Ermənistan Konstitusiyası dəyişməsə... - Sülhə əngəl fonunda barış bəyanatları

Siyasət

15.06.2024 - 10:34

Həkimlər Klinikalar SEO Xidməti

Zərdüşt Əlizadə: “Ermənistan Konstitusiyasında yazılan səfeh, axmaq sözlərin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən sülh sazişi barədə bəyanat verib. Paşinyan parlamentdə jurnalistlərlə söhbətində deyib ki, İrəvan bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib: “Bu, o deməkdir ki, bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin hazırkı mətni kifayət qədər yetkindir və son nöqtələr əvvəllər təsdiq edilmiş ikitərəfli sazişlər əsasında düzəldilə, yekun formaya gətirilə və imzalana bilər. Azərbaycan Prezidentinin özü bəyan etdi ki, rəsmi Bakı Praqa sazişlərinə və Almatı bəyannaməsinə sadiqdir. Biz bu prinsipləri Brüssel, Soçi və Praqadan gələn bəyanatlarda təsbit etmişik”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən Bakı sülh müqaviləsi imzalamayacaq: “Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qalarsa, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə mümkün deyil”.

Paşinyanın son açıqlamasından isə belə başa düşülür ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmək niyyətində deyil. Ekspertlər isə bunu İrəvanın yenidən sülh sazişini uzatmaq niyyəti kimi qiymətləndirirlər. Analitiklərin sözlərinə görə, Ermənistan Konstitusiyası sülh sazişinə əngəldir.

Politolioq Zərdüşt Əlizadə mövzu ilə bağlı AYNA-ya müsahibəsində deyib ki formal olaraq, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəa sülhə mane olur:

- Amma əməli olaraq, bu, əngəl deyil. Ermənistan Konstitusiyasında həqiqətən də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi haqqında müddəa var. Bu, beynəlxalq hüquqa da ziddir, iki qonşu dövlətin yanaşı mehriban şəkildə yaşaması ideyasına da ziddir. Eyni zamanda, bu, erməni xalqının mənafelərinə də ağır zərbədir. Vaxtilə erməni xalqı havalanmışdı, Moskvaya güvənirdi, Azərbaycanın zəifliyinə əmin olan zaman belə bir səfeh müddəanı öz ana qanunlarına yazıblar. O vaxt erməni radikalları bununla çox qürrələnirdilər. Amma anlamırdılar ki, bu müddəa vaxt gələcək erməni xalqının gələcəyinə zərbə vuracaq. Bu gün həmin an gəlib çatıb. Azərbaycan qələbə qazanıb, Ermənistan ordusu darmadağın edilib, zəifləyib, beynəxalq hüquqa da söykənə bilmir. Ermənistanın əhalisi parçalanıb, dərin böhran içərisindədirlər. Belə bir halda Ermənistan hakimiyyətinə Azərbaycanla sülh sazişi imzalamaq hava və su kimi lazımdır. Çünki bu müqavilə bağlandıqdan, Türkiyə ilə münasibətlər tənzimlənəndən, münasibətlər bərpa olunandan sonra sərhədlər açılacaq. Bu, Paşinyanın böyük qələbəsi olacaq. Bunu anlayan erməni müxalifləri sanki son döyüşə atılıblar. Mafiozları qabağa veriblər, keşiş Qalstanyanı hardansa tapıb ortaya çıxarıblar, etirazlara başlayıblar. Amma bununla belə, Paşinyanı devirməyi bacarmırlar. Sülh sazişinin imzalanması Paşinyanın erməni müxalifləri üzərində qələbəsi olacaq. Amma Azərbaycan bəyan edir: Konstitusiyanı dəyiş, ərazi iddiasına rəsmi son qoy, sənədi imzalayaq. Azərbaycan formal olaraq haqlıdır.

- Bəs niyə Paşinyan bu qələbə üçün konstitusiya referendumuna getmək istəmir və bunu istisna edir?

