“Exchange”lər qayıdır, amma: həm arxasında, həm də önündə sual işarələri ilə

İqtisadiyyat

09.06.2023 - 10:18

Deputat: “Şənbə və bazar günləri banklar işləmir, əhali əlindəki valyutanı dəyişməkdə çətinlik çəkir”

İqtisadçı: “Yenilik gözləmirəm, düşünürəm ki, inhisarçılıq davam edəcək”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki,  Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq. Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur.

“Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur", - deyə Kazımov bildirib.

Xatırladaq ki, Azərbaycanda “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur.

Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır. Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.

Qeyd etmək lazımdır ki, valyuta mübadilə məntəqələrinin ləğvindən sonra ciddi problemlər meydana çıxdı. Həftəsonları, qeyri-iş saatlarında və qeyri-iş günlərində bank filialları işləmədiyi üçün milli valyutasını təcili əcnəbi valyutaya, yaxud da əksinə çevirmək istəyən vətəndaşlar çıxılmaz duruma düşdürlər. Eyni problemlə ölkəyə gələn xarici turistlər də üzləşirlər. Üstəlik, valyuta əməliyyatları zamanı bank filiallarında uzun növbələr əhalini narazı salır.

Hələ o zaman bu qərar verilərkən ekspertlər bunun doğru olmadığını bəyan edirdilər. Görəsən, nə baş verdi ki, AMB 7 il öncə verdiyi qərarı dəyişməli oldu?

Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev AYNA-ya açıqlamasında Azərbaycanda valyuta məntəqələrinin fəaliyətinin genişləndirilməsinə ciddi ehtiyac olduğunu deyib: “Xüsusilə regionlarda valyuta məntəqələrinin sayının çoxaldılmasına zərurət var. Təsəvvür edin ki, valyuta məntəqələrinin sayının çoxluğu, valyuta dəyişmə əlçatanlığı həm turizmin inkişafına şərait yaradır, həm də əhalinin ehtiyaclarına müvafiq şəkildə tənzimlənməlidir. 2016-cı ilə qədər həm paytaxtda, həm də regionlarda valyuta məntəqələri fəaliyyət göstərirdi. Sonradan isə onların fəaliyyəti dayandırıldı. Yalnız banklarda, onların filiallarında valyuta dəyişmək mümkündür”.

“Nəzərə alsaq ki, banklar təkcə bu xidməti göstərmir, orada digər xidmətlər də göstərilir, həmin xidmətlər zamanı da ödənişlər eyni kassalarda olur, bu, əlavə vaxt itkisinə səbəb olur. Şənbə və bazar günləri isə ümumiyyətlə valyuta dəyişmək mümkün deyil. Əhali əsasən istirahət günlərində turistik obyektlərə üz tutur, həmin günlər də valyuta dəyişmək imkanlarının məhdud olması ciddi problemlər yaradır”, - deyə deputat bildirib.

Quliyev AMB-nin yeni qərarını təqdir edir: “Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun bununla bağlı açıqlaması oldu. Tamamilə düzgün qeyd olunur ki, “exchange”lər müasir tələblərə cavab verməlidir. Yəni, “podyezd”də, “budka”da valyuta məntəqələri olmamalıdır. Müasir şərait yaradılmalı, tənzimlənən qaydalara müvafiq olaraq yeni valtuya məntəqələri fəaliyyətə bdaşlamalıdır. Bu, həm də iş yerlərinin artımına səbəb olacaq. Mərkəzi Bank rəhbərinin söylədiyi kimi, institusional valyuta mübadilə məntəqələri biznesi kimi yeni təsisatın yaranması çox yaxşı və yerində verilmiş bir qərar olardı”.

İqtisadçı alim, keçmiş deputat Nazim Bəydəmirli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, bu sahədə də tələb-təklif anlayışı işləmir: “Bütün qərarlar inzibati qaydada verilir. Bazarın monitorinqi aparılmır. 2016-cı ildə valyuta məntəqələrinin fəaliyyəti qadağan edildi. Mərkəzi Bank tərəfindən banklara valyuta mübadiləsi üçün dörd faizlik gəlir imkanı yaradılıb. Heç bir bank bu qaydadan kənara çıxa bilməz. Bunun özü inhisarçılıqdır və bazar qanunları ilə tənzimlənmir”.

“Bu qərarı verəndə hesab edirdilər ki, bu yolla xaricə valyuta axınını qarşısını alacaqlar. Əslində isə ənənəvi qaydada bu sahə də inhisara alınırdı. Yəni, kökündən yanlış qərar idi”, - deyə həmsöhbətimiz vurğulayıb.

Bəydəmirli indiki vəziyyəti də məqbul hesab etmir: “Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı açıqlama verir. Lakin detalları barədə ictimaiyyətə məlumat verilmir. Bu dəfə də rəsmi dairələr sona qədər hansı qərar verəcəklərini ictimaiyyətdən gizlətməyə çalışırlar. Bütün bunlar göstərir ki, bu sahədə mövcud olan inhisarçılıq davam edəcək. Bu sahədə hər hansı ciddi dönüş olacağını gözləmirəm”.

Müəllif: Azər Niftiyev