Faşizm: bütün dəhşəti və riyakarlığı ilə

Dünya

21.07.2022 - 18:24

Rusiyanın Ukraynadakı cinayətlərinin sonu yoxdur

Rusiyanın “xüsusi əməliyyatı” bütün məqsədlərinə çatanda başa çatacaq, əsas - səmərəlilikdir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, həmçinin qeyd edib ki, Rusiya hərbçiləri Putindən "mülki insanlara zərər verməmək və ehtiyatla işləmək" əmri alıblar. Peskovun demək olar ki, hər bir sözü yalan və sinizmdir.

Çünki Rusiyanın Ukraynaya qarşı müharibədəki məqsədləri əvvəlcədən yalan idi. Müstəqil dövlətə qarşı genişmiqyaslı müharibənin hələ də “xüsusi əməliyyat” adlandırılması nə deməkdir? Və bu, generallar və polkovniklər də daxil olmaqla 40 minə yaxın rus hərbçisinin artıq bu müharibədə məhv olmasına baxmayaraq davam edir. Məhv edilən Rusiya hərbi texnikasının miqyası da böyükdür. Deməli, bu, “xüsusi əməliyyat” deyil, genişmiqyaslı müharibədir.

Bu müddət ərzində rus işğalçıları artıq bəşəriyyətə qarşı çoxlu cinayətlər törədiblər. Belə ki, iyulun 17-nə olan məlumata görə, Kiyev vilayətində işğalçıların əli ilə həlak olmuş yerli sakinlərin 1346 cəsədi tapılıb, daha 300 nəfər itkin düşüb. Bunu Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov açıqlayıb. Putinin "mülki insanlara zərər verməmək və diqqətli işləmək" əmri haqqında bilmək üçün kifayət qədər belə fakt var.

Buça, İrpen, Qostomeldə dinc Ukrayna əhalisinin soyqırımı, bir vaxtlar çiçəklənən Mariupolun xarabalığa çevrilməsi, Nikolayev, Xarkov, Odessa, Dnepr və Ukraynanın bir çox başqa şəhərlərinə raket hücumları - bütün bunlar Rusiya Federasiyası rəhbərliyinin saxtakarlığının sübutudur. Reallıqda isə bütün Ukraynanı ələ keçirə bilməyən və döyüş meydanında böyük itkilər verən Rusiya ordusu qəzəbini dinc şəhərlərdən çıxarır, yaşayış binalarına, heç bir hərbi təyinatı olmayan obyektlərə zərbələr endirir.

Kiyevdə, İrpendə, Buçada, Xarkovda, Nikolayevdə, Dneprdə, Odessada olan hər kəs buna əmin ola bilər. Amma məsələ ondadır ki, Kreml heç vaxt həqiqəti etiraf etməyəcək. Aşkar olanı total inkar etmək siyasəti onların köhnə adətidir - təhdid və şantaj siyasəti ilə yanaşı.

Buna sübut Rusiya Federasiyasının eks-prezidenti, hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin növbəti qalmaqallı bəyanatıdır. “Pul yoxdur, amma siz dözün” ifadəsi ilə tanınan siyasətçi deyib: “Ukrayna rəhbərliyi Krıma hücum olacağı təqdirdə dərhal qiyamət gününü yaşayacaq, özü də sığınacaq şansları olmayacaq”.

Əslində, bu, Rusiyanın müharibəyə başladığı müstəqil dövlətin rəhbərliyinə qarşı terror aktı təhlükəsidir.

Medvedyev, deyəsən, hüquqşünasdır və bunu başa düşməyə bilməz. Həm də ilhaq sözünün mənasını bilməyə bilməz. İlhaq - Rusiyanın Ukrayna Krımı hesabına "böyüməsi"nin nəticəsidir. Amma Medvedyev indi hər yerdə çıxış edir. O, Rusiya hakimiyyətinin ən zirvəsinə qayıtmağa çalışır, buna görə də özünü ən nəhəng "müharibə şahini" kimi göstərir.