- ABŞ-ın, Ermənistandakı təşkilatları dəqiq, səlis sorğular keçiriblər. Paşinyanın Ermənistanda reytinqi 75 faizdən 17 faizə düşüb. Düzdür, Paşinyanın reytinqi hələ də ən yaxın rəqibi, keçmiş Prezident Robert Köçəryanın reytinqindən 8 dəfə çoxdur. Bu gün erməni cəmiyyətində Köçəryanın reytinqi 2-3 faiz civarındadır. Paşinyan anlayır ki, 17 faizlik reytinlə labüd olan konstitusiya dəyişikliyinə getsə, çox güman ki, mənfi nəticələr əldə edəcək. Bundan sonra cəmiyyət istəyəcək ki, Paşinyan vəzifəsini tərk etsin və növbədənkənar seçkilər keçirilsin. Paşinyan isə vəzifəsini itirmək istəmir. Vəziyyət təxminə belədir.    

- Dediniz ki, Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı israrında haqlıdır. Əməli olaraq haqlı deyilik ki...

- Bilirsiniz, Ermənistan Konstitusiyasını dəyişməsə belə, heç nə dəyişmir. Konstitusiyada ərazi iddiası ilə bağlı müddəa qalsa da, Ermənistanın Azərbaycana yenə hücum etmək, Qarabağı işğal etmək gücü, qüdrəti yoxdur. Nə Azərbaycan 1990-cı illərin Azərbaycanıdır, nə də Ermənistan həmin Ermənistandır. Bundan sonra Qarabağa ermənilərin qayıdışı mümkünsüz görünür, Ermənistan ordusunun Azərbaycana qalib gəlməsi müəmmalıdır. Belədirsə, Ermənistan Konstitusiyasında yazılan səfeh, axmaq sözlərin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur.

- İndi zəif Ermənistan, məsələn, 30 ildən sonra konstitusiyasındakı iddiası əsasında yenidən təcavüz siyasətinə başlamaz ki? Yəni ermənilərin yenidən xam xəyala düşməyəcəyinin zəmanəti yoxdur...

- Bilirsiniz, bir neçə ildən sonra səfeh iddiaya düşmək istəsələr, təcavüzə, işğala cəhd göstərmək istəsələr, bunu edə bilərlər. Yəni konstitusiyada bu var, ya yoxdur, axmaq axmaqlığından qalmaz. Amma onların gələcəkdə işğal siyasətinə başlamaları ehtimalı azdır. Ermənistan Konstitusiyasında nə yazılmasından asılı olmayaraq, bundan sonra bizdən gəlib torpaq almaq şansı bitdi. Təcavüz, 30 illik işğal, təhqiramiz vəziyyət tarixin keçmişində qalıb. İndiki vəziyyət ondan ibarətdir ki, biz müzəffər xalqıq, güclü ordumuz var, Ermənistandan da qat-qat güclüyük. 

Bu gün Azərbaycana nə lazımdır – sülh. Hesab edirəm ki, yaranmış vəziyyətdən istifadə etmək, zaman uzatmdan sülh sazişi imzalanmalıdır. Bizə Ermənistan Konstitusiyasının dəyişib-dəyişməməyi məncə, lazım deyil. Azərbaycana lazım olan odur ki, sülh sazişi imzalansın, münasibətlər yaxşılaşsın, Ermənistan-Türkiyə münasibətləri normallaşsın. Əmin edirəm ki, bir müddət sonra Türkiyənin Ermənistan üzərində nüfuzu o həddə çatacaq ki, İrəvan Ankaradan asılı duruma düşəcək.

Onu da deyim ki, Ermənistana da Türkiyə ilə əlaqələrin normallaşması lazımdır. Ermənistan kiçik ölkədir, Türkiyə ilə ticarət o həddə çatacaq ki, dolanmaları birmənalı, Türkiyədən asılı olacaq. Bu gün Ermənistan təhlükəsizlik zəmanəti axtarışındadır. Sülhdən sonra Ermənistanın təhlükəsizliyində bir nömrəli zamin Türkiyə olacaq. Bu da bizə xeyirdir.  

Müəllif: Anar Bayramoğlu