Ermənistanın hər yerində Paşinyana qarşı aksiyalar keçirilir

Dünya

08.12.2020 - 16:53

İrəvanda etirazçılar metropolitenin fəaliyyətini dayandırıblar

 

Ermənistan müxalifəti bu gün də paytaxt İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirib. AYNA erməni mediasına istinadən bildirir ki, aksiyaçılar İrəvan metrosunda qatarların hərəkətini dayandırıblar.

 

Metropoliteninin mətbuat katibi Tatev Xaçatryan deyib ki, fəallar “Qorsaranain” stansiyasının içərisində aksiya keçirib, qatarların hərəkətini dayandırdılar. Bütün metropolitenin fəaliyyəti dayandı”.

 

Etiraz aksiyası həmçinin, İrəvanın mərkəzində, paytaxt ətrafında və Ermənistanın bütün vilayətlərində keçirilir. Ararat şəhərində hökumət başçısının tərəfdarları və əleyhdarları arasında toqquşmalar qeydə alınıb. İnsident zamanı bir neçə fəal saxlanılıb. Polis eyni zamanda,  müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi, “Erkir Media” telekanalının xəbər bloku portalının rəhbəri Geqam Manukyanı həbs edib.

 

“Nikolsuz Ermənistan”, “Nikol getməlidir”, “Nikol torpaqlarımızı satıb” şüarları səsləndirən müxalif fəallar paytaxtın əsas yollarında və prospektlərində hərəkəti dayandırıb, şəhərdə böyük tıxaclar əmələ gəlib.

 

Qeyd edək ki, dekabrın 5-də 17 partiyadan təşkil olunan “Vətənin xilası uğrunda komitə” Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirərək onun dekabrın 8-dək istefa verməsi barədə ultimatum irəli sürmüşdü.

Müəllif: Ayna.az