Məhəmməd Mustafa: “Qəzzanın yenidən qurulması yeni regional nizam üçün zəmin yaradacaq”
Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa ABŞ və Səudiyyə Ərəbistanının köməyi ilə Qəzza zolağının yenidən qurulmasını istəyir. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr qeyd edib ki, İsrail ilə HƏMAS hərəkatı arasında müharibə rəsmən başa çatdıqdan sonra Qəzzaya kimin nəzarət edəcəyi və onu yenidən quracağı, atəşkəs prosesi zamanı müzakirə olunan məsələlərdən biridir. Bu məsələdə dialoqda Fələstin Muxtariyyəti də iştirak edir.
Mustafa bildirib ki, Qəzzanın yenidən qurulması yeni regional nizam üçün zəmin yaradacaq: “Çünki bu, ABŞ və Amerika lideri Donald Trampın çoxdankı hədəfi olan İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşdırılmasını əhatə edəcək və HƏMAS-ın təsirini zəiflədəcək”.
Fələstin administrasiyasının Baş naziri Trampın köməkçiləri ilə ilkin təmaslara dair nikbinliyini ifadə edib, lakin ABŞ liderinin müharibədən sonrakı bərpa işləri çərçivəsində Qəzzanın 2 milyondan çox sakininin əksəriyyətini Misir və İordaniya kimi ölkələrə köçürmək ideyasını rədd edib: “Bu administrasiyanın həqiqətən hamımıza düzgün sövdələşməyə, regionda münaqişəyə son qoyacağına ümid etdiyimiz balanslaşdırılmış razılaşmaya nail olmağa kömək edəcəyinə inanmaq üçün hər cür əsasım var”.
Bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirmişdi ki, Qahirə Trampın təklif etdiyi fələstinlilərin köçürülməsində iştirakdan imtina edib. O, Amerika liderinin İordaniya və Misirin Qəzza zolağının sakinlərini qəbul etməsi zərurəti ilə bağlı bəyanatını “ədalətsizlik aktı” hesab edib.