“Partiya və hökumətin xəttini” başa düşən bir çox siyasətçilər indi Rusiya Federasiyasında isterika qaldırırlar. Belə ki, Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andriy Klişas bildirib ki, Ukrayna tərəfdən Krıma və ya Krım körpüsünə hücum təhlükəsi bütün Ukrayna ərazisində “nazifikasiya və demilitarizasiya”nın həyata keçirilməli olduğunu təsdiqləyir.

Gördüyünüz kimi, yenə təhdidlər eşidilir, yenə yalanlar yağır, sağlam düşüncə, əxlaqa yenə göz yumulur. Klişas Ukraynanın dinc şəhərlərinin, ukraynalı qocaların, qadınların və uşaqların öldürülməsi və bombalanmasının davam etdirilməsini təklif edir. Son vaxtlara qədər yalan və riyakarcasına “qardaşlıq” adlandırılan Rusiyanın Ukraynaya qarşı müharibə aparması faktının anormallığı onun ağlına da gəlmir.

Yalan, rüsvayçılıq və ikiüzlülük Rusiya telekanallarından fırtınalı axınla yağır. Məsələn, teleaparıcı Andrey Norkin Vinnitsada raketlə həlak olan üç uşağın ölümünü “müşayiət edilən itki” adlandırıb. Bu, bütün dəhşəti ilə rus faşizmidir! “Çürüməkdə olan Qərb”in heç bir ölkəsində bir teleaparıcı belə bir şeyi dilə gətirməyə cəsarət etməz. Çünki bu, məhkəməlik işdir. Bu, konkret, uzun həbs müddətidir. Amma Norkin Rusiyada indiki “oyun qaydaları”nın nə olduğunu başa düşür.

Hərbi ekspert İqor Korotçenko da bunu başa düşür. O, Azərbaycanda Qarabağ münaqişəsi ilə bağlı şərhləri ilə tanınır. Bu barədə danışan Korotçenko adekvatlıq nümayiş etdirir. Ancaq Ukraynadakı vəziyyət haqqında danışmaq lazım olanda dərhal adekavtlıq onu tərk edir. Nümunə olaraq Korotçenkonun Olqa Skabeyeva ilə “60 dəqiqə” verilişində verdiyi açıqlamaları göstərəcəm.

"Cinayət törədilib - qisas olmalıdır! Qeyri-Ukrayna bölgələrini atəşə tutublar - Rusiyaya atəş açıblar! Xerson vilayəti Rusiyadır! Zaporojye Rusiyadır! Xarkov Rusiyadır! Nikolayev Rusiyadır! Bizi atəşə tuturlar! Biz etməliyik! Bütün dəmir yolu infrastrukturunu dağıdın! Körpüləri vurun! Dneprdəki bütün körpüləri yıxın! Ukraynanın dövlət və hərbi nəzarət mərkəzlərinə zərbə endirin! Qərb liderləri Kiyevə gəlməkdən qorxmalıdırlar! Biz Zelenskini dizi üstə sürünməyə məcbur etməliyik. Tam və qeyd-şərtsiz təslim olduğunu imzalayacaq!", - deyə o bildirib.

Gördüyünüz kimi, həyasız yalan yenidən səslənir. Ukraynanın bütün vilayətləri “rus torpaqları” elan edilib. Korotçenko terror aktlarına çağırır. Və bütün bunlar birtəhər Peskovun Putinin “mülki əhali arasında ziyana yol verməmək və diqqətli işləmək” əmri ilə bağlı postulatını təkzib edir. Niyə? Bəli, çünki Rusiyanın əsl məqsədi Ukraynaya, onun xalqına maksimum ziyan vurmaqdır. Qarşımızda Rusiya Federasiyasına heç vaxt hücum etməyən və sadəcə özünə uyğun hesab etdiyi kimi yaşamaq istəyən bir ölkəyə terror, hədə-qorxu siyasəti, təzyiq cəhdləri var.

Müəllif: Əkbər Həsənov