Ermənistanın niyyəti artıq hər kəsə bəllidir - <font color=red> Rusiyanı müharibəyə cəlb etmək</font>

Siyasət

09.10.2020 - 15:49

“Danışıqlar prosesi işğal rejiminin davam etməsinə xidmət edirsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsdiqlənmiş milli maraqlarına əsaslanaraq hərəkət etmək hüququna malikdir” - İqor Semivolos

 

Qarabağda yaşanan şiddətli döyüşlər bütün dünyanın diqqətindədir. AYNA mövzu ətrafında, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, ukraynalı politoloq İqor Semivolos ilə həmsöhbət olub.

 

- Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində, getdikcə daha çox ərazimiz işğaldan azad edilir. Bunların qaçılmaz olmasının çoxdan bəlli olduğu ilə razısınızmı?

 

- Dünyada qaçılmaz heç bir şey yoxdur, amma situasiyaya təsir edən şərtlər var. Bu vəziyyətdə uzunmüddətli sülh prosesinin, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən ələ keçirilmiş bütün Azərbaycan ərazilərinin azad edilməsini tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrindən irəli gələn bir nəticəyə gətirib çıxara bilmədiyini söyləyə bilərəm. Zənnimcə, yuxarıdakı qətnamələrin icrası, yalnız münaqişə tərəflərinin beynəlxalq hüquq prinsipləri əsasında həll etməyə eyni dərəcədə hazır olması şərti ilə baş verə bilər. Əgər belə bir istək yoxdursa və danışıqlar prosesi, əksinə, işğal rejimini davam etdirmək üçün istifadə olunarsa, zərərçəkmiş tərəf özünün müdafiə hüququndan istifadə edərək, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsdiqlənmiş milli maraqlarına əsaslanaraq hərəkət etmək haqqına malikdir.

Игорь Семиволос: Для Кремля война в Карабахе – лишний гемор

- Ermənistan ordusu Azərbaycanın mülki yaşayış məntəqələrinə - Gəncə, Mingəçevir, Tərtər şəhərlərinə və hətta, Abşeron yarımadasına zərbələr endirir. Bunu necə qiymətləndirirsiniz?

 

- Burada, təəssüf ki, hər şey aydındır. İrəvanın məqsədi münaqişəni mümkün qədər beynəlmiləlləşdirmək və ilk növbədə Rusiyanı KTMT üzvü olaraq Ermənistan tərəfindən birbaşa döyüşlərə cəlb etməkdir. Bu məqsədlə, Bakının birbaşa Ermənistan ərazisinə cavab olaraq zərbə endirəcəyini gözləyərək, Azərbaycanın infrastruktur obyektlərinə hücumlar edir.

 

- Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, əslində, ölkəmizə mənəvi dəstək verdi. Bu mövqe yalnız Ukraynanın özünün Rusiya tərəfindən dəstəklənən işğal və separatizmin qurbanı olması ilə bağlıdır?

 

- Ukraynanın Xarici İşlər naziri Dmitro Kulebanın bəyanatında Ukraynanın mövqeyi çox açıq şəkildə ifadə olunur. Sitat gətirirəm: “Azərbaycanın dünya tərəfindən tanınmış sərhədləri daxilində ərazi bütövlüyü beynəlxalq gündəmdə olan bir məsələdir, Ukrayna bu məsələdə hər zaman Azərbaycanı, Azərbaycan da Ukraynanı dəstəkləyib. Və burada danışılmalı başqa bir məsələ yoxdur”. Üstəlik, ölkəmizin bu mövqeyi 1991-ci ildə müstəqillik qazandıqdan başlayaraq, heç zaman dəyişməyib. Təbii ki, Rusiyanın təcavüzü, Krımın ələ keçirilməsi və ilhaqı, həmçinin Rusiyanın ölkənin şərqindəki Ukrayna ərazilərini işğal etməsi, yalnız ərazi bütövlüyü prinsipini dəstəkləyən mövqeyimizi gücləndirir.

 

- Ukrayna Sosialist Partiyasının rəhbəri İlya Kivanın münaqişə ilə əlaqədar “Ukrayna bu münaqişədə Ermənistanı dəstəkləməlidir” sözlərini necə şərh edərdiniz? Bu, onun əvvəllər Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri, erməni Arsen Avakovun müşaviri vəzifəsini tutması ilə əlaqədardırmı?

 

- İlya Kiva uzun müddətdir ki, Ukrayna siyasətində açıq təlxək rolunu oynayır, lakin bu halda onun açıq video-mesajında Ukrayna Cinayət Məcəlləsinin 161-ci maddəsi “Vətəndaşların irqinə, milliyyətinə və ya dini etiqadlarına görə bərabərliyinin pozulması” maddəsi ilə cinayət əməli əlamətləri var. Əvvəllər Daxili İşlər naziri Arsen Avakovun müşaviri vəzifəsində çalışmasının özü, əlbəttə ki, iki siyasətçi arasındakı mövcud əlaqə kimi qəbul edilə bilməz, lakin nazir Ukrayna cəmiyyətindəki sülhü və mehriban qonşuluğu zədələyən bu açıq, təxribat xarakterli açıqlamalara diqqətlə yanaşmalıdır.

 

- Azərbaycanın hərbi-siyasi uğurlarına baxaraq, Ukrayna özü üçün hansı nəticələr çıxara bilər?

 

- Bu məsələ ilə bağlı bir neçə düşüncəm var. Şübhəsiz ki, arsenalda və masada münaqişənin həlli üçün bütün variantlar - danışıqlar prosesindən hərbi həll yoluna qədər - olmalıdır və uyğun şərtlər yarandıqda onları tətbiq etməyə hazır olmaq lazımdır. İkincisi, ən yaxşı halda “dərin narahatlıqlarını” ifadə edən tərəfdaşlarınızla yanaşı, çətin anlarda sizə real dəstək olmağa hazır olan müttəfiqləriniz də olmalıdır. Üçüncüsü, yeni nəsil müharibələrindəki qələbələrin çox dəqiq, ancaq düşmənə sarsıntı yaşadan təsirli zərbələr endirməyə qadir olan müasir silahların olub-olmamasından asılı olduğunu anlamalısan. Dördüncüsü, hərbi uğur şəraitində belə, müharibədəki qələbənin, nəhayət danışıqlar masasında təsdiqlənməsini xatırlamalı və buna hazır olmalısan.

Müəllif: Əkbər Həsənov