doludur. Hamısını da toplayıb qiyamətə hədiyyə aparacağıq. Bədənimiz bu cinayətləri törətmək, ruhumuz isə onların borcunu qaytarmaq üçün yaradılıb.
Üzünü daha çox gördüklərimiz gün gəlir, həsrətini ən çox çəkdiklərimizə çevrilir. Ölüm yalnız onları xatırlayanda yadımıza düşür və Tanrının bütün buyruqlarına onların xatirinə əməl edirik. İtirdiyimiz doğmalarımıza nə qədər tez qovuşmağı arzulasaq da, o qədər gec ölmək istəyirik. Qorxuruq axı.
Ancaq ölməkdən deyil, yaşamamaqdan qorxuruq. Çünki ən nikbin dindarın belə, öləndən sonra əbədi dünyanı qazanacağına şübhələri sevdiyi qadına olan məhəbbəti qədər sonsuzdur. Ona görə də bütün mübarizələrdən sağ çıxmağa çalışırıq. Bütün mükafatlardan, ən böyük titullardan da dəyərlidir sağ qalmaq, hətta tarixdə yaşamaqdan da.
Bəlkə də, ən nikbin dindarlar elə intihar edənlərdir. Bu həyatın əzablarından, işgəncələrindən qaçıb yeni yuva qurmağa tələsirlər. Əslində, onlar özlərini yox, qorxularını öldürürlər. İndi peşman olsalar da, döyüşdən təzəcə sağ çıxmış, zəfərin medallarını döşlərində gəzdirən veteranlar kimi əbədiyyətə hələ də inanırlar.
Niyə hərəkətsiz dayanmısan belə? Gözlərini də qırpmırsan? İşlərin başından aşıb-daşır, sən isə oturub Günəşlə dərdləşirsən. Yox, hisslərinə yalan danışma! Səni cazibəsi ilə həbs edənlərə bircə bənd şeir qoşub vəsf edə bilmirsənsə, vaz keç bu sevdadan.
Bəs istisindəki bu xumarlıq nədir, görəsən? Bizdən yuxarıda, əlimiz çatmayan nə varsa, kim varsa, həmişə mərhəmətinə sığınmağa borcluyuq, bəlkə? Yoxsa pəncərədən üstünə saldığı şəfəqlərini qışın sərt, qalın yorğanından xilas yolu, azadlığa qucaq açan üfüq kimi görürsən? Yaxınlaş pəncərəyə, qorxma, bir az da qaldır jalüzü və öpməyə çalış nəfəsini, necə ki, ayrılanda etmişdin sonuncu dəfə...