Fransa yox, Türkiyə olsun: Milli Məclisdə Minsk Qrupu “atəşə” tutuldu

Siyasət

06.10.2020 - 13:23

Əli Məsimli: “Minsk Qrupuna mandat verilmişdi ki, BMT-nin 4 qətnaməsini yerinə yetirsin”

 

Məlahət İbrahimqızı: “Fransanın həmsədrlikdən çıxarılması ilə bağlı məktub hazırlamalıdırlar”

 

Hikmət Babaoğlu: “Makron özünə hörmət edən dövlət başçısı kimi Fransa həmsədrlikdən istefa verdiyini açıqlamalıdır”

 

Milli Məclisin bu gün keçirilən iclasında ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi məsələsi müzakirəyə çıxarılıb. AYNA-nın xəbərinə görə, deputat Əli Məsimli deyib ki, ABŞ, Rusiya və Fransa XİN başçılarının verdiyi bəyanat təəssüf doğurur.

 

“Bununla da Minsk Qrupunun həmsədr ölkələri onların saymazlıq nümayiş etdirirlər. Minsk Qrupuna mandat verilmişdi ki, BMT-nin 4 qətnaməsini yerinə yetirsin. Təəssüf ki, buna nail ola bilmədilər. Minsk Qrupunun görməli olduğu işi şanlı Azərbaycan Ordusu edir”, - deyə Məsimli bildirib.

 

Millət vəkili qeyd edib ki, Ermənistan mülki əhalini hədəf almaqla məğlub olduğunu göstərir: “Azərbaycan həm diplomatiyada, həm informasiya savaşında, həm də cəbhədə üstünlük qazanıb. Bu səbəbdən də düşmən obyektlərimizi, dinc sakinlərimizi atəşə tutdu. Dünya səviyyəsində bu məsələyə qiymət verilməlidir. Çünki bu birbaşa  cinayət işidir”.

 

“İşğala nəruz qalanla, işğalçı arasında heç bir fərq qoymalıdar”. Bu sözləri isə xanım deputat Məlahət İbrahimqızı deyib. Millət vəkili təklif edib ki, Fransa ATƏT-in Minsk Qrupundan çıxarılmalıdır: “Deputat həmkarlarım Fransanın həmsədrlikdən çıxarılması ilə bağlı məktub hazırlamalıdırlar. Bu, vacibdir. Bir də 30 il gözləməyək ki, bu məsələyə nə vaxt baxacaqlar?”.

 

Deputat Hikmət Babaoğlu isə deyib ki, çox tarixi mühüm günlər yaşayırıq: “Hər şeydən öncə, bu sevinci, bu qələbəni xalqımıza yaşadan Ali Baş Komandanımıza və müzəffər Azərbaycan Ordusuna təşəkkür edirik. Əslində Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bildirdi ki, bu gün yeni tarix yazırıq. Bu tarix Azrbaycanın millət olaraq yenidən doğuluşu tarixidir. Bu, təkcə bizim torpaqlarımızın işğaldan azad olunması hadisəsi deyil. Ruhumuzun millət olaraq əsarətdən qurtuluşu tarixidir, yaddaşımızın bərpası tarixidir. Bu sevincli günlərdə ordumuza dualar edir, yeni zəfərlər arzulayırıq”.

 

“Azərbaycan ordusunun cəbhədə azad hərəkətini təmin etmək üçün bu vaxta qədər böyük diplomatik-siyasi işlər görülüb. Qlobal ictimai rəy Azərbaycanın leyhinə dəyişdirilib. Bu gün bəzi istisnalar olmaqla, heç kim Azərbaycanın haqlı mövqeyini qınaya bilmir. Təəssüf ki, bu proseslərdə problemin həllinə töhfə verməli olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti xüsusən Fransanın fəaliyyəti təəccüb və təəssüf doğurur. Fransa Pezidentinin “biz icazə vermərik ki, Qarabağ yenidən fəth olunsun, biz sona qədər müqavimət göstərəcəyik” bəyanatınan sonra özünə hörmət edən dövlət başçısı kimi Fransa həmsədrlikdən istefa verdiyini açıqlamalıdır. Əgər o müstəqil bir dövlət başçısı kimi bu fikirləri səsləndirirsə buyursun, ancaq tərəfsizliyini itirdiyi halda Minsk Qrupunun həmsədri olan bir ölkənin başçısı kimi bu bəyanatı verməməli idi”, - deyə Babaoğlu vurğulayıb.

 

Deputatın qənaətincə, Fransa Azərbaycan əleyhinə lobbiçilik etməyə başlayıb və digər həmsədrləri radikal qərarlar qəbul etdirməyə çalışır: “Üzvü olduğu beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar verdirməyə çalışır. Bu, yolverilməzdir. Əgər Fransanın Prezidenti bunu bir neçə yüz min erməninin səsini almağa görə edirdisə, doğru etmir. Çünki fransız xalqı beynəlxalq hüququ, ali dəyərləri mənimsəmiş xalqdır. Əslində Emmanuel Makron bu qərəzli mövqeyi ilə məhz fransız xalqının səsini itirmiş oldu. Düşünürəm ki, bundan sonra bizi diplomatik müstəvidə daha çətin və gərgin danışıqlar prosesi gözləyir. Biz buna hazırlaşmalıyıq və Minsk Qrupunun yeni həmsədrlərindən biri Türkiyə olmalıdır”.

Müəllif: Ayna.az